Qarabağda “RUS ORDUSU” adlı PAZ... - ZİBİLƏ DÜŞMÜŞÜK...

Qarabağda “RUS ORDUSU” adlı PAZ...
“Rusiya sülhməramlıları Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb ediləcək”. Bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə keçirilən brifinqdə deyib.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin minatəmizləmə əməliyyatlarına cəlb olunması prosesi ilə bağlı müəyyən sənədləşmə işləri gedir: “Artıq onlar akkreditasiyadan keçirilir. Texnikalar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə cəlb olunacaq”.

Əslində yaxşı ideyadır. Qarabağda avaralanmaqdansa, xeyirli bir işlə məşğul olmaq daha məqbuldur. Bəs söhbət konkret hansı kontingentdən və müddətdən gedir? 2025-ci ilin noyabrından sonra da sülhməramlıların bu missiya üçün ərazimizdə qalması mümkünmü?

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-in sədri Emin Həsənli rus sülhməramlılarının Qarabağda qalmalarına heç bir ehtiyac görmür: “Rus sülhməramlılarının vaxtını uzatmağa artıq heç bir ehtiyac qalmayıb. Azərbaycanın suveren hüququ tam şəkildə bərpa olunub. Bu məsələ artıq Azərbaycanla Rusiya arasında qalıb. Ölkəmizə ərazilərimizin minalardan təmizlənməsi məsələsi də lazımdır. Dünyada hazırda ciddi proseslər gedir. Xüsusilə Rusiyanın başlatdığı Ukrayna savaşını qeyd etməliyik. Rəsmi Bakının Moskva ilə yaxın əlaqələri mövcuddur və onun üçün də bu məsələlərə praqmatik yanaşır. Hər şey Azərbaycanın milli və dövlət maraqları üçündür. Bəziləri boş-boş danışır ki, rus sülhməramlılarının ərazilərimizdə olması Rusiya bazasının olması anlamına gəlir. Bu qətiyyən belə deyil. Ortada konkret missiya var. Rusiyanın da bölgədə minalardan təmizləmə kontingenti olacaq. Onlar konkret hesabatlar verəcəklər. Mənə elə gəlir ki, dəqiq xəritələrin əldə olunmasında da müəyyən addımlar atılmalıdır. Biz bunları da yaşayıb, inşallah, görəcəyik”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bildirdi ki, mina məsələsi bu gün ölkəmizin üzləşdiyi ən mühüm humanitar problemlərdən biridir: “Bu gün Qarabağda bərpa və quruculuq işlərinə mane olan ən mühüm amil də məhz mina problemidir. Landmine Monitor (2023) hesabatına görə, günümüzdə dünyanın 60 ölkəsi minalarla çirkləndirilib və bunlardan biri də Azərbaycandır. Bu hesabata görə, Minaların qadağan olunması sazişi (1997) çərçivəsində 2023-cü ildə dünyada minatəmizləmə fəaliyyətinin təşkili üçün 913,5 milyon dollar vəsait ayrılıb ki, bunun da 18%-i Ukraynada minatəmizləmə işlərinə xərclənib. Qeyd edim ki, nə Ermənistan, nə də Azərbaycan bu müqaviləyə qatılmayıb. Bununla yanaşı, hesabata görə Azərbaycan minatəmizləmə işi üçün 2022-ci ildə 4 donordan (Avropa İttifaqı, ABŞ, Fransa, Yaponiya) ümumilikdə 10,4 milyon dollar beynəlxalq yardım əldə edib. Bu yardımın böyük hissəsi - 94%-i Avropa İttifaqı və ABŞ-ın payına düşüb. Ölkəmizdəki minatəmizləmə işinə beynəlxalq yardım 2021-ci ildə xeyli az, 1,4 milyon dollar olub. Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən minatəmizləmə işlərinin 90%-dən çoxu dövlətin maddi-texniki və maliyyə resursları hesabına həyata keçirilir və xarici yardım istənilən səviyyədə deyil. Ölkəmizə bu istiqamətdə beynəlxalq yardımın artırılması üçün rəsmi müraciət edilməsi məqsədəuyğun olardı.

Anlaşıldığı kimi, minatəmizləmə işi çox böyük vəsait və uzun vaxt tələb edir. Məsələn, Mozambik 22 il, Çili 21 il davam edən təmizlik işlərindən sonra minalardan təmiz azad edilmiş, Birləşmiş Krallığa aid Folklend adalarında təmizlik müddəti isə lap çox, 40 ilə yaxın davam etmişdir. Təbii olaraq, bu müddət münaqişənin həlli ilə də birbaşa bağlıdır. Belə ki, Azərbaycan 44 günlük müharibədən dərhal sonra minatəmizləmə işlərinə başlasa da, 2023-cü ilədək, yəni qondarma rejim tarixin arxivinə göndərilənədək separatçı qüvvələr ölkəmizə mina daşıyıb, ərazilərimizi minalarla çirkləndirməyə davam ediblər. 2021-ci ildə Ermənistanda istehsal edilən minaların Qarabağda tapılmasını xatırlaya bilərik".

Müsahibimiz Rusiya tərəfinin sülhməramlıların qalma müddətinin vaxtı çatanda müddəti uzatmağa cəhd edəcəyini qeyd etdi: “Rusiya Azərbaycan ərazisində hərbi dayaq olaraq sülhməramlıların fəaliyyətini davam etdirməkdə maraqlıdır. Odur ki, "sülhməramlılara" “fəaliyyət” görüntüsü bəxş etmək, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən minatəmizləmə işlərinə qatıldıqlarını bəyan edirlər. Əminliklə demək olar ki, bu addımın arxasında onların fəaliyyətinin 2025-ci ildən sonraya uzadılması məramı dayanır. Lakin “bu, Azərbaycanın milli maraqlarına nə dərəcədə cavab verir” sualı yaranır. Belə ki, Rusiya tarixən imperial güc olaraq dövlətlərin ərazisində öz hərbi varlığını təsis etməyə çalışır. Hazırda Ermənistanın KTMT-də fəaliyyətini dondurması, Qərblə işbirliyi, Avropa İttifaqına üzvlük yolunda irəliləməsi, Avropa İttifaqı və NATO tərəfindən silahlandırılması kimi məsələlər gündəmdə ikən Rusiyanın 102-ci hərbi bazası da Ermənistandan çıxarılarsa, Rusiya bu əməliyyatlara cavab üçün platsdarm olaraq Qarabağdakı bazadan istifadə edə bilər. Ermənistanın bu gedişlə “Ukraynalaşacağı” müzakirə olunarsa, bu, gözlənilən ssenaridir. Lakin bu, Azərbaycanın ərazisini birbaşa qlobal güclərin mübarizə meydanında hədəfə gətirə bilər. Üstəlik, regionda nizam və dəngələr dəyişərsə, Ermənistanda hərbi, yaxud siyasi çevrilişlə rusiyayönümlü hakimiyyət iqtidara gətirilə bilərsə, o zaman Rusiyanın vaxtilə Xocalıda mənzillənən 366-cı hərbi motoatıcı alayının fəaliyyətini də unutmamalıyıq. Çünki tarix hər zaman təkrarlanır və onu unudanları cəzalandırır".

Hərbi ekspert Səxavət Məmməd hesab edir ki, Rusiyanın minatəmizləmə prosesində iştirak niyyətinin arxasında rus sülhməramlıarının Qarabağda saxlanılması məqsədi dayanır: “Qarabağda rusiyalı mütəxəssislər mina təmizləmə prosesində iştirak ediblər. Onların bu sahədəki fəaliyyətinin uğurlu olması barədə məlumatlar da var. O ki qaldı Rusiya sülhməramlılarının fəaliyyətinə, onların Xocalıda qalması ilə Rusiyanın hansısa ucqar bölgəsində qalması arasında heç bir fərq yoxdur. Faktiki olaraq ruslar Qarabağda heç bir işlə məşğul deyillər. Onlar günün nizam qaydasına uyğun olaraq dislokasiya yerlərində xidmət aparırlar. Rusiya tərəfi sülhməramlı kontingentin Qarabağda qalması üçün addımlar atır. Reallıq onu deyir ki, o kontingent Qarabağda bundan sonra sülhməramlı adı altında qala bilməz. Rusiya bilir ki, Qarabağın minadan təmizlənməsi uzun illər alacaq. Ona görə də şəkil dəyişkənliyinə getmək niyyətindədir. Rusiya çalışacaq ki, mina təmizləmə fəaliyyətində iştirak etmək adı altında Qarabağda qalsın. Bu o deməkdir ki, onlar regionda qalmaları üçün Azərbaycana bu yöndən təzyiq göstərəcəklər. Azərbaycan tərəfinin bunu qəbul edib-etməməsi isə sual altındadır. Qarabağda Rusiya sülhməramlılarından başqa faktiki olaraq heç bir işə yaramayan Rusiya-Türkiyə Monitorinq Mərkəzi də var. Bu mərkəzin işi dronlar vasitəsilə təmas xəttini müşahidə etmək idi. İndiki halda təmas xətti yoxdur. Faktiki olaraq o mərkəz də tam fəaliyyətsizdir. Hesab edirəm ki, sözügedən mərkəz də şəkil dəyişikliyinə gedəcək. Misal üçün, Ermənistan tərəfdən Avropa İttifaqının mülki missiyası fəaliyyət göstərir. Əgər Monitorinq Mərkəzi ləğv edilməyəcəksə, şərti sərhədə yerləşib, bu işi görə bilərlər. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadıqca Rusiya sülhməramlılarının və Monitorinq Mərkəzinin fəaliyyətində şəkil dəyişkənliyi görəcəyik”.
Tarix: 6-04-2024, 10:59
Xəbəri paylaş





Xəbər lenti