“Qərb Ermənistanı növbəti müharibənin “son məşqi”nə çıxarıb” - Sərhəddə nə baş verir?

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar, Tovuz istiqamətində isə kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə davamlı məlumatlar yayır.
 
Bu təxribatların Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə 10 milyon avro dəyərində hərbi yardımın göstərilməsi fonunda baş verməsi bəzi suallar doğurur. Qərb bu cür şirnikləndirici addımları ilə Ermənistanı növbəti təxribatlar törətməyə həvəsləndirir. Sanki bütün bunlar Azərbaycana qarşı növbəti müharibənin “son məşqi”dir. Mövzu ilə bağlı Konkret.az-a danışan konfliktoloq Üzeyir Şəfiyev bildirib ki, Ermənistan Azərbaycan münaqişəsi geosiyasi konfiqurasiyanın tərkib hissəsi kimi böyük güc mərkəzlərinin layihəsi kimi də dəyərləndirilə bilər:
 
 
 
“Azərbaycan prezidenti xüsusi vurğulayıb ki, bu münaqişədə Ermənistandan öndə duran dövlətlər var. Əslində biz bunu həm münaqişənin ilkin dövründə, həm də müharibədən sonrakı mərhələdə gördük. Azərbaycanın şanlı zəfərindən sonra ATƏT-in Minsk qurupunun həmsədr dövlətlərinin reaksiyaları da bu baxımdan maraqlıdır. Belə ki, həmsədr dövlətlər bir-birini Ermənistana, erməni xalqına xəyanətdə ittiham edir, Azərbaycanın yaratdığı reallıqla barışmaq istəmədiklərini sərgiləyirlər. Bu gün Ermənistanın sülhə müqaviləsi bağlamasına da bu dövlətlər mane olur”.
 
Müsahibimiz hesab edir ki, Paşinyan bir tərəfdən də Ermənistan dövlətinin atributları, Konstitusiyasının dəyişdirilməsi zərurəti ilə bağlı erməni ictimaiyyətinə nəbzyoxlayıcı mesajlar verir:
 
“O, anlayır ki, köhnə narrativlərlə yeni reallıqda svil dövvətlərarası münasibət mümkünsüzdür. Ancaq o bir sıra hallarda konstruktiv ikimənalıqdan istifadə edir. O, bir tərəfdən Azərbaycanla sülh müqaviləsi bağlamaq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımaqdan bəhs edir, digər tərəfdən isə “Qarabağ məsələsini” ayrıca problem kimi gələcəl nəsillər üçün saxlamağa cəhdlər edir. Ona görə də Azərbaycanın Ermənistan konstitusiyasında ölkəmizə və qardaş Türkiyəyə qarşı ərazi iddialarnı nəzərdə tutan maddənin çıxarılması ilə bağlı prinspial mövqeyi tam haqlı, beynəlxalq hüquqla səsləşən mövqedir. Çünki bu dəyişiklik olmasa, sülh müqaviləsinin gələcək taleyi sual altına düşəcək”.
 
Hazırkı durumu geosiyasi güclərin mübarizəsi kimi xarakterizə edən ekspertin sözlərinə görə, bu vəziyyət gərginliyin azalmasına mane olur:
 
“NATO-nun Şərqə doğru genişlənməsi Rusiyanın qıcıqlandırır. Rusiya özünün “arxa bağçası” hesab etdiyi Cənubi Qafqazı əldən vermək istəmir. Rusiyanı bölgədən çıxarmaqda israrlı görünən Qərb isə Moskvadan imtina edəcəyi təqdirdə Ermənistana “təhlükəsizlik çətiri” vəd edir, hətta bununla bağlı əməli addımlar da atır. Bu isə Ermənistanı qanadlandırır, onun sülhdən yayınmasını stimullaşdırır, onu yeni təxribatlara təhrik edir. Qərb hərbi-psixoloji, iqtisadi dəstək verməklə Ermənistanı danışıqlara “əlidolu göndərmək” taktikası yürüdür. Qərb bununla Azərbaycandan maksimum kompromislər qoparmaq, bağlanacaq sülh müqaviləsi üzərindən öz geosiyasi maraqlarını realizə etmək istəyir. Ancaq Qərbdə də anlayırlar ki, Bakı Avropanın enerji təhlükəsizliyində müstəsna rola malikdir, eyni zamanda regionda açar dövlət məhz Azərbaycandır”.
Tarix: 26-07-2024, 17:53
Xəbəri paylaş





Xəbər lenti