Qərbin Zəngəzur planı: - Dəhlizi açıb özü nəzarət etmək istəyir?
Rusiya Avrasiya regionundakı prosesləri Türk Dövlətləri Təşkilatı ilə koordinasiya etmək məcburiyyətində qala bilər.
Belə ki, Qərb ilə Rusiya arasında Zəngəzur dəhlizi uğrunda mübarizə yenidən başlayır və amansız xarakter almaq üzrədir.
ABŞ, Avropa İttifaqı, Fransa və Ermənistan bu savaşda Azərbaycan, Türkiyə və Rusiyaya qarşı eyni cəbhədə yer alıblar.
Qərb güc mərkəzləri - ABŞ, Aİ və Fransa Ermənistanın İranla sərhəd ərazilərində geosiyasi və hərbi-strateji cəhətdən möhkəmlənməyə, bu ərazidən keçən Zəngəzur dəhlizini ələ almağa çalışırlar.
Qərbin bu savaşda nailiyyət əldə etməsi Rusiyanın Cənubi Qafqazda siyasi və iqtisadi nüfuzuna ciddi zərbə vuracaq.
Belə olan halda Rusiya Azərbaycan, Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri, ən əsası da Türk Dövlətləri Təşkilatı ilə bu istiqamətdə əməkdaşlığa getmək, regiondakı prosesləri birgə koordinasiya etmək məcburiyyətində olacaq.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-ya şərhində qeyd edib ki, Zəngəzur dəhlizi Rusiya ilə yanaşı Qərb üçün də önəmlidir:
“2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyət tamamilə dəyişib və yeni reallıqlar yaranıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərqərar edib. Bu, Qərbdəki müəyyən dairələr tərəfindən xoş qarşılanmır. Bu gün Rusiya ilə Qərb arasında Cənubi Qafqaz üzərində geosiyasi mübarizə gedir.
Rusiya-Ukrayna müharibəsi fonunda Qərb güc mərkəzləri Cənubi Qafqazda Moskvaya qarşı ikinci cəbhə açmaq və Rusiyanı bu regiondan sıxışdırıb çıxarmaq niyyətindədirlər. Məhz Ukrayna ilə müharibədə ciddi problemlərlə üzləşən Rusiya bu regionda çətin günlərini yaşamaqdadır. Rusiyanın Cənubi Qafqazda, xüsusilə Ermənistanda təsir imkanları xeyli zəifləyib. Rusiyanın bu regionda mövcudluğuna təkan verəcək əsas faktor məhz Zəngəzur dəhlizidir.
Xatırladım ki, 2020-ci ilin noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan Bəyanatın 9-cu müddəasına əsasən Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən kommunikasiya xətlərinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət etməlidir.
Qərb isə buna qarşıdır. Buna görə də Qərbdəki dairələr Ermənistan hakimiyyətini 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əməl etməməyə təşviq edir. Qərbin əsas məqsədi Rusiyanı bu siyasi oyundan sıxışdırıb çıxarmaqdır”.
Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı iki baxış mövcuddur:
“Azərbaycan, Türkiyə və Rusiya bu dəhlizin üçtərəfli noyabr Bəyanatının 9-cu müddəasına uyğun açılmasının tərəfdarıdırlar. Ermənistan isə bu dəhlizin öz şərtləri daxilində açılmasını istəyir.
Qərb bu məsələdə İrəvanı dəstəkləyir. Bu isə Bakı, Ankara və Moskva üçün məqbul deyil. Kreml İrəvan ilə Zəngəzur dəhlizi məsələsində çox çətin dil tapır. Qərb tərəfindən Rusiyanın dünya ilə əlaqələrinə məhdudiyyətlər tətbiq edilib. Ona görə də Moskva Yaxın Şərq və Şimali Afrikaya çıxmaq üçün alternativ marşrutlar lazımdır.
Artıq “Şimal-Cənub” beynəlxalq dəhlizi üzrə işlər intensivləşib, o cümlədən “Orta Dəhliz”in komponenti olan Zəngəzur dəhlizinə xüsusi diqqət də ayrılacaq. Zəngəzur dəhlizi Rusiyanın dünya bazarına çıxması və özünün ticarətinin genişlənməsinə şərait yarada bilər.
Buna görə də Rusiya bu istiqamətdə Azərbaycan, Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri ilə konstruktiv əməkdaşlıq etməlidir. Moskva buna getməsə, Zəngəzur dəhlizindən kənarda qalacaq”.