“Pandemiya minimum 10 il davam edəcək” – ŞOK AÇIQLAMA


 
Siam.az Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl ilə müsahibəni təqdim edir:
 
- Vasif doktor, bir çox ölkə pandemiyanın dördüncü dalğasının başlamasından narahatdır. Bəzi ölkələr karantin qaydalarını yumşaltsa da, bəziləri komendant saatı tətbiq edir. Maraqlıdır, hazırda dünyanın bir çox ölkəsində sürətlə yayılan delta variantı əvvəlki növlə müqayisədə nə qədər təhlükəlidir?
 
- Delta virus və ya Hindistan ştammı göründüyü qədərilə daha yolxucudur və ağır nəticələr verir. Bir qorxu da var ki, indiyə qədər inkişaf etdirilən peyvəndlər buna təsir göstərməsin. Doğrudur, buna etiraz edənlər də çoxdur. Amma hələlik bu haqda dəqiq bir fikir bildirmək olmaz. Hesab edirəm ki, bir az daha ətraflı məlumata ehtiyac var. Buna görə də bir az diqqətli olmaq lazımdır.
 
- Peyvəndlər tapılsa da, variantlar bizi tərk etmir, hər dəfə yeni bir ştammla qarşılaşırıq. Niyə belədir?
 
- Bu, virusun təbiətindəndir. Burada təəccüblü heç nə yoxdur. Bunun belə olacağı əvvəlcədən bilinirdi. Sadəcə universal peyvənd almağa çalışırlar. İndi alimlər hər il 2-3 dəfə peyvəndin tərkibində müəyyən dəyişikliklər edərək virusun dalınca beləcə qaçacaqlar.
 
- Müşahidələr nəyi göstərir - indiyə qədər istehsal olunmuş peyvəndlər yeni variantlara qarşı təsirlidir?
 
- Müşahidələr hələlik dəqiq bir şey söyləməyə imkan vermir. Əgər İsraildə ikinci dalğa başlayarsa, o zaman deyə bilərik ki, “Pfizer”in peyvəndi təsirsiz çıxdı. Amma İsraildə hələ epidemiya ciddi səviyyəyə çatmayıb, ona görə bunu söyləmək olmur. Peyvənd istehsalçılarının dediklərinə görə, xüsusilə Avropadakı peyvəndlər yeni ştammlara qarşı qoruyucu imiş.
 
- Bəzi ölkələrdə pandemiyaya qarşı aparılan peyvənd proqramına üçüncü dozanın da daxil edilməsi barədə müzakirələr gedir. Üçüncü doza vaksinə ehtiyac barədə nə deyə bilərsiz?
 
- Koronavirusa qarşı bir dəfə peyvənd olunmaq alınmayacaq. İldə iki dəfə vaksin vurulacaq. Bu, əvvəldən məlum idi.
 
- Yəni hər il peyvəndlənməyə ehtiyacımız olacaq?
 
- Bəli, hər il iki dəfə.
 
- Bu, neçə müddət belə davam edəcək?
 
- Mövcud vəziyyətdə bunu dəqiq demək mümkün deyil. Amma minimum 10 il davam edəcək.
 
- Bəs Azərbaycanda COVID peyvəndinin üçüncü dozasının tətbiqi barədə müzakirələr gedirmi? Məsələn, Türkiyənin səhiyyə naziri bəyan etmişdi ki, üçüncü dozanın zəruriliyi barədə elmi araşdırmalar aparılır.
 
- Elə bizdə də araşdırma aparılır. Bu barədə hələ ki, heç bir qərar yoxdur.
 
- Görünən odur ki, iki doza vaksin olunsaq belə çox rahat olmalı deyilik. Bəs üçüncü dozadan sonra nə dəyişəcək?
 
- Virusdan qurtaracağımıza dair üfüqdə bir şey görünmür. Doğrudur, indikindən daha rahat olacağıq, amma hələ pandemiya davam edir. Və görünür ki, hələ uzun müddət də davam edəcək...
 
- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqarit Harris açıqladı ki, iki doza peyvənd olunan şəxslər maska taxmağa davam etməlidir. Bildiyimiz kimi, Azərbaycanda sərt karantin tədbirləri müəyyən çərçivədə yumşaldılıb. Necə düşünürsüz, yumşalmaya tez keçdikmi?
 
- Xeyr, tez getmədik. Maska haqqında bizdə də müəyyən məhdudiyyətlər var, amma camaat buna fikir vermir. Şəxsən özüm fikir verirəm, iki doza peyvənd olunmuşam, amma yenə də maska taxmağa davam edirəm.
 
- Ölkəmizdə vaksinasiyanın nisbi könüllü olduğu məlumdur. O da məlumdur ki, peyvənd tələbini şiddətlə dəstəkləyən həkimlərdənsiz. Sizcə, müxtəlif peşə sahələrində fəaliyyət göstərən allergiyası və digər yanaşı xəstəliyi olan şəxslərə peyvəndlə bağlı xüsusi qərar olmalıydımı?
 
- Əvvəlcədən deyim ki, allergiya peyvəndə əks göstəriş deyil. Amma bəzi qruplara peyvənd vurmaq olmaz. Bəli, həmin qruplara xüsusi kağız verib onları vaksinasiyadan azad etmək olar.
 
- Son günlər ölkəmizdə ən çox müzakirə olunan mövzulardan biri də toylarla bağlı tətbiq edilən qadağalardır. Qərara münasibətinizi bilmək maraqlı olardı. Sizcə, qaydalara nə dərəcədə nəzarət və riayət etmək mümkün olacaq?
 
- Əslində, mümkündür. Sadəcə olaraq hüquq mühafizə orqanları işlərini görməlidirlər. Mən bu qərarı dəstəkləyirəm. İnsan peyvənd olunmaq istəmirsə, çox gözəl. Bu, onun haqqıdır və biz ona hörmət edirik. Amma bu zaman o, virus daşıyıcısı olub başqalarına yaymayacaq şəkildə davranmalıdır. Bir sözlə, evində oturmalıdır, vəssalam.
 
Teleqraf
Tarix: 2-07-2021, 00:22
Xəbəri paylaş





Xəbər lenti