Azərbaycanda “Delta” yayılarsa: Məktəb və universitetlər yenə bağlı qalacaq?
“2021- ci ilin sentyabr ayında istər orta məktəblərdə, istər ali təhsil müəssisələrində tədris ənənəvi formada başlayacaq. Bunun üçün əlimizdə kifayət qədər əsaslar var”.Bunu
Cebhe.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert ölkə əhalisinin pandemiya qaydalarını artıq mənimsədiyini və vaksinasiyanı əsas gətirərək qarşıdan gələn tədris ili üçün dərslərin ənənəvi başlayacağını deyib:
“Artıq biz pandemiya dövründə dərsin keçirilmə qaydalarını mənimsəmişik. Təbii ki, bunu nəzərə alaraq deyə bilərik ki, keçilən bütün dərslərin hamısı ənənəvi qaydada olmayacaq. Buna baxmayaraq, bütün ali təhsil müəsissələrində müəyyən qaydalar çərçivəsində tədris prosesi təşkil ediləcək. Ölkəmizdə 4 milyondan artıq insan vaksinasiya, 3 milyondan artıq insan isə test olunub. Digər tərəfdən, biz kütləvi tədbirlərin, toy şənlikləri, digər mərasimlərin keçirilməsinin şahidiyik. Ən zəruri məsələ isə pandemiya dövründə onlayn qaydada tədrisin təşkilinin kifayət qədər keyfiyyətli olması idi.Azərbaycan Tibb Universiteti(ATU), Bakı Dövlət Universitetində (BDU) labaratoriyalarda, mühəndis və digər ixtisaslarda dərslər başladı. Baxdıq ki, kifayət qədər ciddi nəzarət var. Qaydalara uyğun olaraq tədrisin həyata keçirilməsi fonunda yoluxma halları baş vermədi. Orta məktəblərdə isə bu problem var idi. Çünki orta məktəblərə nəzarət etmək o qədər də asan deyildi. Orta məktəblərdə şagird sayı 1,6 milyon, ali məktəblərdə isə tələbə sayı 182 mindir. Rəqəmlər 10 dəfəyədək azdır. Bütün hallarda ali təhsil müəsissələrində, orta məktəblərdə tədris prosesi qaydalar çərçivəsində bərpa olunacaq. Yəni dərslər tam olaraq ənənəvi formada olmasa da keçiriləcək”.Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm də danışıb:
“Əvvəldən proqnoz vermək çox çətindir. “Delta” ştammı Azərbaycana gəlsə, yoluxma sayı artsa, ənənəvi təhsillə dərslərin keçilməsi mümkün olmayacaq. Azalmağa doğru getsə, virusa yoluxma sıfıra yaxınlaşsa, dərslər bərpa oluna bilər. İndidən proqnoz vermək çox çətindir”.
Tarix: 12-07-2021, 21:38