Azərbaycanda avqustda yoluxma azalacaq - AÇIQLAMA


Azərbaycanda avqustda yoluxma azalacaq - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ötən gün Azərbaycanda koronavirusa 468 yeni yoluxma faktı qeydə alınıb.
Yoluxmanın bu templə artması qapanmalar mövzusunu yenidən gündəmə gətirir. Bununla bağlı Cebhe.info-ya danışan infeksionist-hepotoloq Mərdan Əliyev karantin qaydaları yumşaldılandan, toylara icazə veriləndən sonra yoluxmaların sayının sürətlə artmağa başladığını deyib. Həkim bildirib ki, belə halda yoluxmada dinamikanın artması normaldır və yaxın gələcəkdə daha çox artımın şahidi olacağıq.
İnfeksionist bildirib ki, bütün bunları düşünsək, yenidən qapanmalara gedilə bilər. Əvvəlki kimi sərt karantin olmasa da, toylar qadağan olunmalı, maskalara nəzarət gücləndirilməlidir. Belə olan halda virusun yayılma mənbəyi kimi kütləvi şənliklər göstərilir.
Həmçinin digər həkim-mütəxəssislər də virusun əsas mənbəyinin toylar olduğunu düşünür. Məhərrəmlik ayının avqustun 10- da başladığını düşünsək, virusun artım dinamikasının da aşağı düşəcəyi mümkündür.
Həmçinin, məhərrəmlik ayında qapanmaların da olmayacağı müzakirə mövzusudur.
Bununla bağlı Cebhe.info-ya Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm danışıb. O, məhərrəmliyin başlamasıyla toylara fasilə veriləcəyini, bununla da yoluxmaların sayının azalacağını bildirib:

“Qapanmalara gedilib- gedilməməsi statistikadan asılı olacaq. Böyük ehtimalla məhərrəmlik ayının ilk iki həftəsində yoluxma azalmağa doğru gedəcək. Məhərrəmlik müddətinin ardınca, yəni toyların yenidən bərpa edilməsindən sonrakı mərhələdə yoluxmanın yenidən artması gözlənilir. Yəni məhərrəmlik ayından sonra virusa yoluxanların sayı artacaq”.
Ədalət Rüstəm bildirib ki, yoluxmaların sayı artıqca, təbii olaraq sərtləşdirmə tədbirləri də olacaq:
"Havaların soyumasıyla əlaqəli artım və bəzi sərtləşmələr olacaq. Düşünürəm ki, bu, müəyyən qədər olmalıdır da".
ATU dosenti bildirib ki, bununla yanaşı, məhərrəmlik günlərində ayrı- ayrı sahələrdə yumşalmalar gözlənilir:
"Bura ictimai iaişə obyektləri aiddir. Belə məkanlar saatdan asılı olmayaraq, birbaşa fəaliyyət göstərə biləcək”.
Tarix: 29-07-2021, 08:32
Xəbəri paylaş





Xəbər lenti