Dünyada və Azərbaycanda koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunmaqdadır. Belə ki, son statistik məlumata əsasən, 468 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb. 2 nəfər vəfat edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “həyəcan təbili” çalıb.
Qurumun hesabatında bildirilir ki, ötən həftə ərzində koronavirusa 3,8 milyondan artıq yoluxma halı, 69 mindən artıq isə ölüm halı qeydə alınıb. Daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 8 faiz, ölüm hallarının sayı isə 21 faiz artıb: “Ötən həftə (19-25 iyul) koronavirusa yoluxma hallarının sayı 3,8 milyonu ötüb, bu isə daha öncəki həftə ilə müqayisədə 8 faiz daha çoxdur”.
Bildirilir ki, gündəlik orta hesabla 540 min yoluxma halı barədə məlumat daxil olub, daha öncəki həftədə isə bu rəqəm 490 minə bərabər idi.
Eyni zamanda koronavirusdan ölüm hallarının sayında kəskin artım müşahidə olunub: “Son həftə 69 mindən artıq ölüm halı qeydə alınıb, bu isə daha öncəki həftədən (56 mindən artıq ölüm halı) 21 faiz daha çoxdur”.
İyulun 19-dan 25-dək koronavirusa 3 807 939 nəfər yoluxub, 69 132 nəfər isə koronavirusdan ölüb. İyunun 25-i üçün dünyada koronavirusa yoluxma hallarının sayı 193 657 729, koronavirusdan ölüm hallarının sayı isə 4 154 660 nəfər təşkil edirdi.
Yeri gəlmişkən, ÜST koronavirusun çox yoluxucu növü olan “Delta”nın yayıldığı ölkələrin sayını da açıqlayıb. Belə ki, bu ştammın yayıldığı ölkələrin sayı 20 iyuldan 27 iyul tarixinə qədər 124-dən 132-yə yüksəlib.
ÜST-in həftəlik epidemioloji bülletenində qeyd edilir ki, həyəcan variantları kateqoriyasına daxil edilən dörd ştammın (“alfa”, “beta”, “qamma” və “delta”) coğrafiyası “genişlənməyə davam edir”.
Son bir həftə ərzində dünyada yoluxma səkkiz faiz artıb: 3,8 milyondan çox yeni koronavirus infeksiyası hadisəsi aşkar edilib. Eyni zamanda ölümlə nəticələnən hadisələrin sayı 21 % artıb və bunlardan 69 mindən çoxu bir həftə ərzində qeydə alınıb.
Bəs görəsən, yoluxma sayı belə davam edərsə, qapanmalara gedilə bilərmi? Bu arada insanlar yenə də vaksin olunmaqdan yayınırlar. Bunu bəzi insanlarda vaksin vurulandan sonra ağırlaşmaların olması səbəbi ilə əsaslandırırlar...
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova “Yeni Müsavat”a mövcud vəziyyətdən çıxış yolları barədə danışıb: “Bütün dünya üzrə xəstəliyin yoluxma dinamikası da, yeni yoluxanların sayında da artım müşahidə olunur. Bu da yeni ştammın daha yoluxdurucu olması ilə bağlıdır. Yəni hazırda dünyada bu ştamm üstünlük təşkil edir. Təbii ki, əgər artan templə davam edərsə, günü-gündən artmağa doğru gedərsə, xəstəxanalarda ağırlaşan xəstələrin sayı çoxalarsa, ümumiyyətlə, ağır xəstələrin sayında artım müşahidə olunarsa, qapanmalara gedilə bilər”.
İnfeksionist əlavə edib ki, virusdan yeganə çıxış yolu daha çox insanın vaksinasiyada iştirak etməsidir: “Vaksinasiya o halda effektiv olur ki, əhalinin əksər hissəsi vaksin olunsun. Yəni əksəriyyət vaksinasiya olunduğu zaman kollektiv immunitet yaratmaqla xəstəliyin yayılmasının qarşısını almaq mümkündür. Digər hallarda, əhalinin digər hissəsi vaksinasiya olunmadıqda isə sadəcə vaksinasiya olunanlar arasında xəstəliyin ağırlaşması az göründüyü üçün ümumilikdə xəstəxanaya yerləşdirilməsi azalmış olur. Pandemiyanı sonlandırmaq mümkün olmur, amma ağırlaşaraq xəstəxanada yatan, ölənlərin sayında azalma müşahidə olunur. Əgər biz istəyiriksə, xəstəlik aradan qalxsın, pandemiya sonlansın, yoluxma sayları minimuma ensin, eyni qısa zaman ərzində daha çox insan ən azından bir doz vaksinasiya mütləq şəkildə olunmalıdır. Digər hallarda isə vaksinlə xəstəliyin qarşısını almaqdan danışmaq mümkün deyil. Sadəcə olaraq, digər hallarda vaksin bizə yoluxub ağırlaşaraq xəstəxanaya yatanların və ölüm faizini aşağı sala bilər”.
N.Məmmədova qeyd edir ki, yeganə çıxış yolu vaksinə qarşı əks göstərişi olmayan hər kəs vaxtı uzatmadan, gecikdirmədən vaksin olunmalı, bununla yanaşı digər qorunma tədbirlərinə də ciddi riayət etməlidir.
İnfeksionist-hepatoloq Mərdan Əliyev isə qeyd edib ki, ölkəmizdə yoluxma sayının artması narahatlıq doğurur: “Çox təəssüf ki, rəqəmlər getdikcə artır. Bu da gözlənilən idi. Çünki artıq bilirik ki, hər dəfə karantin qaydaları yumşalanda artmalar olur. Bu da təbiidir, çünki bu, infeksiya və pandemiyanın qaydasıdır. Toylara da icazə verilib, toylarda yoluxma prosesi daha sürətli gedir. Çünki orada insanlar bir-biri ilə görüşür və sosial məsafəni qorumaq da çətindir. Bu səbəbdən də yoluxma daha sürətli şəkildə artır. Buna görə artımın olması gözlənilən idi. Yəqin ki, bir müddət gözləniləcək, aktiv xəstələrin də sayı artarsa, yoluxma sayında da ciddi artım olarsa, müəyyən qaydalar tətbiq ediləcək, yenə məhdudlaşdırmalar ola, qaydalar sərtləşdirilə bilər. Düşünürəm ki, yaxın gələcəkdə toyların qadağan olunmasına ehtiyac olacaq. Çünki toyların və daha böyük toplantıların olması yoluxma sayını xeyli dərəcədə artırır”.
Tarix: 29-07-2021, 10:21