access_time30/07/2021 05:35
folder_openSağlamlıqGənclər ölüm ayağındadır, narkotacirlər isə qazan doldurur
Danışmaq, tərbiyəvi məsləhətlər vermək artıq gücsüz, effektsizdir, səfərbər olunmalıyıq
“Gənc bir ana zərərli vərdişin, aludəçiliyin qurbanı oldu. 2 övladı yetim qaldı. Daha bir gənc ömür ətrafına işıq saçmalıykən, qaranlığa boğuldu. Nə desək, nə danışsaq, bu faciənin miqyasını əks etdirmək üçün yetərsiz qalacaq. Özünü də, balalarını da bədbəxt edən qadının, sağlığında kaş gözlərinin içinə baxıb, “niyə belə edirsən?!” soruşa biləydik”. Bu sözləri “Şərq”ə açıqlamasında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, professor Həvva Məmmədova dedi.
Ziyalı xanımın narahatlığının əsasında dayanansa narkotik vasitələrdən istifadənin cəmiyyətdə artması, “patı”, “şüşə” kimi sözlərin leksikonumuza daxil olmasıdır. Təhlükə indi başlamayıb. Son illərdə sosial şəbəkələrdə narkotik maddələrin təbliğatı, narkomaniyanı populyarlaşdıran musiqi parçalarının, meyxanaların yayılması, narkotik maddə satışının artıq sosial şəbəkə üzərindən aparılması halları müşahidə edilirdi. Etiraf edirik, hüquq-mühafizə orqanları bu kimi hallara qarşı mübarizə aparır. Narkotik maddə satıcıları, dövriyyəsinə şərait yaradanlar, təbliğ edənlər saxlanılır, müvafiq qaydada məsuliyyətə cəlb edilir. Lakin bu bəlanın qarşısını almaq çox çətindir. Bu günlərdə hüquq-mühafizə orqanları yenə əməliyyat keçirib. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında “TikTok” platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. Nəticədə Baş İdarə və ərazi polis orqanları tərəfindən həmin videoları yayan şəxslərin anket məlumatları qısa zamanda müəyyən olunub. Baş İdarənin əməkdaşları tərəfindən “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqilər yayan 6 nəfər – Nuri Şahin, Cuma Məmmədov, Mirdamət Qasımlı, Emil Xanəliyev,Tərlan Zeynalov və Türkanə Abdullazadə qısa zamanda saxlanılıblar. Türkanə Abdullazadədən əlavə olaraq 10 qrama yaxın marixuana da aşkar olunaraq götürülüb. Bu şəxslərlə profilaktik söhbətlər aparılıb, paylaşdıqları videoların zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə onlara məlumatlar verilib. Adları çəkilən şəxslərin “TikTok” sosial şəbəkəsində paylaşdıqları bu tipli videoların silinməsi təmin edilib. Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar məhkəməyə göndərilib. Qeyd edək ki, DİN-in adıçəkilən idarəsi 16 iyul tarixində də analoji əməliyyat keçirmişdi və 11 nəfər saxlanılmışdı. Daha bir dəhşətli məlumat isə 2 övlad anası 24 yaşlı gənc qadının sintetik narkotik maddə - “patı”dan dünyasını dəyişməsidir. Bu barədə isə Bakı şəhəri üzrə baş toksikoloq, dosent İsmayıl Əfəndiyev məlumat verib. İ.Əfəndiyev gənc qadının ölümünə məhz “patı” qəbul etməsinin səbəb olduğunu deyib. Vəziyyət bu qədər ciddi və fəlakət həddindədir. Nə etməli? Narkotacirlərin önü necə kəsilməli, onların tələyə saldığı insanlar necə xilas edilməlidir?
Professor Həvva Məmmədova deyib ki, danışmağın, tərbiyəvi məsləhətlər verməyin artıq gücsüz, effektsiz olduğu qənaətindədir:
- Gənclərimiz gözümüzün önündə uçuruma yuvarlanır. Uçurumun kənarında dayananlar da var – hansılar ki, yeni-yeni narkotikə aludə olmağa başlayıb, bunun hansı faciələrə gətirib çıxaracağını hələ fərq etmirlər, bir də var artıq uçuruma yuvarlananlar. O şəxslər ki, onlarda narkotik maddə asılılığı yaranıb. Onlar artıq xəstədirlər. Bir qisim də var ki, özü aludəçidir, hər vəchlə çalışır ki, ətrafındakılar, dostunu, tanışını, qohumunu buna cəlb etsin, öz sıralarına qatsın. Ən təhlükəli zümrə isə insanların faciəsi üzərində milyonlar qazananlar – narkotacirlərdir. Mən xırda-para pul qazananları nəzərdə tutmuram. Onlar bədbəxt insanlardır. 5-3 manata görə özlərini də məhv edirlər, ailələrini, ətrafdakıları da. Baxın, hüquq-mühafizə orqanlarının narkotik maddə satışına, təbliğinə görə aşkarlayıb saxladığı, məsuliyyətə cəlb etdiyi şəxslərə. Çoxu gənclərdir. Çoxu həbsə düşüb çıxanlardır. İşsiz-peşəsiz, səfil həyat tərzi keçirən insanlardır. Narkotik belə bahalı, gəlirli sahədirsə, onlar niyə bundan “qazanmır”, “firavan” həyat tərzi keçirmilər?! Narkotik vasitə qəbul edib küçələrdə yıxılır, yerlərdə sürünürlər. Ağlı olan bu mənzərəni görüb necə yanlış istiqamətə getdiyini fərq edər. Kimlərsə milyonlar qazanır, kimlərsə bədbəxt olur, həyatın dibinə enirlər. Amma nə edəsən ki, zamanında onları dayandıran, doğru yola yönəldən olmayıb. Bəlkə də kimlərsə, valideynləri bu yoldan çəkinmələrini tövsiyə edib, çalışıblar, əlləşiblər, lakin övladlarını xilas edə bilməyiblər. Aludəçilik çox ağır mərəzdir. Ondan yaxa qurtarmaq güclü iradə tələb edir. Hesab edirəm ki, bu artıq bütün cəmiyyətin səfərbər olacağı bir məsələdir. Təkcə hüquq-mühafizə orqanlarının iş aparmasıyla fəlakətin qarşısını almaq mümkün olmayacaq. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi bir müddət əvvəl sosial şəbəkə hesabları yaratdı və vətəndaşları aktiv olmağa çağırdı. Doğru olaraq cəmiyyətdən kömək istədi. İndi görünür ki, bunun özü doğru addım imiş. Artıq vətəndaşlar həmin hesablara məlumat yazır, neqativ hallar barədə məlumat verirlər.
Cəmiyyət olaraq hamımız, hər birimiz bu fəlakəti önləmək üçün bacardığımız işi görsək, məncə, müsbət nəticəyə nail olarıq. H.Məmmədova qeyd etdi ki, narkomaniyanın qarşısının alınması üçün xüsusi mərkəzlərin yaradılması məqsədəuyğun olar: - Paytaxtda Narkoloji Dispanser fəaliyyət göstərir. Müalicə olunmaq üçün ora müraciət edirlər. Lakin bu, çox azdır. Fəlakətin miqyasına baxıldıqda, narkomaniya ilə bağlı müalicə, sağlamlıq, reabilitasiya mərkəzlərinin yaradılmasına ehtiyac var. Bir yox, bir neçə mərkəzin. Bu mərkəzlər haqqında vətəndaşlar məlumatlı olmalıdır. Vaxtaşırı onlar barədə cəmiyyətə məlumat verilməli, vətəndaşlar bilgiləndirilməlidir. Hazırda müxtəlif müalicə üsulları ilə tanınan, hər cür müasir avadanlıqlara malik tibbi mərkəzlərimiz var.
Narkomaniya ilə mübarizə üçün də məhz belə tibbi mərkəzlər olmalıdır. Vətəndaşlar bilməlidir ki, belə mərkəzlər var, təmənnasız xidmət göstərir və istənilən halda ora müraciət etmək olar. Belə mərkəzlərə mütəxəssislər – həkimlərlə yanaşı, psixoloqlar, sosioloqlar, işə düzəltmə üzrə menecerlər cəlb edilməlidir. Narkotik maddə aludəçiliyindən əziyyət çəkənlər belə mərkəzlərdə kompleks müalicə almalı və onların gələcək həyatı bu bəladan xilas edilməlidir. Bu cür insanlar işlə təmin edilməlidir, sosial həyata adaptasiya olunmalıdırlar. Məlumdur ki, işsizlik, bəzən fəlakətlərə yol açır.
Evinə, ailəsinə çörək pulu apara bilməyən insan həyatdan küsür, özünü, ətrafda baş verənləri unutmaq istəyir, belə halda kənardan biri ona problemlərini “unutduracaq” bir vasitə təklif edəndə, aldanır və qəbul edir. Amma bunun müvəqqəti, ötəri olduğunu, sonda onu dəhşətli əzablar və faciələr gözlədiyinin fərqinə varmır. Ona görə də, əgər biz, cəmiyyətimizin sağlamlaşmasını, gənclərimizin əlimizdən uçub getməməsini istəyiriksə, cəmiyyət olaraq bu bəlaya qarşı mübarizə aparmalıyıq.
Dediniz ki, 2 övlad anası, 24 yaşlı gənc qadın “patı”dan həyatını itirib. Bu xəbər çox dəhşətlidir!.. Bu xanımın ailəsi, həyat yoldaşı ondan xəbərsiz idimi? Yaxınları, dostları bunu bilmirdimi? Niyə onu yoldan döndərməyiblər? Valideynlər də bəzən səhlənkar yanaşır, məsuliyyətsiz davranırlar. Elə valideynlər olur, övladlarının mənfi cəhətini, hansısa asılılığını gizlədirlər. Ailə qurulanda isə problemlər üzə çıxır, dünyaya xəstə uşaqlar gəlir. Bəzən tədris müəssisələrində qızlarımız, təəssüf ki, əl-üz yuyulan məkanlara siqaret çəkmək üçün gedir. Bu gün siqaret çəkir, sabah başqa vasitəyə aludə olacaq. Belə halları gördükdə hər birimiz reaksiya verməli və onları çəkindirməyə çalışmalıyıq.
Sosial institutlar bu istiqamətdə ciddi işləməli, narkotik maddə, siqaret kimi zərərli vasitələrin aludəçilərinin həyatını araşdırmalıdır. “Nədən” sualına cavab tapılsa, problem də həllini tapacaq.
Tarix: 30-07-2021, 10:16