Amerika, Avropa əhalini vaksinasiyaya şirnikləndirir






Azərbaycandan elə bir addımı düzü gözləmirəm. Gələcəkdə məcburi şəkildə onsuz da vurduracaqlar

Bir sıra ölkələrdə vaksinin vurulması ilə bağlı kampaniyalar həyata keçirilir. Məsələn, ABŞ-ın Ohaya ştatının federal koronavirus yardım fondları vaksin vurduran 5 amerikalıya 1 milyon dollar pul mükafatı təqdim edib. Belə ki, “koronavirus əleyhinə lotoreya” kampaniyası ilk günündən nəticəsini göstərib. Ştat sakinləri kampaniyaya düşmək üçün xəstəxanalara axışıb. Bundan başqa, Birləşmiş Ştatların Prezidenti Cozef Bayden koronavirusdan vaksin edilən hər amerikalıya 100 ABŞ dolları ödəməyi təklif edib. Bir sıra Avropa ölkələri isə vaksin vurulan şəxslərə 250 avro verəcəyini açıqlayıb. Ancaq Azərbaycanda indiyədək belə kampaniyalara rast gəlinmir. Ölkəmizdə də belə kampaniyalar təşkil edilə bilərmi?

Mövzu ilə bağlı sosioloq Sahib Altay “Şərq”ə açıqlama verib. O qeyd edib ki, ümumiyyətlə, bütün dünya əhalisinə bu və ya digər şəkildə vaksini vurmaq istəyirlər. Bunun nə dərəcədə effektli olacağı isə sual altındadır:

“Bir məsələni qeyd edim ki, vaksin hazırda sınaq məqsədilə vurulur. Nəticəsinin nə olacağını isə bilmirik. Bir faktı qeyd edim ki, hazırkı vəziyyətdə Avropa əhalisinə bunu məcbur edə bilmir. Niyə edə bilmir? Çünki Avropa insanının hüquq anlayışı ilə Yaxın Şərq insanının hüquq anlayışı eyni deyil. Fərd olaraq və kütlə olaraq da hüquq fenomendir. Bu həm təfəkkürə yansıyıb, həm də həyat tərzinə, praktikaya. Buna görə də burda insanın etiraz haqqı var. Bunu biz hətta pandemiyanın ən sərt vəziyyətində belə gördük ki,  Avropanın müəyyən ölkələrində insanlar pandemiyaya qarşı çıxırdılar. Yəni onlar bildirirdilər ki, siz bizim şəxsi həyat azadlığımızı əlimizdən alırsınız. Hökumətlər də, dövlətlər də rəsmi şəkildə bəyanat verirdilər ki, bəs sizin təhlükəsizliyinizə görə edirik. Onlar da buna cavab olaraq bildirirdilər ki, bizim şəxsi həyat azadlığımız var və bu seçim yenə də bizim tərəfimizdən olmalıdır. Düzdür, ortada vətəndaşın təhlükəsizliyi var, ancaq insan haqları da digər tərəfdən var deyə, Avropa bunu məcbur edə bilməyib indiyə kimi. 

Sosioloq qeyd edib ki, vaksinlər hazırda sınaq məqsədilə vurulur və ortada hələ ki, heç bir  tibbi nəticəsi yoxdur:

“Avropa bütün əhalisini cəlb etmək məqsədilə iqtisadiyyatda, siyasətdə insan eqosu üzərindən prinsiplər yeridir. İnsan eqosu üzərində hədiyyə, bəxşiş şəklində insanların şirnikləndirib bu kütləvi akta könüllü formada imza atmaq istəyir. Azərbaycana gəlincə, bizdə rəsmi dövlət tərəfindən elan olunur ki,  vaksinasiya könüllüdür. Lakin insanın sosial həyatını təşkil edən müstəvilər ki var, bax, o müstəvilərdə fəaliyyəti vaksinsiz qadağan edir. Məsələn, restoranlara toya getmək olmaz. 

Hətta bir müddətdən sonra vaksinsiz bir çox ictimai-iaşə obyektlərinə, nəqliyyat sektoruna girməyə qadağa qoyulacaq. Yəni bu o deməkdir ki, bizdə vaksin sözdə könüllüdür, ancaq praktikada məcburidir.

Sual yarana bilər ki, bəs niyə Azərbaycan Avropa ölkələri kimi insanları şirnikləşdirmədi vaksinə? Pandemiyada gördük ki, Azərbaycan öz vətəndaşına ayda 190 manat pul ödədi. Eyni zamanda, Avropada olan sosial yardımlara baxaq. Bizdən çox fərqlidir. Düzdür, burda iqtisadiyyat faktoru da var. Amma mən Azərbaycandan elə bir addımı düzü gözləmirəm. Gələcəkdə məcburi şəkildə onsuz da vurduracaqlar. Bundan əlavə Azərbaycanda  insanlar arasında baş verən proseslərə etiraz mədəniyyəti də formalaşmayıb.

Bu da hüquq düşüncəsindən irəli gəlir. Ancaq Avropada etiraz mədəniyyəti formalaşmayıb, bizdə isə əksinə, hər kəs əmrə boyun əyir. Ona görə də inanmıram ki, bizdə də hər hansı şirnikləşdirici proseslər həyata keçirilsin”.
Tarix: 10-08-2021, 09:27
Xəbəri paylaş





Xəbər lenti