Yeni dərman virusun "müalicə bazarı"nı vuracaq: "Həkimlər "rasxod"lu dərmanlar yazır..."
ABŞ “Pfizer” şirkətinin koronavirusa qarşı həblərinin satınalma həcmini azı iki dəfə artıracaq.Bu barədə ölkə Prezidenti Cozef Bayden məlumat verib.
İlkin olaraq, 10 milyon doza preparatın alınması planlaşdırılırdı.
Qeyd edək ki, “Pfizer” şirkətinin həbləri “Paxlovid” adlanır. Bu həblərdən xəstəliyin simptomlarının meydana gəlməsindən sonra 5 gün ərzində istifadə etmək tövsiyə olunur. ABŞ-da bu dərman vasitəsindən istifadəyə ötən ay icazə verilib. Onun yan təsirləri sırasında dadbilmə hissinin itirilməsi, diareya, yüksək təzyiq və əzələ ağrıları göstərilir.
Ölkəmizdə hələ də koronavirusu fərqli və baha dərmanlarla müalicə etməyə çalışan həkimlər var. Əlacsız qalan xəstələr də bu bahalı müalicəni almalı olurlar.
Maraqlıdır, ölkəmiz həmin COVID həblərini alarsa, bahalı koronavirus müalicəsi sıradan çıxacaq?Məsələ ilə bağlı
Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov deyib ki, dərmanlar alınsa, bu, müalicə prosesinə təsir edəcək:
"Əvvəl dərmanın hazırlandığı haqqında məlumat yayıldı, daha sonra sınaqdan keçirilib təhvil veriləcəyi bildirildi. Amma bu dərmanın sınaq müddəti barədə məlumat ictimaiyyətə açıqlanmadı. Əgər dərman müalicə prosesində kifayət qədər effekt verirsə, hökumət bunu almalıdır və alacaq. Peyvənd deyil ki, hamıya havayı, pulsuz vurasan. Bu dərmandır və kim xəstələnsə, aptekdən pulla ala, istifadə edə, bununla da xəstəliyi keçib gedə bilər. Amma vaksinsiz mümkün deyil. Dərmandan öncə vaksinlənmə aparılmalıdır. Vaksin böyük ölçüdə bu prosesin qarşısını alır. Epizodik olaraq da kim xəstələnsə, dərmandan da istifadə edə bilər. Yoxsa onu alsalar, onsuz da götürüb havayı paylamayacaqlar ki".Həkim bildirib ki, ölkəmizdə koronavirusun müalicəsində proses düzgün təşkil edilməyib və çox zaman xəstələr effektsiz dərmanlara böyük məbləğ ayırmalı olur:
"Koronavirusla bağlı müalicə prosesində həkimlər müxtəlif variantlara üstünlük verir. Müalicədə Rusiyadan gətirilən protokol əsas götürülür. O protokol ki, Rusiya artıq bundan imtina edib. Çünki bu, həm elmi, həm praktiki cəhətdən düzgün olmayan müalicədir. Ancaq həmin müalicəni klinikalarda bu gün də davam etdirirlər. Əgər xəstənin immun sistemində hansısa bir problem olarsa, həmin müalicə xeyir etmək əvəzinə, mənfi effekt verir. Ölüm halları məhz bununla bağlı olur. Buna görə də ölkəmizdə koronavirusa qarşı aparılan müalicə üsulunu düzgün hesab eləmirəm. Ölkə həkimlərinin də 90 faizi o protkolun ana xəttini saxlayıb, əlavə özlərindən nə qədər "rasxod" aparan dərmanlar varsa, hamısını yazırlar. Bir də görürsən, xəstənin müalicə xərci 1000 manata qədər gəlib çıxıb. Əslində, bunların heç bir əhəmiyyəti olmur. Ölkədə bu prosesə elmi yanaşma yoxdur".Rasif Bağırov "CoronaVac"la "Pfizer" vaksinlərinin də müqayisəsini aparıb. Onun sözlərinə görə, "Pfizer" "CoronaVac"la müqayisədə daha effektivdir:
““Pfizer”in vaksini də kifayət qədər özünü doğrulub. Təkrar dalğa zamanı da onun effekti özünü göstərdi. Əlbəttə ki, bu vaksinin daha çox alınıb vurulmasını biz də istərdik. Çünki bizə müraciət edən xəstələrin 90 faizi "CoronaVac"ı 2 dəfə vurdurublar, ancaq bu vaksin onlarda immunitet yaratmayıb, yenidən yoluxublar. Ona görə də "Pfizer"in vurulması daha yaxşı olardı. Hansı səbəbdən hökumət "Pfizer"i çox gətirmir, bilmirəm. Fikir verirəm ki, televizyalarda da "
CoronaVac"ın təbliğatını daha çox aparırlar, nəinki "Pfizer"in. Yalandan deyirlər ki, "Pfizer" ağırdır, əslində heç bir ağırlığı yoxdur. Məsələn, "
CoronaVac"ın tərkibində virusun özü var, lakin "Pfizer"də virusun yalnız RNK-sı var. Bu cəhətdən, "Pfizer"ın daha çox alınması yaxşı olardı".
Tarix: 5-01-2022, 15:02