Bizi qıran, məhv edən apteklərdir, dərmanların hamısı keyfiyyətsizdir - Şeyx Əbdül
Xalq artisti, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Şeyx Əbdül Mahmudov ölkədə olan bahalaşmaya münasibət bildirib.
Xalq artisti bildirib ki, sənət adamları bir yaşdan sonra ciddi müalicəyə ehtiyac duyur, amma qiymətlərin bahalığı onların vaxtında səhhətlərinin qayğısına qalmalarına imkan vermir: “Hazırda məni müflis edən apteklərdir. Mən xəstəliklə mübarizə aparıram. Cənab Prezidentə deyirəm ki, vallah pandemiyanın bizimlə işi yoxdur, bizi qıran, məhv edən apteklərdir. Çörək qalxdı heç nə demədik. Heç olmasa bu apteklərə nəzarət edilsin. Bunlara nəzarət edilmədiyi üçün qiyməti qaldırırlar, haram xoşları olsun. İnşallah axirət dünyasında yanacaqlar. Heç olmasa aldığımız dərmanların xeyri olsun, o da yoxdur.
Hamısı vaxtı keçmiş, içərisi dəyişdirilmiş... heç bir xəstəyə kömək etmir. Məni müalicə edən həkimlər resept yazan kimi deyirlər ki, bunları ya Türkiyədən, ya İrandan, ya da Rusiyadan gətizdir. Belə şey olarmı? Od qiymətinə bu millətə dərman satırsız, insan sağlamlığı üçün gedir dərman alır, amma dərmanların hamısı keyfiyyətsizdir.
Qiyməti bir gecədə, bir dəqiqəyə qaldırırlar. Nəyə görə Tarif Şurası xalqı adam yerinə saymır? Tarif Şurası kimdir, kimin uşaqlarıdır? Maraqlanaq ki, onlar nə qədər maaş alırlar. O Tarif Şurasında olan adamların uzaq qohumlarından biri Vətən Müharibəsində iştirak edibmi? İcra başçılarının, nazirlərin övladları xaricdə kef edirlər. Bu Tarif Şurası xalqı adam yerinə qoyub bir məsləhət etsin, nə olar ki?”./medicina.az
Tarix: 12-01-2022, 10:41