Günün gündəmi: “Omicron”dan ölüm riski mövsümi qripdən daha aşağıdır



Murat Aksoy: ““Omicron” ştammına qarşı qazanılmış antikor “Delta” ştammına qarşı da qoruyucu ola bilir”
“Omicron” ştammı bir çox əlamətləri ilə mövsümi qriplə eynilik təşkil edir. Bu, COVID-19 pandemiyasının sonuna yaxınlaşdığımızı deməyə əsas verirmi?
AYNA türkiyəli ümumi cərrahiyyə üzrə mütəxəssis Murat Aksoyun bu barədə fikirlərini təqdim edir. Həkim müxtəlif elmi araşıdırmalar və statistikalara söykənərək “Omicron” variantı ilə qrip arasındakı fərqləri, bu ştammın COVID-19 virusunun sonu olma ehtimalına dair fikirlərini bölüşüb.
COVID-19 necə bitəcək?
COVID-19 virusunun nə zaman bitəcəyi hər kəsi düşündürən sualdır. Bu istiqamətdə səsləndirilən fikirlərə görə, COVID-19 virusunun bitməsi bu üç yoldan biri ilə olacaq:
- Digər koronavirus infeksiyaları – SARS-CoV, MERS CoV kimi COVID-19 da zamanla azalaraq sıradan çıxacaq. Lakin bir çoxlarına görə, bu variantın özünü doğrultması inandırıcı görünmür.
- COVID-19-un hansısa variantı öz dominantlığını qoruyacaq və ola bilsin ki, həmin variant da hər il qrip kimi yayılacaq. Biz də həmin variant üzərində daha təsirli olan peyvəndlə özümüzü qoruyacağıq.
- Dünyanın müxtəlif yerlərində müxtəlif variantlar öz üstünlüyünü qoruyacaq.
Hazırda “Omicron” ştammının yayılması ilə ikinci variantın doğru olma ehtimalı daha yüksək görünür. Bu baxımdan bir qədər rahatlaya bilərik. Lakin “Omicron” variantının sürətlə yayılması narahatlıq yaradır. Araşdırmalar onu göstərir ki, indiyəcən ən yoluxdurucu variant məhz budur. Hətta PCR testində belə, aşkarlanmaya bilir. Nəticə neqativ çıxsa da, simptomlar özünü kəskin şəkildə büruzə verir. Xüsusilə qeyd etmək lazımdır ki, simptomlar digər variantlardan fərqlidir  və virus digər variantlarla müqayisədə bronxlarda və yuxarı tənəffüs yollarında 70 dəfə daha sürətlə çoxalır.
Qrip, yoxsa “Omicron”?
“Omicron” ştammının simptomları soyuqdəyməyə çox oxşayır. İlk vaxtlarda COVID-19-un simptomlarından danışarkən burun axması olan şəxslərin böyük ehtimalla, koronavirus olmadığını deyirdik. İybilmə və dadbilmənin itməsi də sonrakı mərhələlərdə əsas simptomlardan birisi olmağa başladı.
Lakin bu gün “Omicron” ştammına yoluxan şəxsləri müayinə etdiyimizdə görürük ki, bu qeyd edilənlər arxa planda qalır. Bu varianta yoluxmuş şəxslərdə burun axması, üşütmə, asqırma, boğaz ağrısı, halsızlıq kimi simptomlar özünü göstərir. Belə olduqda da soyuqdəymə ilə qarışıq salına bilinir.
“Omicron” ştammı ilə COVID-19 mövsümi xəstəliyə çevrilə bilərmi?
COVID-19-un ilkin versiyası və “Delta” ştammı ilə müqayisədə bu variant daha sürətlə yayıldı və yayılmaqda da davam edir. Bu, bizi ən çox narahat edən tərəfidir. Buna paralel olaraq isə xoş xəbər odur ki, “Omicron” variantına yoluxanlarda “Delta” variantına qarşı immunitet formalaşır.
Belə ki, Afrika Sağlamlıq İnstitutunun mütəxəssislərinin “Omicron” ştammına yoluxmuş 13 nəfərdən götürdükləri nümunələr əsasında apardıqları araşdırma nəticəsində məlum olub ki, “Omicron” ştammına qarşı qazanılmış antikor “Delta” ştammına qarşı da qoruyucu ola bilir.
Statistikalara baxdığımızda “Omicron” ştammına yoluxmanın yüksəldiyi yerlərdə “Delta” variantı ilə müqayisədə xəstəxanaya yatırılan, vəziyyəti ağırlaşanların sayı daha azdır. Təbii ki, burada peyvəndin də rolu var.
İlk vaxtlarda koronavirusa yoluxanlar arasında ölüm riski yüzdə üç idi. Peyvəndlənmənin başlaması ilə bu risk yüzdə birə düşdü. İndi isə mində birə enib. Bu zaman mövsümi qripdən ölüm statistikası ilə “Omicron” ştammının peyvəndlənmiş şəxslərdə rast gəlinən ölüm statistikalarını qarşılaşdırdığımızda bunların bir-birinə yaxın olduğunu görürük.
Ümimilikdə isə hazırda peyvəndlənmiş şəxslərin ölüm statistikası ilə mövsümi qripdən ölənlərin statistikasını qarşılaşdırdığımızda bir-birinə çox yaxın olduğunu görürük. Araşdırmalar da göstərir ki, “Delta” variantı ilə müqayisədə “Omicron” variantına yoluxan şəxslərin ölüm riski yüz dəfə daha zəifdir. Bu da o deməkdir ki, ölüm riski mövsümi qripdən də daha aşağıdır.
Lakin mövsümi qriplə müqayisədə “Omicron” daha yoluxdurucudur. Bu da daha çox həkimə, xəstəxana çarpayısına ehtiyac yaranması deməkdir. Bu da zincirvari problemə yol aça bilər. Belə ki, tibbi xidmətin yetərsizliyi özü ilə bərabər xəstəliyin irəliləməsi və ölüm riskinin artması deməkdir.
Yeni bir variant çıxmadığı halda düşünmək olar ki, hansısa variant öz dominantlığını qoruyaraq COVID-19-un mövsümi qrip xarakteri almasına səbəb ola bilər. Heç bir proqnoz yüz faiz doğru olmasa da, böyük ehtimalla, pandemiyanın sonuna yaxınlaşdığımızı söyləyə bilərik. Bu isə pandemiyanın bitməsi demək olmasa da, epidemiya ilə əvəzlənəcək. Lakin bunu da yaxşı bilirik ki, bir ölkədə hansısa variantın ortaya çıxması yenidən geniş bir şəkildə yayılmasına səbəb olur.
“Omicron”la mübarizədə nə köməyimizə çatacaq?
Tibbi maskadan istifadəni axsatmaq olmaz. Qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskadan istifadə etmək vacibdir.
İki doza peyvənd hələ qoruyucu sayılmır. Üçüncü doza peyvənd qəbul etmək lazımdır. Peyvəndin də qoruyuculuğu beş aydır. Bu da o deməkdir ki, üçüncü dozadan sonra da peyvəndlənməyimizə ehtiyac yarana bilər. Bunu zaman göstərəcək. Hələlik isə üç doza peyvənd qəbul etmək vacibdir.
Sağlamlığınıza diqqət edin!
Yuxu rejiminizə, qidalanmanıza fikir verin. Hərəkətdə olun. Şəxsi gigiyena qaydalarına əməl etməyi unutmayın.
Tərcümə AYNA-ya məxsusdur
Tarix: 13-01-2022, 21:30
Xəbəri paylaş





Xəbər lenti