"YOLUXMA SAYI BƏLKƏ DƏ 60 MİNDİR..." - Qapanmaya ehtiyac varmı?
Azərbaycanda COVİD-19 ("Omikron") virusuna yoluxma sayı 6 minlik psixoloji həddi keçdi. Əslində, "Omikron" virusunun yoluxma tezliyini nəzərə alsaq bu gözlənilən idi. Mütəxəssislər hələ ötən ay yoluxma sayının kəskin artacağı barədə xəbərdarlıq etmişdilər.Son günlər qonşu ölkələrdə də yoluxma sayında ciddi artımlar müşahidə olunur. Dünən Rusiyada 141 min 883, Türkiyədə 110 min 682, Gürcüstanda 26 min 320 virusa yoluxub. ABŞ və Fransada isə gündəlik yoluxma sayı 300 mindən çoxdur. Bütövlükdə, dünən dünyada 3 milyondan çox insanda virus aşkar olunub. Göründüyü kimi, əksər ölkələrdə yoluxma sayları rekord səviyyədədir. Buna rəğmən, artıq bir sıra ölkələr karantin rejiminin ləğv edilməsi və ya tamamən yumşaldılması kimi qərarlar qəbul edirlər. Buna səbəb kimi, koronavirus infeksiyasının artıq təhlükəli olmadğı göstərilib.
Yoluxmaların kəskin artdığına görə, Azərbaycanda yenidən iqtisadi sektorda qapanmalar ola bilərmi?İqtisadçı, deputat Vüqar Bayramov xatırladır ki, Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Onun sözlərinə görə, "Omikron" virusunun yayılma dairəsinin geniş olmasına baxmayaraq, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil.
İqtisadçı qeyd edib ki, real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir: "Xidmət, ictimai iaşə və turizm kimi sektorlarda aktivlik artıq bərpa olunur və 2022-ci ildə daha geniş dövriyyə hədəflənir. Bu baxımdan, sərt karantın tədbirlərinin tətbiqi deyil, hər birimizin virusdan qorunmaqla bağlı qaydalara tam əməl etməyimiz daha azruolunandır. Sərt karantin iqtisadi aktivliyi məhdudlaşdırdığı üçün məqsədəuyğun hesab olunmur".
Həkim, markoloq Müşfiq Hüseynov da "AzPolitika.info"ya bildirib ki, qapanmalara getmək olmaz: "Əvvəla, hamı xəstədir, rəsmi 6-7 min deyirlərsə, inandırım ki, gündəlik xəstə sayı bəlkə də 60 mindir. İkincisi, virusun bu ştammı 3-4 gün çəkir, ağırlaşma halları çox azdır, ölüm faizi ondan da aşağıdır. Bundan sonra qapanmaya heç bir ehtiyac qalmır. Peyvəndlənmə davam edir, fevralın 15-dən 3-cü dozaya başlayırlar. Mart - aprel ayında bu dalğa da sönəcək və yayda ümumiyyətlə koronavirus pandemiyasının tam sonlanacağı gözlənilir. Beləliklə, dünya normal həyatına dönəcək".
Tarix: 3-02-2022, 15:53