Azərbaycanda koronaya yoluxmanın sayı deyiləndən on dəfələrlə çoxdur
Son həftələrdə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına aşkarlanan yoluxmaların sayı artıb. Təkcə dünən, fevralın 2-də Azərbaycan üçün rekord sayda, 6 min 620 yeni yoluxma faktının qeydə alındığı açıqlanıb. Rəsmilər bunu yeni “Omikron” ştammının daha sürətlə yayılması ilə izah edirlər və yoluxmanın son vaxtlar əksər ölkələrdə artmaqda olduğunu bildirirlər. Bəzi ölkələr karantini sərtləşdirir, bir sıra ölkələr isə əks addımlar atırlar. Azərbaycan hansı qərarı verməlidir? Ölkədəki səhiyyə sistemi belə kütləvi yoluxmalara dözə biləcəkmi?
“Həftəsonu olduğundan işləmədiklərini bildirdi”
Hüquqşünas Ələsgər Məmmədli deyir ki, ötən şənbə günü, yanvarın 29-da yoldaşının temperaturu yüksəldiyindən Səhiyyə Nazirliyinin 814 nömrəli Qaynar xəttinə zəng edib, lakin onun zənginə cavab verən olmayıb: “39 saylı Şəhər Poliklinikasının sahə həkiminə zəng vurub vəziyyəti izah etdim, test götürülməsini xahiş etdim. Həftəsonu olduğundan işləmədiklərini bildirdi”. Ə.Məmmədlinin sözlərinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) ona Bakı şəhərinə Səhiyyə Nazirliyi məsuliyyət daşıdığını bildiriblər: “Dedilər ki, onlar bazar günü işləmir, siz birinci gün əlaqə saxlayın”. Hüquqşünas əlavə edir ki, aptekdən aldığı ekspress-testin nəticəsi pozitiv olub: “Bu nəticələrlə bazar günü təkrar 1542-yə və 814-ə zəng vurub vəziyyəti izah etdim, dedim ki, belə halda birinci gün işə gedərsə, hər kəsi yoluxdura bilər. Hər ikisinin cavabı mənə bu oldu ki, bazar günü işləmirik, birinci gün 9-dan sonra zəng edin”. O deyir ki, sahə həkiminə təkrar zəng edəndə müraciətlərin çox olduğunu söyləyiblər, beş gün keçsə də, testi gəlib götürən olmayıb.
“Çarpayı fondu ilə bağlı heç bir problem yoxdur”
Bu fikirlərə, Səhiyyə Nazirliyindən, hələlik, münasibət almaq mümkün olmayıb. TƏBİB-dən isə “Turan”a bildirilib ki, hazırda xəstəxanalarda çarpayı fondu ilə bağlı heç bir problem yoxdur. Karantinin sərtləşdirilib-sərtləşdirilməyəcəyi ilə bağlı məsələyə gəlincə, qurumdan vurğulanıb ki, bu barədə qərarı Nazirlər Kabinetinin yanında Operativ Qərargah verir. Nazirlər Kabinetindən də karantin qaydalarının sərtləşdirilib-sərtləşdirilməyəcəyi ilə bağlı indilikdə heç nə söyləyə bilməyəcəklərini qeyd ediblər. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı isə “Turan”a deyib ki, bütün dünyadakı kimi, Azərbaycanda da yoluxma saylarının artması “Omikron” ştammı ilə bağlıdır: “Həmin ştamm çox sürətli yoluxucu xüsusiyyətə malik olsa da, insanlar onu daha yüngül keçirir. Amma bu o demək deyil ki, insanlar bunu bilib daha məsuliyyətsiz davransınlar, vaksin və gigiyena məsələlərinə laqeyd yanaşsınlar”.
“Karantin rejiminin sərtləşdirilməsi gözlənilmir”
Deputat qeyd edib ki, koronavirusdan əvvəl də insanlar qrip virusuna və onun ağır formalarına yoluxurdu: “”Omikron” ştammının xüsusiyyətləri də göstərir ki, koronavirus artıq tamamilə mutasiyaya uğramaq üzrədir və təhlükəsi yavaş-yavaş azalır”. O, qapanmalara gediləcəyinə inanmadığını bildirib: “Əvvəlki dövrlərlə və əvvəlki ştammlarla müqayisədə “Omikron”a yoluxmuş şəxslərin arasında ağır xəstələnənlər çox azdır. Ona görə də yoluxanların sayı artsa da, karantin rejiminin sərtləşdirilməsi gözlənilmir”. Komitə üzvü həmçinin, vətəndaşları peyvənd vurdurmağı tövsiyə edib.
“Səhiyyə sistemi insanlardan test götürməyi çatdırmır”
Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da AzadlıqRadiosuna bildirib ki, yoluxmaların sayının artması “Omikron” ştammı ilə bağlıdır: “Sözsüz ki, yoluxmanın sayı deyilənlərdən onlarla dəfə daha çoxdur”. Onun sözlərinə görə, xəstələnmiş insanlar test vermirlər, həmçinin, Azərbaycanda olan testlər “Omikron” ştammını müəyyən etməkdə çox böyük xətalara yol verirlər: “Buna görə “Omikron”a xas olan xüsusi testlər alınmalıdır. Yəqin ki, bu proses artıq gedir”. Ekspert deyir ki, qapanmanı müəyyənləşdirəcək məsələ səhiyyə sisteminin yüklənməsidir: “Əgər insanların çoxu evdə müalicə alırsa, boş çarpayı fondunun ehtiyatları yaxşıdırsa, qapanmaya ehtiyac yoxdur”. Bununla belə, o qeyd edib ki, səhiyyə sistemi hazırda insanlardan test götürməyi artıq çatdırmır. Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimi tətbiq edilir. Bu rejim sonuncu dəfə bu il martın 1-nə kimi uzadılıb. Bu müddət ərzində karantin yoluxma sayından asılı olaraq bəzən sərtləşdirilib, daha sonra da yumşaldılıb. Azadlıq radiosu