TƏCİLİ TİBBİ YARDIM GƏLMİR, ANALİZİN CAVABI GECİKİR... - Səhiyyə sistemi “Omikron”la niyə bacarmır?


Bir neçə gündür Azərbaycanda koronavirusun “Omikron” ştamının sürətlə yayıldığı müşahidə edilir. Xüsusən də son günlər virusa yoluxma və aktiv xəstə sayında ciddi artım qeydə alınır. 1 həftə bundan öncə ölkədə aktiv xəstə sayı 27 min, gündəlik yoluxma 2-3 min nəfər idisə hazırda aktiv xəstə sayı 47 min, gündəlik virusa yoluxanların sayı isə 7 mindən yuxarıdır. Lakin bu statistikanın özü də reallığı tam əks etdirmir. Çünki demək olar, ətrafımızda olan hər 3 nəfərdən birində virusun əlamətləri müşahidə olunur.
Bir çoxları “Omikron” daşıyıcısı olsa da, bunun adi soyuqdəymə, qrip olduğunu zənn edərək, analiz vermir və xəstəliyə qeyri-ciddi yanaşır. Analiz vermək istəyənlər isə bunu etmək imkanlarından demək olar ki, məhrum olublar. Nəticədə virusun yayılma tezliyi bir qədər də sürətlənmiş olur. Bunun səbəbi isə Səhiyyə Nazirliyi və TƏBİB-in qeyri-peşəkar fəaliyyəti ilə əlaqədardır. Hazırda bu iki qurum kimin xəstə, kimin sağlam olduğunu heç özü də müəyyənləşdirə bilmir...
Vətəndaşlar bir neçə gündür sosial şəbəkələrdə “Covid-19” testi üçün çağırılan təcili tibbi yardımın gəlmədiyini və analiz nəticələrinin gec çıxdığını bildirirlər. Təcili tibbi yardım gəlmədiyindən insanlar məcburən özləri xəstəxanalara getməli olurlar. Ona görə də, hazırda bütün xəstəxanaların qarşısında növbələr, sıxlıq müşahidə olunur. Min bir əziyyətlə verilən analizlərin cavabı isə 1 həftədən tez çıxmır.

Mövzu ilə bağlı sorğumuzda iştirak edən paytaxt sakini Zamin Əliyev “AzPolitika.info”-ya bildirib ki, 5 gün bundan öncə analiz versə də indiyə qədər ona heç bir cavab gəlməyib: ”Özümdə virusun əlamətlərini hiss etdikdən sonra xəstəxanaya gedərək analiz verdim. Demək olar ki, sağalmağıma 2-3 gün qalıb, amma hələ də testin nəticəsini öyrənmək mümkün olmayıb”.
Digər şəhər sakini Səməd Qurbanov isə deyir ki, analiz nəticələri ən geci 3 gün ərzində açıqlanmalıdır: “Aidiyyatı qurumlar məsələyə etinasız yanaşdığından vətəndaşlar məcbur qalıb müxtəlif metodlarla özlərini mualicə etməyə çalışırlar. Analiz verdikdən 1 həftə sonra isə “sms” gəlir ki, “sizdə virus aşkarlanmadı”. Nəticədə də bu insanlar günlərlə lazımsız dərmanlar qəbul edərək, psixoloji sarsıntı keçirmiş olurlar”.
Nərmin Heydərova isə bildirir ki, test verə bilmədiyindən hələ də virusa yoluxub-yoluxmadığını aydınlaşdıra bilməyib: “Adi testlərin cavabı gec çıxdığından, özəl tibb müəssisələrindən birinə yollandım. Lakin orada məndən 130 manat tələb etdikllərinə görə, analiz verə bilmədim”.
Virus bir balaca aktivləşən kimi ölkədəki səhiyyə xidmətinin hansı vəziyyətdə olduğu bir daha ortaya çıxır. Hər il böyük vəsaitlərin ayrıldığı səhiyyə sistemi bugün vətəndaşlara adi xidmətləri belə göstərməkdə çətinlik çəkir. Məlumat üçün qeyd edək ki, 2022-ci ildə dövlət büdcəsindən Səhiyyə Nazilrliyinə 1 millyard 788 milyon manat vəsait ayrılıb.
Xatırladaq ki, bu yaxınlarda Səhiyyə Nazirliyi və TƏBİB-in ortaq bəyanatında göstərildiyi kimi, yanvarın 24-dən etibarən virusa yoluxanların karantin müddəti 1 həftəyə endirildi. Məlumatda qeyd olunur ki, virusa yoluxan şəxs 1 həftə sonra sağalmağa başlayır və ətrafındakı insanları yoluxdurmur. Maraqlısı da odur ki, hazırda “Covid-19” testlərinin cavabı insanlar yoluxub sağaldıqdan sonra ortaya çıxır.

Qeyd edək ki, “Covid-19” testinin nəticəsi qandan və burun-boğazdan götürülən analiz nəticəsində müəyyən olunur. Testin nəticəsi isə 24-72 saat ərzində elan olunur. Dövlət xəstəxanalrında analizlər pulsuz olsa da, özəl tibb müəssisələrində müəyyən ödəniş qarşılığında nəticəni daha tez bilmək olur. Belə xəstəxanalarda qan nümunəsi ilə verilən testin qiyməti 45-110, PCR üsuluyla götürülən testin qiyməti isə təxminən 85-140 manat aralığında dəyişir. Bundan əlavə ekspress testlər də var ki, onlardan istifadə etməklə 45 manat qarşılılğında 1 saat ərzində analizin cavabını öyrənmək mümkündür.

Mövzuyla bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, bundan əvvəl baş verən yoluxmalar zamanı da analoji vəziyyət yaşanmışdı: “Hazırda ölkədə virusa yoluxanların sayında rekord göstəricilər qeydə alınır. Hesab edirəm ki, analiz nəticələrinin gec açıqlanmasının səbəbi PCR və test aparatlarının sayının az olmasıyla əlaqədardır. Ona görə də hazırda növbələr yaranır və belə problemlər baş verir. Hazırda problemin həlli kimi, növbəlilik prinsipinə əməl etmək olar. Məsələn, ilk öncə daha ağır simptomu olanlardan analiz nümunələri götürülməlidir. Daha sonra yüngül simptomu olanların analiz nəticələrini yoxlamaq olar. Çünki kəskin simptomu olan insanların xəstəliyində ağırlaşma halları baş verə bilər. Ona görə bu növbəlilik sisteminin tətbiqi olduqca vacib məqamdır”.
TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış isə “AzPolitika.info”-ya bildirdi ki, ölkədə koronavirusun “Omikron” ştamının aşkarlanmasıyla əlaqədar dövlət tibb müəssisələrinə müraciətlərin sayı xeyli artıb: “Bu da mövcud laboratoriyaların iş yükünün artmasına səbəb olub. Hazırda götürülən test nümunələrinin tez bir vaxtda açıqlanması və prosesin sürətləndirilməsi məqsədilə mütəmadi addımlar atılır”.
Bu açıqlamadan belə nəticəyə gəlmək olur ki, analiz nəticələrinin araşdırıldığı labaratoriyaların sayı kifayət etmədiyindən belə problemlər baş verir. Sual olunur ki, testin cavabı 1 həftəyə, 10 günə çıxırsa hər il dövlət büdcəsindən koronavirusla mübarizəyə ayrılan pullar, ianələr, yardımlar hara və necə xərclənib? Necə olur ki, 10 milyon əhalisi olan bir ölkədə gündəlik 20 mindən artıq test nümunəsi götürmək mümkün olmur? Eyni zamanda mütəmadi olaraq, dövlət büdcəsi hesabına alınan çoxlu sayda təcili tibbi yardım maşınları hara yoxa çıxıb, niyə vətəndaşlara xidmət göstərmir?
Hər halda, ümid edək ki, yeni Səhiyyə Naziri Teymur Musayev və onun yeni muavinləri gələcəkdə belə sualların yaranmaması üçün lazımi addımlar ataraq səhiyyə sistemindəki sadaladığımız və sadalamadığımız çoxsaylı problemləri aradan qaldırmağa çalışacaqlar...
Tarix: 8-02-2022, 22:14
Xəbəri paylaş





Xəbər lenti