İnfeksionist: “Artıq karantin məhdudiyyətlərinin olması məntiqli deyil”
Xəbər verdiyimiz kimi, artıq bir çox ölkələrdə pandemiya ilə bağlı qadağalar tamamilə aradan qaldırılıb. Bəs, Azərbaycanda da bu qadağalar ləğv oluna bilərmi?Suallımızı cavablandıran həkim-infeksionist Mərdan Əliyev
Demokrat.az-a açıqlamasında bildirib ki, yaxın müddətdə Azərbaycanda da məhdudiyyətlər aradan qaldırılacaq. Ekspert bildirib ki, artıq ölkəmizdə kollektiv immunitet formalaşıb:
“Bildiyimiz kimi, bütün dünyada yavaş-yavaş koronavirusa yoluxma sayları azalır. Buna görə də, karantin qaydaları, məhdudiyyətlər də aradan qaldırılır. Qeyd edim ki, artıq qardaş Türkiyədə açıq havada maska taxılması tam aradan qaldırılırdı və digər yumşalmalara da gedildi. Əlbəttə ki, bizdə də yaxın günlərdə bu proses baş verəcək. Yəqin ki, xüsusi karantin rejimi bundan sonra uzadılmayacaq və çox güman ki, məhdudiyyətlər tamamilə aradan qaldırılacaq. Bunun da əsas səbəbi koronavirusun “Omicron” varinatı ilə bağlıdır. Çünki yoluxmalar kütləvi halda baş verdi və bununla da kollektiv immunitet formalaşdı. Düzdür, yenə də xəstələnmə hallarına rast gəlinir, amma bu çox yüngül keçirilir. Çünki artıq insanlar təkrar yoluxmalara məruz qalıblar, o cümlədən də peyvənd vurduranların sayı kifayət qədər çoxdur. Xüsusən də, risk qrupuna daxil olanlar artıq 3-cü dozanı vurdurublar. İndi istisnalar var ki, vaksindən qorxanlar vurdurmayıb, amma onların da əksəriyyəti xəstəliyi keçirib. Buna görə də, artıq karantin qaydalarının saxlanılması və məhdudiyyətlərin olması məntiqli deyil. Bunlar yəqin ki, tez müddətdə Azərbaycanda da aradan qaldırılacaq”.
Tarix: 4-03-2022, 21:28