Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır? - VİDEO


Qiyməti Tarif Şurası tərəfindən tənzimlənməyən dərmanlar müxtəlif apteklərdə müxtəlif elə qiymətlərə də satılır. Bəzən qiymətlər arasındakı fərq 20-25-30 manata qədər olur. Bu isə haqlı olaraq alıcıların ciddi narazılığına səbəbdir. Bəs dərman bazarında belə xaotik vəziyyətin hökm sürməsinə səbəb nədir?

Tarif Şurası tərəfindən tənzimlənməyən dərmanların qiyməti artıq vətəndaşların səbrini daşırıb. Deyirlər ki, bu cür dərmanları müxtəlif apteklərdən müxtəlif qiymətlərə alırlar. 

Əczaçılar deyirlər ki, apteklər dərmanları müxtəlif depolardan alırlar. Hər deponun isə öz qiyməti var. Bundan başqa apteklər depodan alınan dərmanın qiymətinin üzərinə öz faizini də əlavə edir. 

Əczaçıların sözlərinə görə, hazırda əksər depoların apteki, hətta, apteklər şəbəkəsi var. Nəticə olaraq dərmanlar həmin  apteklərdə alıcılara daha ucuz qiymətə satılır.  

Tibb üzrə elmlər doktoru Adil Qeybulla deyir ki, dərman maddələrinin əksəriyyəti İcbari Tibbi Sığorta paketinə daxil edilməlidir. Hazırda ölkəmizdə dərman maddələrinin dövlət reystiri ictimaiyyətə açıq olmadığından bazarda xaotik vəziyyət hökm sürür.

Professorun sözlərinə görə, bu cür dərmanların apteklərdə açıq şəkildə satılması qadağan edilməlidir. Bu dərmanlar yalnız resept əsasında verilməlidir.
 
 
Tarix: 8-03-2022, 08:11
Xəbəri paylaş





Xəbər lenti