Dünya pandemiya ilə vidalaşır: Azərbaycan hələ tələsmir - AXI NİYƏ?!
Dünyada pandemiya ilə bağlı elə vəziyyət yaranıb ki, elə bil iki ildir planet bu dərdə çarə axtarmırdı. Qərb ölkələri bir-birinin ardınca karantin qaydalarını ləğv edir. Hiss olunur ki, uzağı yayın sonuna qədər pandemiya tamamilə unudulacaq. DİA.AZ bizimyol.info-ya istinadla xəbər verir ki, Fransada maska rejimi ləğv olunub. Bundan sonra ictimai nəqliyyatdan və tibb müəssisələrindən başqa heç bir yerdə belə qorunmaq vasitəsi tələb edilməyəcək. Daha vaksin pasportunu da göstərməyə ehtiyac yoxdur. Düzdür, tibb mütəxəssisləri hökumətin karantin qaydalarını yumşaltmağa çox tələsdiyini düşünür. Xarici İşlər Naziri Jan-İv Le Drian onlarla razılaşır. Nazirin fikrincə, təhlükəsizlik tədbirlərini heç unutmaq olmaz.
Almaniyada yumşalma martın 20-dən başlayacaq. Hökumət prosesi çox uzatmaq istəmir. Amma Almaniya Səhiyyə Naziri Karl Lauterbax yoluxma sayının çoxluğunu xüsusi narahatlıqla qeyd edir.
Niderlandda vacib addımı martın 23-də atacaqlar. Martın 18-dən Böyük Britaniyada səyahətsevərlər üçün məhdudiyyətlər aradan qaldırılır. Ümumiyyətlə, Qərb ölkələrində qadağaların işə yaramadığını düşünürlər. Buna görə də ölkələr bir-birinin ardınca karantin rejimindən imtina edir.
İş orasındadır ki, dünyada yoluxma sayı da artmağa başlayıb. Cənubi Koreyada yeni rekord qeydə alınıb. Çində bu istiqamətdə iki dəfə artım olub. Xüsusilə Tszilin bölgəsində vəziyyətin ürəkaçan olmadığı bildirilir. Həmin əyalətdə və yaxın rayonlarda lokdaun elan olunub.
Avropada narahatlığa ciddi əsas görmürlər. Çünki ağır xəstələrin sayı çox deyil. Qərb ölkələrində hesab edirlər ki, bu, daha təhlükəli xəstəliklər siyahısında yer almamalıdır. Hər halda, kollektiv immun yaranması istiqamətində vacib işlər görülüb.
Azərbaycanda hələ tələsən yoxdur. Müəyyən yumşalmalar qeydə alınıb. Amma əhali daha çox iki məsələdə qaydanın ləğvini gözləyir. Hər şeydən əvvəl qapalı məkanlarda maska tələbinin yığışdırılmasına ehtiyac var. Bir tərəfdən artıq xəstəlik təhlükəli deyil, digər tərəfdən böyük əksəriyyət peyvəndləmə prosesində iştirak edib. Məhz buna görə peyvənd pasportunun tələbi də yersiz görünür.
Başqa bir problem sahibkarların gözümçıxdıya salınmasıdır. Hələ də Azərbaycanda maska taxmayan müştəriyə görə sahibkarlar 400 manat cərimə ödəyir. Görünür, hökumət belə böyük gəlir mənbəyi ilə vidalaşmaqda çətinlik çəkir. Acısını isə bütün cəmiyyət çəkir...