Süd və ağartı sənayesi ciddi təhlükəli ilə qarşı-qarşıyadır. Azərbaycan aqrar ölkə olsa da hazırda biz fəlakətin astanasındayıq. Ticarət obyektlərində keyfiyyətsiz, saxta məhsullar baş alıb gedir.“Süd və süd məhsullarının istehsalı, satışı ilə bağlı vəziyyət yumşaq desək, faciəvidir. Bu sahədə çox sayda ciddi problemlər var- həm yerli istehsalda, həm idxalda. Ötən il süd məhsullarının idxalı əvvəlki illə müqayisədə 15-20 faiz, kərə yağı idxalı isə 25 faiz artıb”.
Bizim.Media-a sözügedən sahə ilə bağlı problemləri ekspert
Elçin Bayramlı izah edib:
“Son 10 ildə kərə yağı istehsalı təxminən 30 faiz azalıb. Bu rəqəmlər konkret bu sahənin tənəzzülü deməkdir. Halbuki ölkəmizin heyvandarlıq üçün böyük potensialı var. Kənd Təsərrüfatı Nazirliyi normal işləyə bilmədiyindən ölkənin ərzaq sektorunda ciddi problemlər yaranır. Məhz bu səbəbdən idxaldan asılılığımız 50 faiz civarındadır və qlobal ərzaq böhranı şəraitində bu vəziyyət ərzaq təhlükəsizliyi cəhətdən çox qəliz durumdur”.
Elçin Bayramlı bugünkü süd və ağartı sənayesinin keyfiyyət sarıdan da böhran yaşadığını bildirib:“Süd məhsulları ən çox saxtalaşdırmaya və kimyəvi təsirlərə məruz qalan seqmentdir. Xüsusən də yağ məhsulları. Artıq ölkə bazarında təbii yağ məhsulu, əsasən də kərə yağı tapmaq çox çətindir. Böyük əksəriyyəti süni kimyəvi maddələrdən, spredlərdən, palma yağından və marqarin yağlarından hazırlanmış “kərə” yağlarıdır. Bunlar sağlamlıq üçün son dərəcə təhlükəlidir”.
Ekspert qeyd edib ki, yerli istehsalla yanaşı idxal məhsullarının da keyfiyyəti çox aşağıdır. Xaricdə ən ucuz, zərərli yağları bizim idxalçılar alıb ölkəyə gətirir və rahatca satırlar:“Yalnız Belarus mağazalarında satılan kərə yağları sınaqdan keçirilir. Azərbaycana il ərzində 55-60 min ton civarında palma yağı gətirilir, bunun da sonrakı taleyi haqda məlumat yayılmır. Şübhə yoxdur ki, bu yerli yağ istehsalçıları tərəfindən istifadə olunur və təbii kərə yağı, ya da btki yağı adı altında istehlakçılara satılır”.
Ekspert qida sənayesində indi “yağ terroru”nun hökm sürdüyünü deyib:“Yağ saxtadırsa, onunla hazırlanan sağlam məhsulları da zəhərləyir. Faktiki olaraq istehlakçılara qarşı yaş terroru gedir. Təsadüfi deyil ki, son vaxtlar, xərçəng, şəkər, mədə-bağırsaq, ürək-qan damar xəstəliklərinin sayı kəskin artıb. Bunun da ən böyük səbəbi saxta qidalardır”.
Sosioloq qeyd edir ki, yağ məmulatlarının qiymətinin davamlı artması əhalinin onsuz da az olan yağ istehlakını azaldır:“10 il əvvəl adambaşına düşən illik istehlak 5 kq civarında idisə, indi bu rəqəm 3 kq-a düşüb. Bu isə normal ölkələrdəkindən 2-3 dəfə aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının tərtib etdiyi qida normasına görə, sağlam inkişafı təmin etmək üçün bir nəfər il ərzində 7,2 kiloqram kərə yağı istehlak etməlidir. Bu isə o deməkdir ki, Azərbaycan əhalisi kərə yağını normadan 2,5 dəfə az istehlak edir. Bunun da çox hissəsi, saxta, zərərli və ya keyfiyyətsiz yağlardır”.
Elçin Bayramlı onu da vurğulayıb ki, problem təkcə yağlarla bağlı deyil. Bütün süd məhsullarında problem var. O, hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyi yerli istehsalın artırılması üçün üzərinə düşən işi yerinə yetirməlidir.
Ekspert Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qeyri-funksiallanığına da toxunub: “Əksinə, AQTA GMO məhsulların istifadəsini qanuniləşdirməyə çalışır. Bazarın öyrənilməsində biganəlik göstərirlər. Apardığımız kampaniya zamanı üzə çıxarmışıq ki, agentlik əhalinin sağlamlığına ağır zərər vuran məhsullara yaşıl işıq yandırmaqda davam edir. Bütün mağazalar insanlarımızın həyatını təhlükəyə atan süd və ağartı məhsulları ilə doludur”.
Tarix: 7-04-2022, 13:30