“Dövlət xəstəxanalarında həkimlər qul kimi işlədilir” - Sədr müavinindən AĞIR İTTİHAM


"Həkimlərin dövlət xəstəxanalarında deyil, özəl xəstəxanalarda çalışmağa maraqlı olmasının ciddi səbəbləri var. İcbari Tibbi Sığortanın tabeçiliyində olan xəstəxanalarda tibb işçilərini qul kimi işlədirlər. Əvəzində isə çox kiçik əmək haqqı verirlər". 

Bu sözləri Bizim.Media-ya açıqlamasında həkim-radioloq, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev deyib.

O, bildirib ki, yaranmış vəziyyət çox acınacaqlıdır, dövlət müəssisələri hər gün boşalır, təəcrübəli həkim orada qalıb işləmək istəmir:

"İcbari Tibbi Sığorta təzə fəaliyyətə başlayanda həkimlərə böyük vədlər verilmişdi. Bu vədlər yüksək əmək haqqı, xəstələrdən gələn ödənişlərdən bonus əlavələri və s. idi. Təəssüflər olsun ki, bunlar heç biri özünü doğrultmadı”.

Aydın Əliyev bildirib ki, maaşlar təqribən 1000 manat civarında artırıldı, amma onların gördüyü iş dəfələrlə çoxdur:

“Həkimlərimiz bəlkə də 50 min manatlıq iş görürlər. Məsələn, bu yaxınlarda mənim qəbuluma bir vətəndaş gələrək bildirdi ki, dövlət xəstəxanasına gedib orada ona növbədə 70-ci adam olduğunu deyiblər. Lakin özəl xəstəxanalarda heç bir zaman növbə anlayışı olmur. Yəni təsəvvür edirsiniz ki, dövlət xəstəxanasında bir həkim gün ərzində 70-80 xəstəni qəbul etməyə məcbur edilir. Bu isə fiziki olaraq heç bir zaman mümkün olmayan bir məsələdir. Burada bir neçə nüans ortaya çıxır. Birincisi, həkim həm fiziki, həm də zehni cəhətdən çox yorulur. İkincisi odur ki, o qədər sayda xəstəni qəbul edib, keyfiyyətli bir iş görmək, onu müayinə etmək, onu dinləmək və müalicə qrafiki yazmaq mümkün deyil”. 

Doktor qeyd edib ki, bunun da müqabilində xəstələr arasında haqlı narazılıqlar yaranmağa başlayır. Amma bir mənalı şəkildə həkimləri günahlandırmaq da doğru deyil:

“Həkimlərə vəd edilən bonuslar aylarla verilmir. Axı, bu həkimin sərbəst şəkildə daha çox qazanmaq imkanı var. Ona görə də həkimlərimizin özəl xəstəxanalara axını baş verir. Bir həkim olaraq ümid edirəm ki, bu məsələ ilə bağlı tezliklə lazimi tədbirlər görüləcək”.
Tarix: 9-03-2023, 13:21
Xəbəri paylaş





Xəbər lenti