Bərdədə vacib müayinə otağı 10 min manata görə iki ildir işləmir - FOTO

Bərdədə vacib müayinə otağı 10 min manata görə iki ildir işləmir
“Bərdə Rayon Mərkəzi Xəstəxanasında iki ildir rentgen müayinəsi aparılmır. Pasiyentlər müraciət edə bilmir, məcbur qalıb, digər tibb müəssisələrinə yönləndirilirlər. Problemlə bağlı dəfələrlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ərizə yazıb, məlumat vermişəm”.

Siam.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-rentgenoloqu Rüxsarə Salmanova deyib. O bildirib ki, sözügedən problem iki ildir mövcud olsa da, həlli üçün hələ ki bir addım atılmayıb:

“Vətən müharibəsi ərəfəsində hərbçiləri, hərbi çağırışla bağlı tibbi yoxlamadan keçməli olan gəncləri buraya yönləndirirdilər. Həmin ərəfədə rentgen aparatı çox yüklənmişdi. Gün ərzində təxminən 100 nəfərə qədər pasiyent qəbul edirdik. Cihazın generatoru tab gətirmədi və yandı. Hazırda cihaz işləmədiyi üçün mədəaltı vəzidə, ciyərlərdə, bronxlarda olan problemləri təfərrüatı ilə görmək, pasiyentə diaqnoz qoymaq mümkün deyil. Ona görə istəyirəm ki, cihaz düzəlsin ki, pasiyentlərə xidmət göstərə bilək”.

Həkim deyir ki, pasiyentlər vaxtaşırı zəng edərək cihazın düzəlib-düzəlmədiyini soruşurlar:

“Pasiyentləri əvvəl yaxınlıqdakı travmatologiya xəstəxanasına göndərirdik, sonra ora bizim xəstəxanaya birləşdirildi. Bir də Bərdə Diaqnostika Mərkəzinə göndəririk. Amma bizim öz xəstəxanamızda mənim məsul olduğum rentgen şöbəsində heç bir müayinə aparmaq olmur. Mən dəfələrlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etmişəm. Səkkkiz ay bundan əvvəl müraciətimə cavab gəldi ki, baxılacaq. Sevinmişdim ki, nə yaxşı, həll olunacaq. Amma böyük ehtimal, cihazın generatorunun yenilənməsi ciddi vəsait tələb etdiyindən problemin həlli bu qədər uzanır. Eşitdiyimə görə, cihazın bərpası üçün 10 min manata qədər vəsait lazımdır. Həkim kimi buna öz gücüm çatmır, yoxsa çoxdan yeniləyərdim”.

Bərdədə vacib müayinə otağı 10 min manata görə iki ildir işləmir

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlamışıq.
Tarix: 13-03-2023, 14:34
Xəbəri paylaş





Xəbər lenti