Dünyada qaraciyər çatışmazlığına səbəb olan xroniki xəstəliklərin sayı ildən-ilə
artmaqdadır. Qaraciyər nəqli hər hansı bir və ya iki üzvün funksiyasının tamamilə
pozulması və sıradan çıxması zamanı qəbul olunmuş yeganə müalicə üsuludur.
Aparılan tədqiqatlara görə, son 3 ildə Türkiyədə böyrək köçürülmüş qadınların
37%-ni, qaraciyər nəqli olanların 41%-ni, Amerikada isə 60%-ini reproduktiv
yaşlı qadınlar təşkil edir.Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, gömrük tibb
xidməti polkovnik-leytenantı, t.ü.f.d., mama-ginekoloq Təranə Bayramova
qaraciyər nəqli olan qadınlarda reproduktiv funksiyanın öyrənilməsi və idarə
olunması barədə suallarımızı cavablandırıb.
- Təranə həkim, qaraciyər nəqlindən sonra hamiləlik mümkündürmü? - Tibb tarixində qaraciyər nəqlindən sonra ilk uğurlu hamiləlik haqqında 1978-ci
ildə məlumat verilmişdir. 40 həftə 5 günlük hamiləlik nəticəsində çəkisi 2400
qram olan uşaq doğulmuşdur. Ana və uşaq sağlam olmuş, doğuşsonrası bir illik
müşahidə zamanı ağırlaşmalar izlənməmişdir.
- Qaraciyər köçürülməsindən sonra uyğun hamiləlik vaxtı necə təyin edilir? - Qaraciyər transplantasiyasından sonra hamiləlik üçün ən uyğun vaxt qaraciyər
funksiyasının normallaşdığı müddət və bu dövr ərzində fəsadlaşma olmaması şərti
ilə nizamlı dərman müalicəsindən sonrakı dövr uyğun hesab edilir. Əvvəlki illərdə
orqan rəddetməsinin baş verməməsi, nəql olunan orqan hissəsinin funksiyasının
sabit və düzgün olması, dölün inkişafına təsir göstərən kəskin infeksiyalaşmanın
görülməməsi, immunosupressiv dərman dozasının sabitliyi qorunub saxlanıldığı
təqdirdə hamiləliyin baş verməsi mümkündür. Aparılan tədqiqatlardan sonra
məlum olmuşdur ki, qaraciyər nəqlindən 2 il sonra hamilə qalmaq uyğundur.
- Qaraciyər nəqli olmuş hamilələrdə ana və dölə bağlı hansı ağırlaşmalar ola
bilər? - Anaya bağlı ağırlaşmalara arterial təzyiqin yüksəlməsi, şəkərli diabet, qanda
laxtalanmanın pozulması, qanazlığı, infeksiya, nəql olan orqan hissəsinin sıradan
çıxması, öd yollarında durğunluq, böyrəklərin iltihabı aid edilir. Dölə bağlı
ağırlaşmalara isə hamiləliyin ilkin həftələrində dölün inkişafdan qalması,
bətndaxili inkişafın ləngiməsi və hipoksiyası, immun sisteminin çökməsi,
anadangəlmə infeksiya (toxoplazmoz, HBV, HCV, CMV) və autoimmun xəstəlik
risklərinin yüksək olması aiddir.
- Hamiləlikdə immunosupressiv dərmanlardan istifadə oluna bilərmi?- Hamiləlik planlanarkən transplantasiya komandası ilə immunosupressiv dərman,
ana, döl və nəql olunan orqan hissəsi üçün fayda və zərərlər müzakirə edilməli və
ən etibarlı müalicə sxemi seçilməli və immunosupressiv müalicə davam
etdirilməlidir.
- Hansı immunosupressivlərin hamiləlik dövründə istifadəsi uyğundur? - Kortikosteroid, Basiliximab, Cyclosporine, Tacrolimus, Sirolimus, Everolimus,
Micophenolate mofetil, Azathioprine.
- Orqan transplantasiyası olan qadınlarda zahılıq və südvermə dövrü necə
idarə olunmalıdır? - Ana və gələcək körpənin sağlamlığı üçün nəql edilən orqan hissəsinin funksiyası
təqib edilməli, qanda vaxtaşırı immunosupressiv vasitələrin səviyyəsi təyin
olunmadır. Takrolimusun ana südünə çox az keçdiyini nəzərə alaraq, südverən
analara təyin edilə bilər. Südvermə dövründə immunosupressiv dərmanların
körpələrin mental və fiziki inkişafına təsir etməməsi müəyyən olunmuşdur, lakin
bəzi hallarda zahılıq dövründə immunsupressantlar depressiya yarada bilər.
- Qaraciyər nəqlindən əvvəl və sonra hansı tövsiyələr verilə bilər? - Nəqldən əvvəl qadın alıcılar mütləq ginekoloji müayinə olunmalı, pap testi
alınmalı və nəticəsi dəyərləndirilməli, problemlər varsa, nəqlə qədər aradan
qaldırılmalıdır. Nəqldən 3 ay sonra yenidən ginekoloji baxış olmalı, alıcı qadın
hamiləlik, qorunma üsulları, verilməsi mütləq olan təhlillər barədə
məlumatlandırılmalıdır. Alıcı qadında baş verə biləcək hər hansı bir xəstəlik
transplantasiya briqadası tərəfindən müzakirə olunmalıdır.
- Təranə xanım, tibbin yeni və vacib sahəsi olan orqan transplantasiyasına
alıcıların hazırlanması sizin hospitalda necə təşkil olunmuşdur? - Mərkəzi Gömrük Hospitalında tibb üzrə fəlsəfə doktoru Dr.Mircalal Kazıminin
rəhbərliyi ilə Transplantasiya şöbəsi fəaliyyət göstərməkdədir. Xəstələrin nəqldən
öncə və sonra müayinə olunması üçün müxtəlif profillərdən olan mütəxəssis
həkimlər cəlb olunmuşdur. Transplantasiya mükəmməl komanda işidir. Şöbəyə
müraciət edən və orqan köçürülməsi ehtiyacı olan qadın pasiyentlər nəqldən əvvəl
və sonra Mama-ginekologiya şöbəsinin həkimləri (tibb üzrə fəlsəfə doktoru, Dr.
Təranə Bayramovanın rəhbərliyi ilə gənc həkimlərdən Leyla Qaçaylı,
rezidentlərdən Güllüxanım Rəhimova, Səidə Şindiyeva) tərəfindən müayinə
edilərək, ginekoloji patologiyalar konservativ və cərrahi yolla aradan
qaldırılmaqdadır. 2018-ci il tarixindən etibarən bu günə qədər xəstələrdən əldə
olunan nəticələr toplanaraq, elmi tədqiqat işləri aparılmaqdadır. Laborator-
instrumental və klinik xəstə göstəriciləri əsasında 2 metodik vəsait, tezis və elmi-
populyar məqalələr hazırlanaraq yerli və xarici jurnallarda çap olunmuşdur.
- Müsahibəyə görə təşəkkür edirik.
Müsahibəni apardı: Dilara Zamanova,
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi,Siam.az
Tarix: 14-03-2023, 13:26