Həkimdən kəskin tənqid: - “Aptek işçiləri sanki pendir, yağ satırlar”

Həkimdən kəskin tənqid:
"Nəinki A, D, E, B vitaminlərini, hətta heç bir dərman həkim təyinatı olmadan qəbul edilməməlidir".
Siam.az bildirir ki, bunu "Sherg.az"a tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı vitaminlərin özbaşına qəbulu zamanı yarana bilən problemlərdən danışarkən deyib. Onun sözlərinə görə, müayinədən sonra pasiyentin hansı vitaminə ehtiyacı yarandığı müəyyənləşdirilir:

"Məsələn, A vitamini çatışmayanda dəridə quruluq, saçda kəpək, görmədə zəiflik yaranır. D vitamini isə 12 xəstəliyə səbəb olur. Pasiyent həkim yoxlanışından keçmədən D vitamini qəbul edərsə, hipervitaminoza (vitamin çoxluğuna) gətirib, çıxarar. Nəticədə qaraciyər, böyrək çatışmazlığı kimi problemlər yaşana bilər. Təkcə D vitaminin qəbulu sanki vurma cədvəlinə bənzəyir. 2×2 həmişə 4 etdiyi kimi, dəqiqlik istəyir.

Hər damcı rol oynayır. Amma buna əhəmiyyət verilmir, özbaşına, həkim nəzarəti olmadan qəbul edirlər. Əslində hər yaşa və analiz nəticələrinə uyğun şəkildə təyinat aparılmalıdır. Gündəlik, həftəlik, aylıq doza var. Bu da pasiyentin qanında olan vitamin D-nin miqdarından asılıdır. Məsələn, 50 ml-lik doza vitamin alınırsa, onun bir damcısının tərkibini bilməliyik. Xəstə yoxlanılmadan aptekdən 50 ml-lik doza alır. Gündə 5 damcı içir. Axı bunun insan orqanizminə heç bir faydası yoxdur.

Çox içəcəksə, problemlər baş qaldıracaq, az qəbul edəcəksə də, xeyiri olmayacaq. Həkim bir flakonun miqdarının, dozasının nə qədər olduğunu hesablamalıdır. Misal üçün, xəstə 50 ml-lik doza vitamin D alıb. Bundan gündə 22 damcı içməlidir. 21 damcı qəbul etsə, az, 23 damcı isə vitamin çoxluğuna səbəb olacaq.

Çox təəssüf ki, Azərbaycanda aptek işçilərinin çoxu əczaçılığı bitirməyiblər. Heç texnikum məzunu da deyillər. Sanki mağazada pendir, yağ satırlar. Belə olduğu halda pasiyentə nə məsləhət verə biləcəklər?! Xəstələr də fəsadlarla qarşılaşandan sonra həkimə müraciət edirlər".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Nazirliyin “Instagram” səhifəsində canlı yayım açıb. O bildirib ki, həkim nəzarəti olmadan vitamin qəbulu düzgün deyil, A, D, E, B vitaminləri özbaşına qəbul edilə bilməz.
Tarix: 7-04-2023, 15:56
Xəbəri paylaş





Xəbər lenti