Apteklərin qanun pozuntuları ilə bağlı QORXUNC STATİSTİKA – Keyfiyyətsiz məhsullar ölkəyə necə gətirilir?
AQTA bu ilin yanvar və fevral ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 96 aptekdə yoxlama aparılıb. Həyata keçirilən yoxlamalar zamanı 27 aptekin nəticəsi qənaətbəxş olub, 69 aptekdə isə uyğunsuzluq aşkar edilib.Bunlardan 60 aptekdə sanitar norma və qaydalara əməl olunmadığı, 7 aptekdə saxlanma müddəti bitmiş bioloji aktiv qida məhsulunun satıldığı, 2 aptekdə isə bu məhsulun etiket məlumatlarının tələblərə cavab vermədiyi müəyyən edilib.
Yoxlama aprılan apteklərin 70 faizində qanunsuzluqların aşkar edilməsi təbii ki, ciddi narahatlıq doğurur. Çünki, apteklər gündəlik üz tutduğumuz 2-3 vacib ünvandan biridir. Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Bizim.Media-ya danışıb:
“Yaxşı haldır ki, bu ilin əvvəllərindən qida əlavələrinə nəzarəti AQTA öz üzərinə götürüb. Bu sahə son 15 ildə çox sürətlə inkişaf edir. Çox təəssüf ki, dünyada keyfiyyətsiz qida əlavələri istehsal olunur və onun da müəyyən qismi ölkəmizə idxal edilir. Və gətirilən qida əlavələrinə nəzarət də lazımi səviyyədə deyil. Yaxşı ki, buna qarşı mübarizə başlanıb.
Burda bir məsələ var ki, qida əlavələrinin idxalına müəyyən səbəblərə görə, nə Səhiyyə Nazirliyi, nə də ki, AQTA nəzarət edir. Bu da elektron siqaret kimi bir maldır. Heç bir təşkilat birbaşa qida məhsullarının idxalına nəzarət etmir. Ona görə hazırda apteklərdə kifayət qədər mənşəyi bəlli olmayan qida əlavələri var”.
Məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənovsa bunları deyib:“Aşkarlanan faktlar ciddi qanun pozuntusudur. Bu qədər aptektdə qanun pozuntusunun açkar edilməsi ona göstərir ki, bəzi işbazlar ölkəmizə hansısa yolla qida əlavələri və digər məhsullar gətirirlər. Bu qədər məhsulun qaçaqmalçılıq yolu ilə gətirilməsi heç də inandırıcı görünmür.
Bu bütün hallarda gömrük keçid məntəqələrindən keçirilərək gətirilib. Burda görünür ki, boşluqlar var. Amma bütün hallarda apteklər məsuliyyət daşıyır. Çünki, məhsulu satan onlardır. Apteklər də çalışmalıdır ki, sənədi yerində olmayan qida əlavələrini və dərmanları satmasınlar”.
Tarix: 11-04-2023, 17:25