Dərmanların qiyməti müzakirədə: deputatlar “qan ağladı” - “Yazıqdır bu camaat”
Millət vəkilləri dərmanların bahalığından və keyfiyyətindən narazılıq etdilər: “Almaniyada 5 avro olan dərman burada necə 150 avro ola bilər?” Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələr zamanı deputatlar Azərbaycanda dərmanların keyfiyyətindən, çatışmazlığından və qiymətlərindən şikayət ediblər. Deputat Vahid Əhmədov dərmanların qiymətləri ilə bağlı kəskin danışıb. Millət vəkilinin sözlərinəı görə, məlumat var idi ki, hökumət dərman vasitələrinin qiymətləri ilə əlaqəli xüsusi layihə hazırlayır: “Amma uzun müddət keçməsinə baxmayaraq, həmin layihə barədə hələ də heç bir məlumat yoxdur. Bu gün dərmanların qiymətlərinin baha olması ciddi problemlərdən biridir. Bu məsələ yoluna qoyulmalıdır, belə olmaz”. “Eyni dərman bir aptekdə 10, digərində 120 manata satılır” Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həmkarına cavab verərək deyib ki, təkcə dərmanların qiyməti yox, keyfiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət birlikdə sənəd üzərində iş aparır: “Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda belə sənədi görəcəyik. Bununla da dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulur”.
Deputat Razi Nurullayev də qiymətlərdən şikayətlənib və bildirib ki, eyni tərkibə malik olan dərmanlar apteklərdə fərqli qiymətə satılır: “Eyni dərman bir aptekdə 10, digərində 120 manata satılır. Bunun səbəbi nədir, anlamaq olmur”. Deputat: “Dərman ətir deyil ki, zövq məsələsi olsun” "Ölkədə dərmanların satışı qaydaları, keyfiyyəti və bu sahədə olan idarəçiliklə bağlı acınacaqlı vəziyyət yaradan hallar mövcuddur. Əgər bu belə olmasaydı, insanlar arasında “filan aptek yaxşıdır, filan aptekdə qiymətlər ucuzdur” fikri formalaşmazdı. Vətəndaş eşitdiyinə, gördüyünə, təcrübəsinə, özü və qohumlarının yaşadığı faktlara əsaslanır. Bizim apteklərdə satılan dərman vasitələri çox baha olmaqla bərabər, bir sıra hallarda həm də çox keyfiyyətsizdir. Bu səbəbdən də vətəndaşlar daha yaxşı apteklər axtarışındadırlar”, - R.Nurullayev vurğulayıb. Deputat alman apteklər şəbəkəsindən, Britaniya dərmanlarından söz açıb: “Qiymətlər də orada adi apteklərdən 5-10 dəfə daha bahadır. Soruşanda da deyirlər ki, bunlar alman, ingilis keyfiyyətidir, ona görə bahadır. Mən anlamıram, bu nə yanaşmadır? Demək ki, dövlət, hökumət də qəbul edir ki, bu doğrudan da belədir? Əgər bu belədirsə, o zaman niyə vətəndaşlar aldadılır, onların cibinə girilir? Dərman ətir deyil ki, zövq məsələsi olsun. Alman, ingilis apteklərinin olmasının əleyhinə deyiləm və açığı onlara etirazım da yoxdur. Amma belə olmaz, vətəndaşlar aldadılmamalıdır”. “İnsanların xaricdən müalicələri üçün dərman gətirməsinə maneələr aradan qaldırılmadır” “Azərbaycanda elə dərmanlar var ki, Almaniya ilə müqayisədə 20 dəfə baha satılır. İki, üç dəfə qiymət baha olsa, haradasa başa düşmək olar, amma Almaniyada 5 avro olan dərman burada necə 150 avro ola bilər?”, - deyən deputat Siyavuş Novruzov vurğulayıb ki, ölkəyə dərman gətirən, onu satan, onu yoxlayan qurum ayrı olmalıdır: “Təsəvvür edin ki, bizdə dərman gətirən, onun ekspertizasını keçirən və aptekə verən eyni adam, şirkət olur. Məlumatlara görə, bəzən dərman zavoduna sifariş verirlər ki, dərmanın tərkibi aşağı olsun”.
“İnsanların xaricdən müalicələri üçün dərman gətirməsinə maneələr də aradan qaldırılmadır. Vətəndaşlar özləri üçün xaricdən ucuz qiymətə dərman vasitələri gətirir, amma gömrükdə insanların özü üçün gətirdikləri dərmanlara da maneəçilik törədilir. Adam xəstədir, özünə dərman alıb gətirir. Həmin dərmanı öz istifadəsi üçün gətirir, satmağa deyil. Amma problemlə üzləşir. Burada niyə problem yaranmalıdır? Qoyun insanlar müalicələri üçün dərmanlar gətirə bilsinlər”, - S.Novruzov şikayətini səsləndirib. Deputat TƏBİB-i ittiham etdi: “Ora düşə bilmək kosmosa düşmək kimi bir şeydir” Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, dərman vasitələrinin qiymətlərinə əlçatanlığın olmaması problemi mövcuddur: “Bu problemin yaşanması reallıqdır. Burada bazar iqtisadiyyatı, dərman gətirən və satanların maraqları, o cümlədən möhtəkirlər var”. “Düşünürəm ki, dərmanlara nəzarət mərkəzi icra strukturlarının birinə həvalə etmək olar. İndi bilinmir ki, bu dərman məsələsinə Səhiyyə Nazirliyi, yoxsa başqa qurum baxır. Əvvəllər məsələlərə təkcə Səhiyyə Nazirliyi baxırdı, indi müraciət edirsən, deyir ki, o məsələyə TƏBİB baxır. TƏBİB-ə düşə bilmək isə kosmosa düşmək kimi bir şeydir”. “Ötən il hökumət dərman alınmasına 505 milyon manat xərcləyib və bu, dərman vasitələrinə ayrılan vəsaitin 2 dəfə artdığını göstərir. Dərmanların qiymətinə idxal prosedurlarının asanlaşdırılması da təsir göstərə bilər”. Bu sözləri isə deputat Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, dərmanların qiymətinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var: “Bəzi hallarda dərmanların qiyməti düzgün tənzimlənmədiyi üçün sahibkarlar dərmanları konkret bir ölkədən gətirirlər”.
“Xaricə gedəndə deyirlər ki, filan dərmanı al gətir” “Dərman vasitələrinin idxal prosedurunun sadələşdirilməsi təmin edilməlidir”, - deyən deputat Qənirə Paşayeva söyləyib ki, idxal prosesi ilə bağlı Türkiyə nümunəsin baxmaq lazımdır: “Qardaş ölkədə də görürük ki, əlavə xərclər belə qiymətlərin bahalaşmasına səbəb olmur”. “Səfərə gedəndə tanış şəxslər deyirlər ki, getdiyin ölkədən filan dərmanı alıb gətirərsən. Ölkədə dərman vasitələrinin qiymətləri çox bahadır, səbəb budur. Xaricdən dərman gətirəndə də gömrükdən keçirilməsinə icazə verilmir. Bu, düzgün deyil. Onsuz da hər kəsin pasportunda möhür var, onun ildə neçə dəfə xaricə səfər etdiyi bilinir. Bilinir ki, iki dəfə xaricə səfər edən şəxs dərman alveri ilə məşğul deyil. Ona görə də bu problemlər aradan qaldırılmalıdır", - deyə Paşayeva səsləndirib. Deputat Etibar Əliyev də dərmanlarla bağlı Türkiyə təcrübəsindən yararlanmağın vacib olduğunu deyib: “Dərmanların ekspertizası barədə konkret addım atılmalıdır. Vaxtilə dərmanların keyfiyyətinə ciddi nəzarət var idi, indi bu nəzarət demək olar ki, yoxdur. Bu məsələ həllini tapmalıdır". Millət vəkili: “Mümkündürsə, bütün əhaliyə, mümkün deyilsə, kasıb, qazi, ailələrinə dərmanlar pulsuz paylanılsın” Deputat Tahir Kərimli də deyib ki, dərmanların keyfiyyətini azaltmaq üçün idxalçılar istehsalçı şirkətlərlə əlbir hərəkət edirlər: "Bunlar faktdır, gizlətmək olmaz. Dərmanlar bahadır, keyfiyyəti də aşağıdır. Buna son qoyulmalıdır, yazıqdır camaat”. “Hesab edirəm ki, imkansız şəxslər üçün dövlət tərəfindən apteklər açılsın. Şəkər xəstələri üçün ayrılan vəsaitə də nəzarət etmək lazımdır. Bu sahədə problemlər çoxdur. Ümumiyyətlə, kütləvi xəstəliklərlə bağlı dərmanların əhaliyə pulsuz verilməsi lazımdır. İnsanlar o dərmanları ala bilmirlər. Mümkündürsə, bütün əhaliyə, mümkün deyilsə, kasıb, qazi, ailələrinə dərmanlar pulsuz paylanılsın. Yaxud da onlara dərmanlar aşağı qiymətə satılsın. Tarif Şurası da buna nəzarət edə bilər. Tarif Şurasından heç vaxt eşitmədik ki, qiymətləri bir dəfə aşağı salsın, elə hər dəfə qiymətləri qaldırır”. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.