30-dan çox kimyəvi maddə ilə qızardılan çiyələklər - qorxunc iddia...


Son günlər bazarlarda iriliyi və gözəl görünüşü ilə piştaxtaları bəzəyən, eləcə də vaxtından əvvəl satışa çıxarılan çiyələklərlə bağlı müxtəlif fikirlər səslənir. Iddia olunur ki, istixanada yetişən çiyələyə 30-dan çox kimyəvi maddə vurulur.

Bəzi şəxslər hesab edirlər ki, çiyələyin bu ayda təbii halda yetişməsi mümkün deyil. Səslənən iddialarla bağlı ekspertlərin fikrini öyrəndik.

Eyyub Hüseynov: “Azərbaycanda çiyələk yetişdirilməsində 30-dan çox kimyəvi maddədən istifadə olunur”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd etdi ki, Azərbaycanda çiyələk yetişdirilməsində 30-dan çox kimyəvi maddədən istifadə olunur: “Həddindən artıq böyük, bıçaqla kəsilən çiyələklər qeyri-mövsümü çiyələklərdir. Çalışın ki, az çiyələk yeyin, bir ya da iki dənə. İnsanlara məsləhət görürəm ki, mövsümi olmayan, kimyəvi maddələrlə yetişdirilmiş meyvələrdən istifadə etməsinlər. Əks halda zəhərlənmə ola bilər. Görünüşünə üstünlük verib ləzzətlə yediyimiz kimyəvi tərkibli çiyələklərin insan orqanizminə müəyyən ziyanları var. Nəzərə almaq lazımdır ki, onların hamısı kimvəvi preraratlarla yetişdirilib”.

Adil Qeybulla: “Ölkəmizdə süni yetişdirilən tərəvəz və meyvələrin satışı geniş vüsət alıb”

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, ölkəmizdə süni yetişdirilən tərəvəz və meyvələrin satışı geniş vüsət alıb. Ən narahatlıq doğuranları isə pomidor, çiyələk, qarpızdır: "Bunlar sulu olduqları üçün yetişdirmək üçün lazımi müxtəlif maddələri toplamaq, kumulyasiya etmək qabiliyyətinə malikdir. Ona görə də, maddələrlə zəhərlənmələr baş verir. Diqqətli baxsaq, çiyələyin ölçüsünün normadan böyük olduğunu görürük. Təbiətdə belə çiyələk yetişmir. Deməli, onun yetişdirilməsində müəyyən maddələrdən yararlanırlar. Ölçüsünün böyüklüyü xeyli maddələrin kumulyasiya ilə nəticələnir. İnsanlar belə məsələlərdə mümkün qədər ehtiyatlı davranmalıdılar. Ən azından maddələrin qəbulunda müəyyən məhdudiyyətlər qoyulmalıdır. Hər bir tərəvəz öz vaxtında yetişməlidir. Təbii üsullarla yetişən, orqanik məhsullara üstünlük vermək daha məqsədəuyğundur. İndi seçim də azdır, insanlar öyrəşib. Lakin vaxtından əvvəl yetişən, tərkibində müxtəlif maddələr olan tərəvəz və meyvələrdən məhdud şəkildə istifadə edilsin”.
Bakixeber.com
Tarix: 18-04-2023, 11:30
Xəbəri paylaş





Xəbər lenti