Həkimlər üçün xəstə sayına limit qoyulub? - AÇIQLAMA

Həkimlər üçün xəstə sayına limit qoyulub?
Bu gün bir çox vətəndaş İcbari Tibbi Sığorta vasitəsilə əldə edilən imkankardan yararlanmağa çalışır.

Ancaq hər gün xəstəxanaların qarşısında məhz icbari tibbi sığorta ilə bağlı uzun növbələr olur. Vətəndaşlar saatlarla xəstəxanaların qarşısında dayanaraq həkim qəbulu, yaxud da hansısa tibbi avadanlıqdan yararlanmağa çalışırlar. Həkimlər isə xəstə sayının çoxluğundan şikayətlənir və gün ərzində çox sayda xəstə qəbul etdiklərini bldirirlər. Bəzən isə xəstələr həkimin həmin gün qəbul edəcəyi xəstə sayının artıq tamamlandığını bildirərək növbəti gün yenidən xəstəxanaya getməyə məcbur olduqlarını deyirlər.

Maraqlıdır, İcbari Tibbi Sığorta vasitəsilə vətəndaşları qəbul edən həkimlər üçün gün ərzində müayinə olunacaq xəstə sayı ilə bağlı limit nəzərdə tutulub? Bir həkim bir gün ərzində İcbari Tibbi Sığorta vasitəsilə gələn neçə vətəndaşı qəbul edə bilər?

SİAM.AZ-ın məlumatına görə, İcbari Tibbi Sığortadan Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, həkimlər iş günün sonuna kimi limit olmadan növbəlilik prinsipi ilə pasiyentləri qəbul və müayinə edirlər:

"TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində həkimlərin gün ərzində iş saatı 6 saatdır. Həkimlər iş gününün sonuna kimi limit olmadan növbəlilik prinsipi ilə pasiyentləri qəbul və müayinə edirlər. Bildiyiniz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təsdiq olunmuş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən həkimlərin əməkhaqqı tərkibi - əməkhaqlarının tərkibi vəzifə (tarif) maaşından, həvəsləndirici əlavələr (sabit əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr), əmək şəraitinə görə ödənilən əlavələrdən və Əmək Məcəlləsində, normativ hüquqi aktlarda, habelə Agentliyin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir. Qaydaya əsasən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr (bonus) tibb müəssisələrində çalışan həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi nəticəsində ödənilir. Yəni təsdiq olunun iş günü həddinə əsasən hesablanır".

Bildirilib ki, bəzi sahələr üzrə müayinəyə görə isə həkimin iş müddəti 35 saat təyin edilib: "TƏBİB-in tabeliyindəki tibb müəssisələrində ambulator şəraitdə terapiya və pediatriya ixtisasları, rentgen, mamoqrafiya və flüoqrafiya müayinəsi üzrə çalışan həkimlər üçün iş günü həddi 35 nəfər sığortaolunan müəyyən olunub. Qaydaya əsasən ambulator şəraitdə çalışan həkimlər üçün iş günü həddi aşağıdakı kimi müəyyən olunub:

*Ambulator şəraitdə terapiya və pediatriya ixtisasları üzrə çalışan həkimlər üçün 35 nəfər;
*Ambulator şəraitdə həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün 30 nəfər;
*Ultrasəs müayinə üzrə çalışan həkimlər üçün 30 nəfər;
*EEQ (Elektroensefaloqrafiya), EMQ (Elektromioqrafiya) və endoskopik müayinə ixtisasları üzrə çalışan həkimlər üçün 15 nəfər".

Məlumata görə, tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq günlük hədd 15-35 pasiyent arasında dəyişir:

"Əlavə olaraq qeyd edək ki MRT, KT, həkim-kardioloq ixtisası üzrə çalışan həkimlər üçün günlük limit müəyyən olunmayıb. Göründüyü kimi, tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq günlük hədd 15-35 pasiyent arasında dəyişir. Həddin müəyyən olunması zamanı beynəlxalq təcrübə nəzərə alınıb. İş saatının sonuna vaxt qalıbsa günlük limitin bitməsindən asılı olmayaraq növbə gözləyən pasiyentlər qəbul edilir. Təcili tibbi yardıma ehtiyacı olan pasiyentlər, şəhid ailə üzvləri və müharibə iştirakçıları növbədənkənar qəbul olunur".
Tarix: 8-05-2023, 13:45
Xəbəri paylaş





Xəbər lenti