Kardiologiya İnstitutunda “şumlama” əməliyyatı iddiaları yayıldı


“Son zamanlarda İnstituta və İnstitutun rəhbərliyinin fəaliyyətinə kölgə salmaq məqsədi ilə böhtan və işgüzar nüfuzu ləkələyəcək xarakterli müxtəlif müsahibə və məqalələr sosial şəbəkələrdə yayımlanır. 8 may 2023-cü il tarixində informasiya saytlarında yerləşdirilən məqalə ilə bağlı bildiririk ki, məqalədə qeyd edilmiş məlumatlar tam yanlışdır. Belə ki, son zamanlarda institutun təşəbbüsü ilə heç bir işçinin əmək müqaviləsi ləğv edilməyib”. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Mətbuat Xidmətindən məlumat verilib.
 
Məqalədə adıçəkilən şəxslərlə bağlı bildirilib ki, həmin şəxslərlə əmək müqaviləsi onların öz ərizələrinə əsasən (öz təşəbbüsləri ilə) müxtəlif vaxtlarda ləğv edilib (2, 3 və 4 il əvvəl):
 
“İşçilərin Şuşa şəhərinə ezam edilmələri və bununla bağlı işçilərdən həmin günlərin maaşlarından imtina etmələri barədə sənədlərin imzalanması tələbinin olması ilə bağlı məlumat məqalədə düzgün qeyd edilməyib. Çünki institut heç bir işçisini Şuşa şəhərinə ezam etməyib, ola bilsin ki, hər hansı bir işçi könüllü olaraq Şuşa şəhəri və digər işğaldan azad olan ərazilərə könüllü gedib.
 
Həmçinin institutda baş verən neqativ hallarla bağlı mətbuatda gedən yazılarda, direktora qarşı çıxan həkimlər və digər heyətin hüquq-mühafizə orqanı ilə hədələnməsi bildirilib. Bununla bağlı bildiririk ki, bu hal həqiqətə uyğun deyil. Belə ki, Miokard infarktı şöbəsində kiçik elmi işçi vəzifəsində işləyən Nurlana Rüstəmovanın informasiya saytında dərc edilmiş müsahibəsində qeyd etdiyi məsələlərin həll edilməsi üçün müvafiq əmr ilə aidiyyəti şəxslərə tapşırıqlar verilib. Xatırladaq ki, N. Rüstəmova yuxarıda qeyd edilmiş müsahibəsində institutun rəhbər heyətinin tapşırığına əsasən həkimlərin müraciət edən xəstələrdən pul vəsaiti almaq məcburiyyətində olması qeyd edilib. Bu məsələyə aydınlıq gətirmək üçün qeyd edilən əmrdə N.Rüstəmovadan belə bir tələbin hansı vəzifəli şəxs tərəfindən ona verildiyi barədə məlumatın verilməsi tələb edilib və bu məlumatların verilmədiyi halda hüquqi müstəvidə (yəni böhtan və işgüzar nüfuzu ləkələyən məlumatın yayılmasına görə) məsələnin həll edilməsi aidiyyəti əməkdaşa tapşırılıb. Buna əlavə olaraq institutun bütün struktur bölmələrinin rəhbərlərinə tabeliklərində olan işçilərə hər hansı bir məbləğdə pul vəsaitinin xəstələrdən alınmasının qadağan olması barədə məlumatın təkrar olaraq işçilərin diqqətinə çatdırılması tapşırılıb. Eyni zamanda əmrdə aidiyyəti əməkdaşa vətəndaş məmnuniyyətinin artırılması üçün institut tərəfindən göstərilən tibbi xidmətlərin keyfiyyətinin ölçülməsi, habelə şəffaflığın yaradılması məqsədi ilə xəstələrdən müvafiq sorğuların alınmasına könüllülərin cəlb edilməsi tapşırılıb.
 
İnstitutun girişində yaranan qarışıqlıqla bağlı bildiririk ki, məlum olduğu kimi instituta müraciət edən vətəndaş sayı kifayət qədər çoxdur və növbəliliyin təmin edilməsi üçün institutun mühafizəsi növbənin tənzimlənməsində Xəstə qəbulu və qeydiyyatı bölmələrinə yardımçı olur”.
 
İnstituta daxil olan xəstələrin müayinəsinin növü və müalicə metodları ilə bağlı iradlara cavab olaraq bildirilib ki, N. Rüstəmovanın açıqlamasında bu məsələ də qaldırıldığından direktor yuxarıda qeyd edilən məsələ ilə bağlı da infarkt və ürək çatışmazlığı şikayəti ilə daxil olan xəstələrə tibbi yardımın göstərilməsi, standartlarının hazırlanması məsələsini institutun inzibati işlər gündəliyinə daxil edilməsini tapşırıb:
 
“Angioqrafiya göndərişləri məsələsinə gəldikdə bu işi Xəstə Xidmətləri Şöbəsi icra edir və  sığorta üzrə müqaviləsi olan bütün klinikalara göndərişlər rotasiya əsasında olur və tam şəffaflıqla həyata keçirilir. Daimi olaraq qeyd olunan göndərişlər Səhiyyə Nazirliyi və İTS-in nəzarətindədir”.
 
16:28
 
Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda daha bir neçə nəfərin işdən azad edildiyi məlum olub.
 
Bu barədə Bakupost.az-a İnstitutdan bildiriblər.
 
Qeyd olunub ki, institutun işçiləri Dina Zotova, Elnarə Həmidova və himayəsində əlil-iflic övladı olan Mina Cavadova heç bir xəbərdarlıq və ciddi səbəb olmadan işdən çıxarılıblar.
 
Bundan başqa, bir müddət əvvəl Şuşaya ezam edilən 2 tibb bacısına ezamiyyətdə olduqları günlərin maaşından imtina etmələri barədə sənəd imzaladılıb.
Qeyd edək ki, son vaxtlar Kardiologiya İnstitutunda baş verən neqativ hallarla bağlı mətbuatda gedən yazılar, həmçinin burada çalışan müxtəlif alimlərin müsahibələri direktorun keçirdiyi son iclaslarda ciddi müzakirə edilib.
 
İddialara görə, direktora qarşı çıxan həkimlər, eləcə də mətbuata açıqlama verən professorlara hüquq-mühafizə orqanları ilə hədə-qorxu gəlinib:
 
“Mayın 2-də səhər saatlarında keçirilən iclasa direktor Gülnaz Dadaşova yarım saat gecikdi. Bu azmış kimi direktor onu akt zalında gözləyən elmi işçi heyətinə özünə yaxın şöbə müdirləri vasitəsilə ultimatum göndərmişdi. Bildirmişdi ki, hüquq-mühafizə orqanlarına müraciət edib, institutda baş verənlər barədə danışan şəxsləri cəzalandıracaq”.
 
O da qeyd olunub ki, şəhərdə əsas kardioloji mərkəz sayılan institutun qapısında hər səhər tragikomediya yaşanır:
 
“Qapıya nəzakət nədir bilməyən, kobud, mədəniyyətdən uzaq işçilər qoyulur. Orada dayanan bu işçilərdən biri olan qadın səhər işə 3-5 dəqiqə gecikən həkimlərə qarşı qeyri-etik davranır, hədyanlar deyir, qəsdən onları mübahisəyə cəlb edərək qalmaqal yaradır və sonra bunu direktora məruzə edir. Həmin xanım institutun həyətində sevgilisi tərəfindən döyüldükdən sonra işdən uzaqlaşdırıldı. Amma inzibati şöbə vasitəsilə işçilərin daim təzyiq altında, gərginlikdə saxlanılması davam etdirilir.
 
Əgər həkimlərə hansısa arayış, direktorun təsdiq edəcəyi sənəd lazımdırsa, bu məsələ də günlərlə uzadılır. Sənədə yalnız iş gününün son saatlarında imza qoyulur, bu da insanlarda əlavə psixoloji gərginlik yaradır və narazılığa səbəb olur”.
 
İnstitutda müalicə alan xəstələr isə direktorun icbari tibbi sığorta ilə və ya sığortasız bütün angioqrafiya olunacaq xəstələri “Kəpəz” klinikasına, “Ege” hospitalına və Mərkəzi Klinikaya “otkat” sistemi ilə yönəltdiyini bildiriblər:
 
“Həmin xəstələrin 90 faizi elə bu klinikalarda anju, stentləmə, şuntlama əməliyyatlarına salınır. Onlara mütləq və təcili əməliyyat lazım olduğu deyilir. Beləliklə, həm tibbi sığorta fondundan külli miqdarda vəsait cəlb olunur, həm də bu xidmətlərinə görə Kardiologiya İnstitutuna “xüsusi hörmət” və təşəkkür edilir”.
 
Qeyd edək ki, elmi kollektiv rəhbərliyin fəaliyyətindən narazı olduğu üçün bu yaxınlarda Səhiyyə Nazirliyindən göndərilən komissiya institutda bir həftədən artıq müddətdə yoxlamalar aparıb.
 
Yoxlamalar zamanı komissiyanın direktorun lüks palataları imkanlı xəstələrə pulla verdiyinə dair mətbuatda yer alan iddiaları araşdırdığı da qeyd olunur.
 
Səhiyyə Nazirliyindən C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalar aparıldığını təsdiqləsələr də, nəticələr barədə məlumat verməkdən imtina ediblər. Nazirlikdən sorğuya göndərilən cavab məktubunda yalnız bunlar qeyd olunub:
 
“Nazirliyin tabeliyində olan müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış daxili monitorinqlər keçirilir. Adıçəkilən müəssisədə aparılan monitorinqlər bu tədbirlər çərçivəsində həyata keçirilib”.
Tarix: 9-05-2023, 09:52
Xəbəri paylaş





Xəbər lenti