Ürək tutmasını bir neçə həftə öncə müəyyən əlamətlərdən proqnozlaşdırmaq olar - MARAQLI
"Sinədə ağrı və ya təngnəfəslik kimi əlamətlərə səthi yanaşmaq olmaz, dərhal həkimə müraciət etmək lazımdır..."Ürək tutması keçirən pasiyentlərin əksəriyyəti ondan dörd həftə öncə xoşagəlməz əlamətlərdən şikayət etsə də, onları görməzdən gəlir. Moderator.az xəbər verir ki, bu barədə "Annals of İnternal Medicine" nəşri yazıb. Beynəlxalq alimlər qrupu öz tədqiqatında 35-65 yaş arası 839 pasiyentin məlumatlarını öyrənib. Ekspertlər ürək tutmasından dörd həftə öncə pasiyentlər barədə məlumatları toplayıb və xəbərdaredici siqnalların olduğunu müəyyən edib.
Tədqiqatın gedişində alimlər həmçinin pasiyentlərin ailə üzvləri və dostları ilə söhbıət edib və onların tibbi qeydiyyatları ilə tanış olub.
Tədqiqatçılar müəyyən edib ki, pasiyentlərin 51 faizində ürək tutmasından dörd həftə öncə xəbərdaredici əlamətlər olub.
Bu zaman onların 93 faizi vurğulayıb ki, bu əlamətlər ürək tutmasından bir sutka öncə təkrarlanıb.
Erkən əlamətlər arasında pasiyentlər sinədə ağrı (tipik və ya atipik), tənəffüsün çətinləşməsi, ürək döyüntülərinin tezləşməsi, arterial təzyiqin qəflətən aşağı düşməsi, habelə qarında ağrılar, ürəkbulanması və ya qusma, kürəkdə ağrıların olduğunu qeyd edib.
Ən çox sinədə dövrü olaraq ağrılar (46, 3 %) və təngnəfəslik (18, 1 %) müşahidə edilib.
Alman ürək fondunun professoru Tomas Foyqtlender deyir ki, sinədə ağrı və ya təngnəfəslik kimi əlamətlərə səthi yanaşmaq olmaz, ürəyin diqqətlə müayinəsi üçün dərhal həkimə müraciət etmək lazımdır.
Əvvəldən keçirilmiş xəstəliklər riski artırır. İnfarkt keçirmiş insanlar, həmçinin ürəyin işemik xəstəliyi (ÜİX) olan pasiyentlər və stenokardiyadan şikayət edənlər xüsusilə ehtiyatlı olmalıdır.
Bu həm də yüksək arterial təzyiqi və ürək çatışmazlığı olan insanlara da aiddir.
Tarix: 16-05-2023, 08:50