Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) araşdırmaları zamanı bir sıra iş adamlarının mərkəzləşdirilmiş su xəttindən verilən suyu müxtəlif filtrlərdən keçirilməklə qablaşdırıb satdığı üzə çıxıb.Onlar "Qida təhlükəsizliyi haqqında" qanununun tələblərini kobud şəkildə pozaraq, həmin suları üzərində müxtəlif təbiət mənzərələri, bulaq, çeşmə, dağ təsvirləri olan, "təbii", "mineral", "müalicəvi" sözləri yazılan qabalara dolduraraq satırlar.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da Bakupost.az -a açıqlamasında belə halların geniş yayıldığını bildirib. Onun sözlərinə görə, bu gün satışa çıxarılan qablaşdırılmış suların çoxu mərkəzləşmiş su xətlərindən və ya su quyularından doldurulur:“Bu quyulardakı sulardan istifadə etmək olmaz. Onlar keyfiyyətsiz, demək olar ki, kanalizasiya suyu səviyyəsində olan sulardır. Əfsuslar olsun ki, quyulardan götürülən su içməli su istehsalı ilə məşğul olan sexlər tərəfindən müxtəlif filtrlərdən keçirilir, qablara doldurulur və əhaliyə satırlar. Eyni zamanda krantdan gələn xlorlu suda qablaşdıraraq dağ suyu adı altında satışa çıxarılır. Həmçinin "təbii", "mineral", "müalicəvi" və s. sözləri yazılmaqla satışa çıxarılan suların da çoxu kranlardan və ya su quyularından doldurulur. Ölkədə su biznesinə nəzarət zəif olduğu üçün işbazlar bundan istifadə edirlər. Su sexlərində istehsal olunan qablaşdırılmış içməli suların krandan axan su olduğu, filtirdən keçirərək satışa çıxardıldığı faktdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan yoxlamaların nəticələri də bunu sübut edir. Yaxşı olar ki, AQTA bütün su istehsalı ilə məşğul olan sexlərdə ekspertiza aparsın və suyun tərkibi ilə etiketlərdəki məlumatların düz gəlib-gəlmədiyini araşdırsın".
E.Hüseynov bildirib ki, illərdir etiketlə istehlakçıların aldadılması halları baş verir. Buna son qoyulmalıdır. Əksər hallarda malların tərkibi ilə etiket məlumatları düz gəlmir:
“Qablaşdırılmanın üzərində markanın loqosu, suyun haradan gətirildiyi, istehsal və son istifadə tarixinə diqqət yetirmək son dərəcə vacibdir. Çünki bu gün dağ və bulaq suyu satmaq adı altında kifayət qədər istehlakçı aldadılır. Bəzən biz suların üzərində çağırışlar görürük, məsələn, “ekoloji baxımdan təmiz”, “filan xəstəliklərə faydalı” və sairə. Belə çağırışlara inanmaq lazım deyil. Çox yaxşı olar ki, suyun etiketində onun mənbəyi göstərilsin. Bu, qanunvericilikdə də öz əksini tapıb. Yəni qeyd olunmalıdır ki, su haradan gətirilir. Bununla belə, etiketdə yazılanlara da inanmaq olmaz ki, həqiqətən su həmin yerdən gətirilir, ya yox”.
Ekspertin dediyinə görə, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüası altında saxlanılması belə maddələrin qidaya miqrasiyasına əlverişli şərait yaradır. Nəticədə belə məhsullardan uzun müddət istifadə insan sağlamlığına mənfi təsir göstərir. Bu baxımdan, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması yolverilməzdir:
“İçməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal edildikdə həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir. Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur. Dezinfeksiya, filtrasiya və qablaşdırma proseslərinə düzgün riayət edilməməsi suyun tərkibində olan mineralların böyük qisminin itirilməsinə, eyni zamanda rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərinin mənfi yöndə dəyişməsinə səbəb olur. İnsanlar qablaşdırılmış suları alarkən uyğun şəraitdə saxlanıb-saxlanmadığına xüsusi olaraq diqqət etməlidirlər”.
Tarix: 17-05-2023, 11:27