“Hər bir ölkədə yaxşı həkimlər var. İranda savadlı həkimlər əsasən ABŞ və Avropanın təhsil ocaqlarının yetirmələridir. Əlbəttə, onların çoxu çalışıb Avropaya gedirlər. İrana qarşı tətbiq edilən sanksiyalar çox güman ki, bu ölkənin müasir tibbi avadanlıqlar almasını çətinləşdirir və mümkünsüz edir. Lakin onlar ikinci və üçüncü ölkələr vasitəsilə belə tibbi avadanlıqlar əldə etməyə çalışırlar. Ümumən götürdükdə isə İranda səhiyyə xidmətləri çox bahadır, hər hansı ucuzluqdan söhbət belə gedə bilməz”.
SİAM.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu deyib.
Partiya sədri qeyd edib ki, İranda tibbi müayinə və müalicə bahadır, çünki onlar tacirdirlər, buna gəlir mənbəyi kimi yanaşırlar. Onun fikrincə, bahalıq tibbi xidmətə əlçatanlığın qarşısını alan faktordur:
“Mən özüm illər əvvəl İrana xəstə aparmışdım. Tibbi xidmət göstərsələr də, bunu çox yüksək məbləğ qarşılığında etdilər. Üstəlik, şəxsən mən özüm eşitməsəm də, dələduzluq halları da istisna deyil. Bəzən deyirlər ki, kimlərisə müalicə adı altında İrana aparıblar, sonra isə problemlər yaranıb. Sözsüz ki, bütün bunlar işbazlardan, bizim vətəndaşlarımızdan daha çox pul almaq istəyindən xəbər verir. Bu kimi halların qarşısı da alınmalıdır”.
S. Cəlaloğlu diqqətə çatdırıb ki, Türkiyənin səhiyyə sistemi İranla müqayisədə daha güclüdür:
“Türkiyədə həkimlər Amerika və Qərb ölkələrində daha çox təhsil alır, işləyirlər. Sözsüz ki, İrana qarşı sanksiyaların tətbiq edilməsi konteksində türklər daha çox Qərbdə oxumaq və işləmək imkanlarına malikdirlər. Türkiyədə son zamanlar “səhiyyə turizmi” yaranır, inkişaf edir. Xüsusilə, ərəb ölkələrinin vətəndaşlarını bura cəlb edə bilirlər. Biz bu haqda ciddi düşünməliyik. Çünki təkcə xəstələrimiz deyil, onlarla yanaşı böyük pullarda ölkədən çıxır”.
Siyasətçi sonda əlavə edib ki, Azərbaycanda səhiyyənin keyfiyyəti yüksəldilməli, qiymətlərə yenidən baxılmalıdır: “Biz elə etməliyik ki, vətəndaşlarımız üçün ən cəlbedici səhiyyə sistemi özümüzünkü olsun. Bunun üçün insan dəyəri faktoru önə çıxarılmalıdır. Həmçinin səhiyyə sistemində işləyən insanlarımızın mənəviyyat keyfiyyəti daha çox yüksəldilməlidir. İnsan faktoru millətimiz və dövlətimiz üçün ən ali faktordur. Ölkəmizdə tibbin keyfiyyətini qaldırmalıyıq”.