Cəmil Əliyevin rəhbər olduğu mərkəzdə “xərçəng biznesi” – VİDEO
Xərçəngdən ölənlərin sayı kəskin dərəcədə artıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 14 milyondan artıq insana xərçəng diaqnozu qoyulur. Bu rəqəmin 2030-cu ilə qədər 21 milyona çatması gözlənilir. Təşkilat bildirir ki, bütün dünyada xərçəng xəstəliyindən ölənlərin sayı 2000-ci illərlə müqayisədə 27,5 faiz artaraq 8,8 milyona çatıb. Açıqlamada deyilir ki, əgər bu xəstəlik daha tez aşkarlansa, xəstənin sağalma ehtimalı da yüksək olur. Amma, nə yazıq ki, Azərbaycan səhiyyəsində elə bir vəziyyət yaranıb ki, müraciət edən xəstələrin vəziyyətindən əvvəl əlinə və cibinə baxılır. Maddi vəziyyəti ağılabatandırsa, xəstəliyi vaxtında aşkar olunur, deyilsə, həmin xəstə qalır evi ilə xəstəxana arasında yollarda. Salırlar get-gələ. Bunu biz demirik, bu vəziyyəti yaşayan yüzlərlə, hətta minlərlə vətəndaşlar deyir. Qaldı ki, vətəndaşların doğru, yaxud səhiyyə işçilərinin dili ilə desək, “yalan” danışdığına, bunu da əyani olaraq, aşağıdakı linkdə izləyə bilərsiniz.
Kadrlar 77 yaşlı Tibb Elmləri doktoru, professor, akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzində lentə alınıb. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar onu göstərir ki, də sözügedən müəssisədə proseslər eyni qaydada aparılır və bu qədər müraciət,ə şikayətlərə rəğmən vəziyyətin olduğu kimi qalıb. Ölkənin mühüm səhiyyə ocaqlarından biri olan Milli Onkologiya Mərkəzindəki durumu araşdırdıq. Klinikaya müraciət edənlərin ən ağır xəstəliyə yoluxduğunu və yaşamaq şansı az olan insan olduğunu nəzərə alsaq, tibb ocağı daha insaflı davranmalıdır. Ancaq bu, nə baş həkimi, nə tibb personalın maraqlandırır. Milli Onkologiya Mərkəzində pulsuz tibbi xidmət barədə nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada “sabun köpüyü”nə çevrilib – “pulunu ver, şəklini çəkdir”. Pulsuz deyilən Azərbaycan səhiyyəsində – Milli Onkologiya Mərkəzində rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını istinadən diqqətinizə çatdırır. Milli Onkologiya Mərkəzinin həyətinə avtomobillə girməyə icazə yoxdur. Qapıda dayanan nəzarətçi deyir, bu, Cəmil Əliyevin xüsusi tapşırığıdır. Bundan sonra həyətə maşınla girmək qadağandır: “Hətta ağır xəstələrə görə “badımcan” taksilərdən birini gətirib qoyub qapının ağzına ki, yeriyə bilməyənlər istədikləri korpusa onunla gedib-gəlsinlər”. Qapıdan içəri keçirik. Birinci gözə çarpan hər yerdə kameraların quraşdırılması oldu. Burada o qədər insan var ki, həyətdəki skamyalarda oturmağa yer yoxdur. Ayaq üstə də kifayət qədər adam dayanıb. Ümumiyyətlə, digərlərinə baxanda Diaqnostika korpusunun qarşısında daha çox adamın olduğunu görürük və elə həmin səmtə gedirik. İçəri girməyimiz diqqət çəkmir. Çünki o qədər adam var ki, hətta qapıda dayanan nəzarətçi insanlara biristifadəlik ayaqqabı üstlüyü paylamaqda çətinlik çəkir. Çoxu geyinmədən içəri tələsir. Qapıdan girən kimi bütün otaqların qarşısında növbə olduğunu görürük. Ən çox növbə də “maqnit-rezonans tomoqrafiya” otağının qarşısındadır. Buradakı hər kəs gərgin, kədərlidir. Hamı tələsir, hərə əlində bir kağız otaqdan otağa qaçır. Hamı, o cümlədən xəstələr də oradakı korrupsiya hallarından danışmağa belə qorxurdular. Bizimlə, söhbət edənlər də daim şübhə ilə yan yörəsinə boylanır, bəziləri isə “bilmirsən bura kimindir? Səni məhv edərlər” deməyi də unutmadılar. Ümumi mənzərədən gözə girən həm də o idi, ki xəstələrin hamısı maddi cəhətdən çox kasıb insanlardır. İndi isə Savash.org olaraq Milli Onkologiya Mərkəzində müəyyən etdiyimiz, pulsuz deyilən Azərbaycan səhiyyəsində, rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını diqqətinizə çatdırırıq: 1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar. 2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir. 3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər. 4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır. Bundan başqa: • xəstənin qeydiyyata alınmasına görə pul tələb edilir; • bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat) ödənişli əsaslarla həyata keçirilir; • zərurət olmadığı halda əlavə analizlər, biopsiyalar və sair prosedurlar edilir; • zərurət olmadığı halda əməliyyat təyin olunur, külli miqdarda pul tələb olunur; • kritik mərhələdə (ölüm ayağında) olan xəstədən müalicə adı ilə pul alınır; • pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat pul alınır; • və s. şərhlərdə təsvir olunan qanunsuzluqlar. Əlbəttə, bir yazıda Milli Onkologiya Mərkəzində baş verən faciəni təsvir etmək olmaz, buna kitablar yazmaq, filmlər çəkmək lazımdır. Sonda Savash.org olaraq Azərbaycan qanunvericiliyindən bəzi normaları tibb müəsisəsinin rəhbəri Cəmil Əliyevin oxuması üçün diqqətə çatdırırıq: “ AR Konstitusiyasının 41-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində isə deyilir: “Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır”.