Axı siz bu qiymətlərin şişirdilməsinə niyə icazə verirsiz?! -EKSPERT
Azərbaycanda dərman qiymətlərinin baha olması ilə bağlı tez-tez müəyyən fikirlər səsləndirilir.
İstər qanunverici orqanın nümayəndələri, istərsə də sosial şəbəkə istifadəçiləri ölkəmizdə satılan dərman qiymətlərinin baha olmasını vurğulayırlar.
Xüsusilə, qonşu Türkiyədə eyni adlı dərmanın bizim ölkədən dəfələrlə ucuz olması qeyd edilir. Lakin dərman vasitələrinin ölkəyə gətirilməsində də xüsusi qayda var. Vətəndaş yalnız qanunla müəyyən olunmuş miqdarda ölkəyə dərman gətirə bilər. Yəni insanlar əllərində xüsusi imkanlar olsa belə, qonşu ölkədən istədikləri qədər dərman gətirə bilməzlər. Ona görə də baha qiymətə təklif olunan dərman vasitələrini almağa məcburdurlar.
Bu həftə Milli Məclisin Səhiyyə komitəsinin iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov da dərman qiymətlərindən danışıb.
O, ölkəmizdə dərman qiymətlərinin müəyyən ölkələrə baxdıqda baha olduğunu deyib:
“Həmin ölkələrin siyahısı elə də çox deyil. Türkiyə ilə qiymətləri müqayisə etsək, orada 70-80 faizdən çox daxili istehsaldır. Bu gün Türkiyədə 1 avro 24-26 lirə olursa, dərman qiymətlərinin tənzimlənməsində 1 avro 11 TL götürülür. Yəni qiymətlərin 50 faizdən çoxu dövlət dotasiyası ilə tənzimlənir.
İki gün öncə idxalçılarla görüşümüz olub. Onların kifayət qədər ciddi fikirləri var. Əsas gətirirlər ki, bu gün ölkədə qiymətlərin uyğun olmamasının əsas səbəbi istinad ölkələrinin siyahısında Türkiyənin götürülməsidir. Bu baxımdan istinad ölkələrinə yenidən baxılması nəzərdə tutulub”.
Nazir müavini Tarif (qiymət) Şurasının da bu sahəni tənzimlənməsi məsələsinə toxunub:
“Ümumiyyətlə, Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməməsi müzakirə mövzusu deyil. Əgər istehsalçılar bilsələr ki, qiymətlər Tarif Şurası tərəfindən təsdiqlənmir, o zaman bugünkü qiymətlərdən daha baha qiymətlər təklif edə bilərlər. Buna görə Tarif Şurasının mövcudluğu zəruridir”.
SİAM.AZ -ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan farmokoloq Aydın Əliyev bildirib ki, Türkiyə və Azərbaycanın birgə dərman zavodu açmasına ehtiyac var:
“Problem təkcə dərmanlarla bağlı deyil. Türkiyə və Azərbaycan birgə dərman zavodları açsa, yaxşı olar. Son zamanlar Türkiyə tərəfi ilə bu istiqamədə danışıqlar aparılır. Bu, çox vacib məsələdir. Bu, həm elmin inkişafı, həm də yeni iş yerlərinin açılması deməkdir.
Bununla Azərbaycanın təbii sərvətlərindən dərman kimi istifadə eləmək imkanı açılır. Biz özümüz istehsal elədiyimiz məhsulların keyfiyyətinə və onların əhalinin məvacibinə uyğun olmasını idarə edə bilərik. İndi isə biz dərmanların çox hissəsini, 80-90 faizini xaricdən gətiririk.
Burada da bəzi maneələr və qiymət artımı olur, nəticədə də əhali narazı qalır. Digər bir tərəfdən mənim sualım Tarif Şurasınadır. Axı siz bu qiymətlərin şişirdilməsinə niyə icazə verirsiz?! Bunun tənzimlənməsi üçün imkanlar var.
Məsələn, müəyyən dərmanın qiymətinin bir manat olması elan olunsun, elektron varintda da camaat bunu görsün. Vətəndaş aptekdə başqa qiymətlə rastlaşanda öz hüququnu tələb etməlidir ki, bunun qiyməti bir manatdır, sən niyə bunu 10 manata satırsan. Bu, məhz həkimlərdən yox, bütün əhalidən asılıdır. Bunlar hamısı ölkəmizin inkişafına səbəb olar”.
Tibb sahəsi üzrə mütəxəssis həkimin əsas işinin düzgün diaqnoz qoymaq olduğunu desə də, həkimlərin həmişə dərman qiymətləri məsələsinə toxunduqlarını da vurğulayıb:
“Torpaqlarımızı azad etdik, bütün dünayda üzümüz ağardı. İndi həmin qələbəyə uyğun hamımız öz üzərimizə düşən yükü görməyi bacarmalıyıq. Kütləvi informasiya vasitələri bu məsələləri qabardır, biz ayrı-ayrı sahənin mütəxəssisləri fikrimizi bildiririk.
Həkimlər daha çox iki məsələyə cavabdehdilər. Birincisi, xəstəyə dəqiq diaqnoz qoymalıdır. İkincisi, həmin diaqnoz üçün hansı dərmanlar lazımdırsa, ona uyğun resept yazmalıdır. Düzdür, bəzən deyirlər ki, həkimlər müəyyən firma və apteklərlə işləyirlər, buna da şərait yaranıb. Gərək bu şərait də aradan qalxsın”.