“Medera” Hospitalda çalışan Nərmin Məmmədova adlı pediatrın “qızılca peyvəndi” adı ilə valideynlərdən yüksək məbləğdə pul aldığı, lakin uşaqlara peyvənd vurmadığı, şprisin içinə mənşəyi bəlli olmayan maddə doldurduğu, sonda başqa bir qaba boşaltdığı iddia olunur.
Pravda.az xəbər verir ki, bu barədə bloger Saleh Nəsirovun izləyicisi tərəfindən ünvanlanan şikayətdə bildirilib.
“Üzünü bağladığım uşaq mənim qızımdır. Yalandan iynə vururmuş kimi illuziya yaradan isə pediatr Nərmin Məmmədovadır. Ölkəmizdə qızılca xəstəliyinin bu dərəcə pis yayıldığı dövrdə bu pediatr fürsətcil davranır. Deməli, mənim 2 övladım var və hər ikisi üçün vaksinə 155 manat, həkim müayinəsinə isə 50 manat ödəmişəm. Toplam 410 manat. Tam şans əsəri olaraq yoldaşım qızıma iynə vurulma anını kadra alıb. Təbii ki, həkimdən icazə alınıb. Videogörüntünü daha dəqiq incələdikdə bəlli olur ki, həkim Nərmin Məmmədova iynənin içinə hansısa mayeni doldurur, uşağın qoluna yaxınlaşdırır, vurmur və sonra isə boşaldır. Bu adam məlumat yayıb ki, bunda Belçika istehsalı olan "GSK Priorix" vaksini var. Amma belə görünür ki, yox imiş və Nərmin həkim valideynlərdən pul yığıb, sadəcə, illuziya yaradıb. Bu videonu içtimailəşdirməkdə məqsədim digər valideyinlərin də ayıq olmağını istəməyimdir. Belə həkimlərin lazımi cəzasının verilməsini, həkimlik lisenziyasının ləğv edilməsini istəyirəm. Bu həkimin bu illuziyanı daha neçə uşağa qarşı etdiyi bəlli deyil. Həmçinin Medera klinikasının da məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Kontrol mexanizmlərinin klinikalarda gücləndirilməyini istəyirəm. Belə ki, “Medera” klinaksının rəhbər şəxsləri ilə görüşdükdə mənə məlumatsız olduqlarını və məsuliyyət daşımadıqlarını bildirmişdilər. Bundan sonra da Nərmin həkimi artıq işdən uzaqlaşdırdıqlarını bildirdilər. Nərmin həkimlə telefonla əlaqə saxladığımda hərşeyi inkar edir və iynəni vurduğunu iddia edir. Soruşduqda isə “bəs niyə sizi işdən uzaqlaşıdırıblar, əgər iynəni vurmuşdunuzsa?”, çox gülməli arqument gətirib. Səs yazması var. “Məndən klinika rəhbərliyi qızılca vaksininin təşkil etməyimi istəmişdi, mən tapa bilmədiyim üçün məni işimdən uzaqlaşdırdılar”. Bir çox sual yaranır - bu həkim pediatrdır, yoxsa satınalma şöbəsinin əməkdaşı? Niyə vaksin iynə otağında deyil, pediatorn müayinə otağında vurulur? Niyə biz klinikaya yaxınlaşdıqda qeydiyyat şöbəsi bizi qeydiyyata almadan birbaşa həkimin otağına göndərir?”
Nərmin Məmmədovanın vəkili Xeyrənsə Babayeva məsələyə belə aydınlıq gətirib: “Nərmin xanım işdən çıxması ilə bağlı valideynə hansı məlumatı veribsə, bilmirəm. Onun verdiyi məlumata mən də, klinika da heç bir cavabdehlik daşımırıq. Bu məsələ ilə bağlı hüquq-mühafizə, prokurorluq orqanları araşdırma aparacaqlar. Bundan sonra biz mətbuata bu haqda geniş məlumat verəcəyik. Həkimin hüquqlarının qorunması barədə müqavilə öhdəliyim var. Vətəndaş narazıdırsa, hüquqi çərçivədə, yəqin ki, həll etməyə nail olacağıq. Hansı əsasla, necə məlumat yayıblarsa, öz işləridir. Hər kəs verdiyi ifadəyə və sözə görə məsuliyyət daşıyır”.