Azərbaycanda bu qanun qəbul edilsə, ölüm halları artacaq - Şok iddia

Azərbaycanda bu qanun qəbul edilsə, ölüm halları artacaq
Evtanaziya xəstənin həyatına öz arzusu ilə son qoymaqdır. Xarici ölkələrdə bu üsul geniş yayılıb. Lakin Azərbaycanda hələ bunu reallaşdıran qanun layihəsi qəbul olunmayıb. Maraqlıdır, ölkəmizdə bu üsula ehtiyac var?

Məsələyə münasibət bildirən həkim, professor Adil Qeybulla “Yeni Sabah”a deyib ki, insanın öz arzusu belə olsa, onun həyatına son qoymaq düzgün deyil:

“Lakin bu normal psixi duruma olan şəxsə tətbiq edilir. Əqli çatışmazlıqları olan adamlar bu üsulu seçə bilməz. Bir çox ölkələrdə müxtəlif xəstəliklər ucbatından dözülməz ağrılara və diskomfort durumlara tab gətirməkdə çətinlik çəkən, yaşam perspektivi çox az olan şəxslər evtanaziya ilə həyatlarına son qoyur. Bu proses müəyyən bir qanun layihəsi əsasında həyata keçirilməlidir. Sözügedən məsələdə komissiya və şahidlik mütləqdir. Çünki insanın dünyasını dəyişmə faktı araşdırılır ki, bu hadisədə qəsd var, ya yox. Sadalananlar evtanaziya haqqında qanun qəbul edən ölkələrə aiddir. Azərbaycanda belə bir qanun yoxdur. Özü arzulasa belə biz heç bir xəstənin həyatına son qoya bilmərik. İnsanın həyatını xilas etmək üçün sona qədər çalışıb-çarpışmaq lazımdır”.

Hüquqşünas Əkrəm Həsənov isə bu qanunun Azərbaycanda qəbul olunmasından sonra mənfi nəticələrlə qarşılaşmağın qaçılmaz olduğunu vurğulayıb:

“Mən bu qanun layihəsinin qəbul olunmasının tamamilə əleyhinəyəm və bu fikirdə olmağımın iki səbəbi var. İlk növbədə həmin üsul bizim milli mentalitetimizə və dinimizə ziddir. İnsanın özünə qəsd etməsi bizdə birmənalı qarşılanmır. İkinci səbəb isə odur ki, bizdə qanunlara əməl etmək çox aşağı səviyyədədir. Düşünürəm ki, həmin qanun qəbul edilərsə, bundan sui-istifadə halları olacaq. Bəlkə də kimsə öz həyatına son qoymaq istəmir, ancaq qohum-əqraba mülk, miras üstündə bu yola əl ata bilər. Bizdə qanunlar normal işləmir. Ona görə də, evtanaziyanın Azərbaycanda tətbiq edilməsinin tərəfdarı deyiləm”.
Tarix: 19-02-2024, 18:22
Xəbəri paylaş





Xəbər lenti