"Sənəd hazırlanır, səs verilir, təsdiqlənir, qanun qüvvəyə minir... sonra rüşvətxor həkimin biri "neştər" vurur"

"Sənəd hazırlanır, səs verilir, təsdiqlənir, qanun qüvvəyə minir...
"Bakıda fəaliyyət göstərən taksi sürücülərinin "hamı"sı narkoloji testdən keçiriləcək". Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, taksi fəaliyyətinə icazə üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir. “Avtomobil nəqliyyatı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar. Bildirilib ki, hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir. Sürücünün sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatlar, eyni zamanda xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd də təqdim edilməlidir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qərar yanvarın 1-dən qərar qüvvəyə minib, “taksi” sürücüləri sertifikatlaşdırılır.

“Sürücü təlim mərkəzində dərs keçməlidir. O, dərsin yekununda rəsmi sertifikat almalı və sertifikatdan sonra da bu işlər həllini tapmalıdır. Yəni sürücü buraxılış kartı, buraxılış vərəqəsi və digər sənədləri almamış mütləq sağlamlıq arayışı almalıdır. Tibbi arayış yox, sağlamlıq arayışı. Söhbət bundan gedir. Yəni bunlar baş verəndən sonra burada bir problem qalmayacaq. Sadəcə problem oradadır ki, poliklinikalarda açıq satış olduğu deyilir. Əsas odur ki, qanunun icrası düzgün olsun.

Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyi sənəd hazırlayıb, pul xərcləyib mütəxəssislər cəlb olunur. Milli Məclisdə 125 deputat yığışıb qərar üçün səs verir. Ölkə rəhbəri bunu təsdiqləyir və qanun qüvvəyə minir. Sonra hansısa bir rüşfətxor həkimə görə işin bütün mahiyyəti dəyişir”-deyə ekspert əlavə edib.
Tarix: 19-02-2024, 22:22
Xəbəri paylaş





Xəbər lenti