Beş milyona tikilən xəstəxananın 200 manatlıq dərdi

Beş milyona tikilən xəstəxananın 200 manatlıq dərdi

Sumqayıt şəhər sakinləri qəribə mənzərə ilə üz-üzə qalıblar. Belə ki, 2 saylı Sumqayıt şəhər xəstəxanasında müayinə olunan vətəndaşlar verdikləri analizlərin cavabını çox çətinliklə əldə edirlər. 
Səbəbsə çox sadədir: Xəstəxanada çap qurğusu yoxdur. 
Ona görə də xəstəxanada analiz verən xəstə cavabı əldə etmək üçün şəhərdəki hansısa digər xəstəxana və yaxud poliklinikaya getməlidir. Getdiyi ünvanda əlindəki çeki göstərib və kimlərdənsə xahiş edib, boyun bükməlidir ki, 2 saylı xəstəxanada verdiyi analizin cavabını çap edib, ona versinlər. Bundan sonra xəstə analizin cavabını götürüb, yenidən 2 saylı xəstəxanaya getməlidir ki, həkim nəticələrə baxıb qərar versin. 
Nəzərə alaq ki, 2 saylı xəstəxana Sumqayıt şəhərindən xeyli aralıda, “Bağlar” massivində yerləşir. Sumqayıtdan həmin xəstəxanaya gedib-gəlmək ən azı bir neçə saat vaxt aparır.
Bu, azmış kimi, çox xırda və sadə bir məsələyə görə xəstə ən azı 2 gününü itirir.
2 saylı Sumqayıt şəhər xəstəxanası yeni inşa olunub. Xəstəxananın tikilməsi və zəruri avadanlıqların alınması üçünsə dövlət büdcəsindən Səhiyyə Nazirliyinə nə az-nə çox, düz 5 milyon manat vəsait ayrılıb.
23 oktyabr 2023-cü ildə xəstəxananın təntənəli açılışı olub. Artıq bir neçə aydır ki, xəstəxana fəaliyyətini davam etdirir. Amma nəyə görəsə xəstəxananı tikənlər və təhvil alanlar çap qurğusunu “yaddan çıxarıblar”. Qəribədir ki, indiki rəhbərlik də real vəziyyətdən heç də narahat deyil. Yoxsa 200-300 manat dəyəri olan çap qurğusu çoxdan alınıb yerinə qoyulardı.
Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən Bizim.Media-ya bildirilib ki, hazırda xəstəxana TƏBİB-in balansındadır:
“Ona görə də məsələ ilə bağlı TƏBİB-ə müraciət edin”.
TƏBİB-dən cavab olaraq, məsələ araşdırıldıqdan sonra məlumat veriləcəyi bildirilib. 
Tarix: 20-02-2024, 08:50
Xəbəri paylaş





Xəbər lenti