“Rəsmi statistikaya görə, Azərbaycanda əlillik statusu tanınmış şəxslərin bütün əhaliyə nisbəti 5% ətrafındadır ki, bu dünya üzrə orta göstəricidən təxminən 3 dəfə azdır. Xüsusilə də son 2 ildə yeni mexanizmin tətbiq edildiyi dövrdə əlilliyi olan şəxslərin sayı 25%-dək (170 min nəfərə yaxın) azalıb”.“AzPolitika” xəbər verir ki, bu barədə
Demokratiyanı Öyrənmə İctimai Birliyinin (İB) apardığı tədqiqatda bildirilir. Qeyd olunur ki, rəsmi mövqeyə görə, bu daha çox qeyri-qanuni yollarla status alımış şəxslərin əlilliyinin ləğvi nəticəsində olub. Lakin əlillik statusu ləğv edilmiş, eləcə də imtina cavabı almış ayrı-ayrı şəxslər bəzi hallarda qərarların obyektiv olmadığını, yeni mexanizmin hüquqların təmin edilməsi baxımından yetərsiz olduğunu göstərir.
“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə tədqiqat çərçivəsində göndərilmiş informasiya sorğusuna verilən cavabdan da aydın olur ki, əlillik statusu almaq üçün müraciət edən az qala hər 3 nəfərdən biri bu statusu ala bilmir. Belə ki, qurumun cavabına görə, 2018-2023-cü illərdə əlilliyin təyin olunması ilə bağlı 652 370 müraciət olub, Agentlik tərəfindən 258 640 nəfər şəxsə əlillik təyinatı aparılıb”, araşdırmada qeyd olunub.
Tədiqatda bildirilir ki, əhalinin sağalamlığının və həyat keyfiyyətinin yüksək səviyyədə qorunmasına imkan verən mükəmməl səhiyyə sisteminə malik bir sıra inkişaf etmiş ölkələrdə əlillik səviyyəsi - əlillik statusu almış şəxslərin ümumi əhaliyə nisbəti Azərbaycandan çox yüksəkdir.
Məsələn, BMT-nin müvafiq statistikasına görə, bu göstərici Avstriyada 18,4%, Norveçdə 15%, Böyük Britaniyada 20% təşkil edir.Əlilliyi olan şəxslərə təqaüdlərin təyini və məbləğinin müəyyən olunması ölkə Prezidentinin imzaladığı fərmanlara əsasən həyata keçirilir.
Rəsmi statistikaya görə, 2023-cü ilin əvvəlinə ölkədə əlilliyə görə pensiya alanların sayı
273,1 min nəfər, əlilliyə görə müavinət alanların sayı
215,6 min nəfər olub. 2018-ci ildə onların sayı müvafiq olaraq,
398.8 min və 235.5 min nəfər olub. Hər iki kateqoriyaya görə onların sayı
146 min nəfər azalıb.
Araşdırmada qeyd olunur ki, bundan əlavə,
74,8 min nəfər müxtəlif təyinatlı təqaüd alıb, o cümlədən
20,3 min nəfər müharibə ilə əlaqədar əlilliyə,
43 min nəfər ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına,
11,5 min nəfər isə ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyin müəyyən edilməsinə görə təqaüd ödənilib.
İB ekspertləri əhali arasında əlillik təyinatında əsas problemlərin müəyyənləşdirilməsi üçün sorğu keçiriblər. Alınan cavabları təhil edən mütəxəssislər hesab edirlər ki, ən ciddi problemlər
“Forma 88” adlanan tibbi göndəriş sənədinin doldurulduğu ilkin səhiyyə müəssisələrində baş verir. Belə ki, bir çox hallarda yeni xəstəlik təsnifatına uyğun xəstəliklərin təyin edilməsilə bağlı ilkin səhiyyə müəssisələrində həkimlərin bir çoxunun bilik və bacarıqları, məlumatlılıq səviyyəsi yetərli deyil. Yanaşı xəstəliklərlə laboratoriya analizlərinin nəticələri barədə məlumatların yanlış və tam doldurulmaması halları daha geniş yayılıb.
Bu səbəblərdən “Forma 88” yanlış doldurulur və nəticədə tibbi-sosial ekspert komissiyalarında da əlilliyin təyinilə bağlı son qərarın qəbulu zamanı problemlər, əlavə araşdırmalara ehtiyac yaranır. Bir sözlə, yeni sistem tətbiq edilsə də, onun tələblərinə uyğun mütəxəssis korpusunun yaradılması tam təmin edilməyib.Tədiqatçıların rəyinə görə, göndərişlərin verilməsinə məsul həkim komissiyaları üçün intensiv təlimlərin təşkilinə ehtiyac var. Xüsusilə də göndərişlərin natamam və ya yanlış doldurulması sıx təsadüf edilən həkim-məsləhət komissiyaları aşkara çıxarılmalı, onların təlimlərə cəlbi prioritet olmalıdır.
Tədqiqatda əlillik təyinatları ilə bağlı prosesdə şəffalığın təmin edilmədiyi vurğulanır. Məsələn, Tibbi-Sosial Ekspert Komissiyaları qəbul edilən qərarla bağlı yekun sənədi vətəndaşa vermir ki, ilkin səhiyyə məntəqəsində “Forma 88”-in doldurulması zamanı hansı səhvlərə yol verildiyi barədə məlumat ala, bu səhvləri müstəqil araşdırmanın obyektinə çevirə bilsin. Öz növbəsində, imtinanın səbəblərinə və onların əsaslandırmasına, müraciətçinin sağlamlıq vəziyyətinin hansı meyarlara uyğun gəlmədiyinə dair yekun təfsilatlı qərar sənədi vətəndaşla paylaşılmır, yalnız bir cümlədən ibarət “Əlillik təyin edilmir” qeydi müraciət edən şəxsə ötürülür.Qeyd olunur ki, qərar qəbul edən və şikayətlərə baxan orqan eynidir və maraqlar toqquşması baxımından prosesin effektivliyinin, şəffaflığının və etibarlılığının təmin edilməsi imkanlarını aşağı salır. “Alternativ və müstəqil tibbi ekspertiza institutları olmadığı üçün məhkəmələr də şikayətləri yenidən qərarı qəbul edən quruma qaytarır ki, öz yanlış qərarlarını araşdır”, -müəlliflər bildirirlər.
Araşdırmada bildirilir ki, bir çox hallarda xəstəxana bütün xəstəliklərə baxışı əhatə edə bilmədiyi üçün yanaşı xəstəliklərin daxil edilməməsi halları daha geniş yayılıb ki, bu da əlillik dərəcəsinin orqanizmin funksiyalarının real itirilmə səviyyəsinə uyğun təyin edilməsi imkanının qarşısını alır.
Bundan başqa:- Yeni qaydalar da prosesdə insan amilinin rolunu azalda bilməyib, əksinə daha da artırıb ki, bu da qərar qəbulunda subyektivliyin aradan qaldırılması ilə bağlı imkanları azaldır;
- Bəzi hallarda (məsələn, avtomobil üçün müraciət edildikdə) əlilliyin təyini üçün yenidən komissiya təşkil edilir ki, bu yanlışdır. Çünki ya müddətli, ya da müddətsiz olaraq artıq əlillik təyinatı aparılıb və yeni müraciətlər həmin təyinatı hüquqi əsas kimi götürməlidir;
- Ömürlük əlillik təyin edilmiş şəxs ümumiyyətlə yenidən müayinəyə çağırılmamalı və bu məqam qaydalarda əksini tapmalıdır;
- Yeni mexanizmin şəffaf, ictimaiyyətə əlçatan və təfsilatlı hüquqi təlimatlar tətbiqi təcrübəsi mövcud deyil;
- Əlilllik statusu almağa imkan verən yanaşı xəstəlik və ya pozuqluqlara görə əlilliyin təyin edilməsi mexanizmi effektiv deyil, həmçinin müraciət edən şəxslərin sosial maraqlarını onların tibbi vəziyyətinə adekvat şəkildə təmin etmək üçün yetərli deyil;
- Aparılan sorğu əlillik statusu almaq üçün müraciət edən şəxslərin böyük əksəriyyətinin yeni qanunvericliklə bağlı yetərli səviyyədə məlumatlı olmadığını göstərir;
- Ehtiyacı olan şəxslərin çox az hissəsi müvafiq dövlət qurumlarından zəruri yardım və təlimatlar ala bilirlər;
- Hələ də əlillik təyinatının aparılması üçün müvafiq qurumlarda qeyri-rəsmi ödənişlərə marağın qaldığı bildirilir;
- Xəstəlik tarixçəsində qeyd olunan nəticələr və müayinələrin nəticələrinin müvafiq göndərişlərdə düzgün əks etdirilməməsi hallarına sıx rast gəlinir.
Tədiqatdın yekununda ekspertlərin təklifləri də yer alıb. Onlar hesab edirlər ki, əlilliyin qiymətləndiriliməsinin yeni meyarlarına uyğun olaraq, müraciət edən şəxsin tibbi vəziyyətilə yanaşı fərdin cəmiyyətdə fəaliyyət göstərmə qabiliyyətini də nəzərə almaq üçün həkim-məsləhət və sosial-ekspert komissiyalarında həkimlərlə yanaşı, peşə terapevtlərinin və sosial işçilərin də iştirak imkanı nəzərdən keçirilməlidir. Bundan başqa yeni mexanizmin effektiv və şəffaf tətbiqi üçün ictimaiyyət üçün əlçatan təfsilatlı hüquqi təlimatların və ya bələdçilərin hazırlanmasına və internetdə paylaşılmasına ehtiyac var. Xüsusilə də qaydalar və onun istinad etdiyi beynəlxalq təsnifat sistemi müəyyən qədər mürəkkəbdir, bu səbəbdən həkimlərin və hüquqşünasların iştirakı ilə bu sənədlərin aydın izahına dair bələdçinin hazırlanması zəruridir.Müəlliflər hesab edirlər ki, əsas problemlərin “Forma 88” adlanan tibbi göndəriş sənədinin doldurulduğu ilkin səhiyyə müəssisələrində baş verdiyini nəzərə alaraq, həmin səhiyyə müəssisələrinin heyəti üçün davamlı təlimlər təşkil edilməli, xüsusilə də monitorinq və araşdırmalar əsasında göndərişlərin natamam və ya yanlış doldurulması sıx təsadüf edilən həkim-məsləhət komissiyalarının müəyyən edilməsi istiqamətində addımlar atılmalıdır.
“Qərar qəbul edən və şikayətlərə baxan orqanlar bir-birindən ayrılmalı, TSEK-lərin qərarlarının nəticələrilə bağlı şikayətlərinə başqa səhiyyə instansiyasında baxılmalıdır, ehtiyac yarandıqda məhkəmə araşdırmalarında alternativ və müstəqil tibbi ekspertiza institutlarının rəyi nəzərə alınmalıdır”, - İB-inin analizində qeyd olunur.
Rasim Əliyev“AzPolitika.info”
Tarix: 14-03-2024, 13:43