“Dərman mafiyası” iş başında: - “İnsaflarına qalmışıq”
“Ötən il “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklərdən sonra ölkəmizdə dərman istehsalı sənayesinin yaradılmasının şahidi olduq. Artıq bir neçə dərman istehsalı müəssisəsi istifadəyə verilib, bir neçəsinin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib.
Komitə sədri dərman istehsalı müəssisələrinin yaradılmasında təkcə azərbaycanlı sahibkarların iştirak etmədiyini, həmçinin bu işə dünyada tanınmış şirkətlərin də cəlb olunduğunu vurğulayıb.
“Dərman, dərman preparatları ilə bağlı dövlət böyük işlər görür”.
Bunu isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
Bununla belə, deputat bu sahədəki problemlərə də toxunub:
“Bir qutusu 73 manata olan “Sincardi” dərmanı artıq ölkəyə gəlmir. Onun əvəzinə ölkəyə gətirdikləri dərman isə 230 manatdır. Yəni vətəndaş 73 manat əvəzinə 230 manat verib, özünə dərman almalıdır?! Bunun qarşısını almaq lazımdır. Mən bir dəfə burada başqa dərmanla bağlı çıxış etmişdim, o məsələ həll olunmuşdu. Biz yenə də bu məsələlərdə insanlara kömək etməliyik. Burada şirkətlər oyunlar oynayır”.
Deputat Elnur Allahverdiyev qeyd edib ki, dərman, dərman preparatlarının keyfiyyəti araşdırılmalıdır:
“Hərarət azaldıcı dərmanların keyfiyyəti araşdırılmalıdır. Qardaş Türkiyədə istifadə olunan eyni tərkibli dərmanlar bizdə də satılır. Oradakı dərman virusa qarşı daha effektivdir. Türkiyədən alınan dərman hərarəti azaldır, amma buradan aldığımız yox. Yaxşı olar ki, Səhiyyə komitəsi ilə birgə dərmanların keyfiyyəti ilə bağlı dinləmə keçirək”.
Bildirək ki, “Sincardi” diabet xəstələri üçün nəzərdə tutulub. İnsulindən asılı olmayan diabet (Tir 2) xəstələrində qlikemik indeksə nəzarəti yaxşılaşdırmaq üçün nəzərdə tutulub, təsir mexanizmi bir-birini tamamlayan iki hiroqlikemik dərman vasitəsini özündə birləşdirir.
Qeyd edək ki, ölkədə satışda olan dərmanların keyfiyyəti ilə bağlı ictimai rəy heç də birmənalı deyil. Məsələn, belə fikirlər səslənir ki, dərmanın üzərinə 200 mq yazılsa da, tərkibi 180 mq olduğu üçün xəstə istədiyi nəticəni ala bilmir. Ancaq xaricdən alınan və üzərində 200 mq yazılan dərman xəstənin istədiyi keyfiyyətdə olur.
Yaxud ölkəmizdə dərman biznesi ilə məşğul olan bəzi şəxslər xaricdən keyfiyyəti daha aşağı olan dərmanı gətirərək burada baha qiymətə satırlar.
Fakt odur ki, bu gün qonşu Türkiyədə 4 manata olan dərmanlardan biri Bakıda 20 manata satılır. Bu vəziyyət nə vaxta qədər davam edəcək və istehlakçılar aldadılacaq?
Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev “Cebhe.info”-ya bildirdi ki, ölkədə dərman zavodlarının açılması çox mühüm və vacib məsələdir:
“Bu barədə qərar verilib, yəni bu zavodların tam olaraq, geniş fəaliyyəti, insanların sağlamlığı üçün vacib olan dərman maddələrinin istehsalı üçün müəyyən vaxt lazımdır. Zavodlar açılmalı, xammal məsələsi həll olunmalıdır.
Bunlar həllini tapdıqdan sonra onun qiymətinə özümüz cavabdehik. Bu gün isə həmin dərman maddələrini hər şirkət müxtəlif yerlərdən gətirir və sonra da deyirlər ki, “biz o firmadan belə almışıq”. Burada artıq dərman biznesi ilə məşğul olan insanların insaflarına qalmışıq.
Əgər ölkəmizdə dərman zavodları açılsa, oradakı dərman maddələrinin keyfiyyətinə, qiymətinə artıq heç bir bəhanəmiz qalmır, çünki özümüz cavabdehik. Arzu edək ki, təcili surətdə dərman zavodları açılsın. Hətta mən bir neçə müddətdir bu fikri səsləndirirəm ki, Azərbaycanın fauna və florası çox güclüdür.
Ölkədə AMEA-nın nəzdində və yaxud sərbəst şəkildə Azərbaycan Farmokologiya Elmi-Tədqiqat İnstitutu açılmalıdır ki, bu zaman alimlərin işlərinə ehtiyac var. Bu gün etiraf edək ki, dərman qiymətlərindən hamı narazıdır. Ölkədə “Elektron resept” sisteminə keçməklə bağlı digər bir qərar da qəbul edilib. Burada artıq həkim dərman adlarını kağıza yazmır. Əlavə olaraq “Elektron resept” sistemi ilə həkimin, xəstənin, aptekin kabineti olan kodlaşdırılmış əmsaldan istifadə edilir.
Orada xəstənin bütün xəstəliyinə aid bütün diaqnoz, dərmanlar, hətta dərmanların qiymətinə kimi öz əksini tapmalıdır. Zavodlarla bağlı ölkə başçısı qərar verib və bu barədə Milli Məclisdə müzakirə edilirsə, demək artıq dövlət idarəçiliyində olan şəxslər də vətəndaşların narazılıqlarını görüb və ona görə bu istiqamətdə qərar verilib”.
Farmokoloqun sözlərinə görə, bəzi dərmanlar xaricdə yaxşı dərman kimi tanınsa da, ölkəmizə onun daha ucuz variantını gətirməklə istehlakçı hüquqlarını pozurlar:
“Bu heç kəsə sirr deyil ki, gətirilən dərmanların keyfiyyət məsələsi də problemdir. Bəzən satışda olan bir dərmanın bir neçə adı olur. Ona görə də həmin dərmanların tərkiblərinin keyfiyyətindən xəstələr, həkimlər narazı qalır. Belə faktlar var.
Həmin zavodlar açılmadığı təqdirdə bizim milyonlarla vəsaitimiz xarici ölkələrə axır. Nə qədər xəstələrimiz bu məqsədlə xarici ölkələrə gedirlər. Ölkəyə gətirilən dərmanı kimlər yoxlayır, kimlər ölkəyə buraxırsa bu, artıq müvafiq orqanların işidir. Ancaq əhalinin dərmanın keyfiyyətindən və qiymətindən narazılığı faktdır.
İnanaq ki, bizim zavodlar tez açılar, öz alimlərimiz çalışar, fauna və flora deyən öz təsərrüfatımızdan, akademik sistemimizdən istifadə başlayar. Bu gün həm xarici ölkələrdən, həm dərmanları gətirən insanlardan asılıyıq ki, onlar da gərək keyfiyyətli dərman gətirsinlər”.