AZƏRBAYCAN REALLIĞI: Ambulans gələnədək xəstə ölür... - "20 ildə təcili tibbi yardımın ştatında...”
"Bakıda 139 təcili tibbi yardım avtomobili fəaliyyət göstərir. Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə 1 ambulans düşür. Onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər".
Bunu deputat Zahid Oruc Milli Məclisin ötən gün keçirilən plenar iclasında bildirib.
Millət vəkili vurğulayıb ki, Bakıda qeyri-rəsmi yaşayanları da əlavə etsək, vəziyyəti təsəvvürə gətirmək çətin deyil:
"Əhalisi 1,2 milyon nəfər olan Tbilisidə isə təcili yardım maşınlarının sayı 200-yə yaxındır".
Maraqlıdır, bundan çıxış yolu nədədir? Problem necə həll edilməlidir?
Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, son 20 ildə əhalinin sayı artsa da, təcili tibbi yardım briqadalarının sayı artmır:
"Son 20 il ərzində Bakı şəhərində əhalinin sayı kəskin şəkildə artıb. Kənddən şəhərə çox güclü formada axın baş verib. Amma bu 20 ildə təcili tibbi yardım briqadalarının sayıda və ya işçi ştatında artım olmayıb, nə də xəstələrə vaxtında xidmət göstərilir.
Bu gün təcili tibbi yardım maşınları xəstələrin yanına gec gəlib çatır. Ən tez gələndə 45 dəqiqəyə, 1 saata çatırlar. Bəzən gəlib çata bilmirlər, ya da gələndə xəstə ölmüş olur.
Səbəb budur ki, 20 il əvvəl ştatda nə qədər işçi vardısa, o dəyişməyib, yerində qalıb.
Hələ boş yerləri saxlayıb, həkimləri işə götürməyiblər. 1995-ci ildə açılan stansiyanın neçə maşını vardısa, indi də o saydadır, dəyişməyib. Hətta ondan azdır ki, çox deyil".
Onun sözlərinə görə, 18 minlik əhaliyə 1 təcili tibbi yardım maşını çata bilməz:
"Bir təcili tibbi yardım 18 minlik adama necə çata bilər? Bunun tez-tez təcili tibbi yardıma müraciət edənləri, ağır xəstələri var. Bir təcili tibbi yardım 18 minlik əhalini necə əhatələyə bilər?
Ştatların, eləcə də istifadə olunan ambulasların sayı artırılmalıdır. Heç olmasa, 20 il əvvəlki səviyyəyə çatdırmaq lazımdır ki, insanlar təcili yardım xidmətlərindən lazımi formada istifadə edə bilsinlər".