Xəstəxanaların sıxlıq DƏRDİ - NƏ ETMƏLİ?

Xəstəxanaların sıxlıq DƏRDİ
Son zamanlar tibb müəssisələrinə müayinə və müalicəyə gələnlərin sayı artıb. İnsan sıxlığına istər bir sahə üzrə ixtisaslaşmış xəstəxanalar, istərsə də ümumi xəstəxalarda rast gəlinir. Bəziləri bunu icbari tibbi sığortanın tətbiqi ilə əlaqələndirir. Amma icbari tibbi sığorta paketinə daxil olmayan xəstəliklər üçün gələnlər də az deyil. Həmçinin, özəl xəstəxanalarda da müəyyən qədər sıxlıq yaşanır.

Bölgə xəstəxanalarında sıxlıq əsasən günün birinci yarısında olur. Paytaxtda isə xəstəxanaların və həkimlərin fəaliyyət göstərdiyi bütün saatlarda növbədə duran insanları görmk mümkündür.

Bəs buna səbəb nədir? Xəstəxanaların sayı xəstələrin sayına müvafiqdirmi? Ümumiyyətlə, hər ərazidə tibb müəssisəsi yaradılarkən əhali sayı nəzərə alınırmı?

Mövzuya münasibət bildirən tibb üzrə ekspert Adil Qeybulla Bizim.Media-ya bildirib ki, sıxlıq daha çox icbari tibbi sığorta ilə işləyən dövlət mülkiyyətli xəstəxanalara aiddir:

“Bu randevu sisteminin indiyə qədər normal fəaliyyət göstərməməsidir. Yəni insanlar tək şəxsiyyət vəsiqəsi ilə istənilən vaxt xəstəxanalara gedirlər. Bu da sıxlıq yaradır. Mütləq növbəli sistem olmalıdır, bu, o deməkdir həkimlər konkret öz imkanları daxilində, beynəlxalq standartlar çərçivəsində gün ərzində neçə xəstəni müayinə, müalicə etmək mümkündürsə, onu edəcəklər. Növbəti xəstələr digər günlərə qalır. Yəni bu, növbəli bir sistemdir və bütün dünyada tətbiq olunur. Amma təəssüflər olsun ki, bizdə insanlara deyəndə ki, 3-5 gün sonra yer olacaq, onda xəstələr narazılıq edirlər”.

O hesab edir ki, növbəli sistem onlayn şəkildə fəaliyyət göstərməlidir:

“İnsanlar özləri yazılmalı, öz növbələrinə nəzarət etməlidirlər. Ona görə də hələlik bu basabası, sıxlığı müşahidə edirik. Özəl klinikalarda olan sıxlıqlar xəstəxananın prestijinə görə dəyişir. Bəzi xəstəxanalar var ki ora hazırda daha çox insan üz tutur. Bütövlükdə isə bu proses əsasən dövlət xəstəxanalarında müşahidə edilir”.
Tarix: 18-06-2024, 09:52
Xəbəri paylaş





Xəbər lenti