BMT-nin qərarı ilə 26 iyun tarixi bütün dünyada Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qəbul olunur. Azərbaycanda narkomaniya və narkotik ticarətinin geniş yayılması bizim ölkəmiz üçün də bu günün əhəmiyyətini göz önünə sərir.Prime TV-nin hazırladığı və rəsmi statistikaya əsaslanan filmdə Daxili İşlər Nazirliyinə istinad olunaraq, Azərbaycanda 280 000 narkomanın qeydiyyatda olması haqqında narahatlıq doğuran informasiya işıqlandırılır. O da təsadüfi deyil ki, son illər Azərbaycanda 140-dan çox özəl narkoloji klinika açılıb, daha çox sayda klinikanın açılması planlaşdırılır.
Qeyd edək ki, 26 iyun tarixi ərəfəsində Ümumdünya Səhiyyət Təşkilatı (ÜST) alkoqol və narkotik istifadəsi nəticəsində yaranan sağlamlıq problemləri və ölümlərlə bağlı hesabat dərc edib. Hesabatda qeyd olunub ki, hər il 2,6 milyon insan alkoqol qəbulu səbəbindən ölür. Bu isə bütün ölümlərin 4,7 faizini təşkil edir.
Hesabatda hər il 0,6 milyon ölümün psixoaktiv narkotik istifadəsi səbəbindən baş verdiyi ifadə edilərək, xüsusilə kişilərdə 2 milyon insanın alkoqoldan, 0,4 milyonunun isə narkotikdən öldüyü vurğulanıb.
ÜST-nin açıqlamasında dünyada təxminən 400 milyon insanın alkoqol və narkotik istifadəsi nəticəsində yaranan pozğunluqlarla yaşadığı və onlardan 209 milyonunun alkoqol aludəçisi olduğu bildirilib.
"2010-cu ildən alkoqolla bağlı ölüm hallarında müəyyən azalma olsa da, alkoqol istehlakı ilə bağlı ölümlərin ümumi sayı yüksək olaraq qalır" ifadəsinin istifadə edildiyi hesabatda 2019-cu ildə alkoqoldan ölənlərin sayının 2,6 milyon nəfərə çatdığı və ən yüksək rəqəmlərin Avropa və Afrikada olduğu qeyd edilib.
Hesabatda alkoqol istehlakına bağlı ölümlərin aşağı gəlirli ölkələrdə yüksək gəlirli ölkələrə nisbətən daha çox olduğuna diqqət çəkilərək, 2019-cu ildə alkoqoldan qaynaqlanan ölümlərin ən yüksək nisbətinin (13 faizinin) 20-39 yaş arası gənclərdə müşahidə edildiyi ifadə edilib.
Hesabatda həmçinin alkoqol və narkotik istehlakının azaldılması və maddə istifadəsi pozğunluqlarının keyfiyyətli müalicəsinə çıxışın yaxşılaşdırılması yolu ilə 2030-cu ilədək “Dayanıqlı İnkişaf Məqsədi 3.5”ə nail olmaq üçün qlobal miqyasda səyləri sürətləndirməyə təcili ehtiyac olduğunu vurğulayıb.
ÜST-nin hesabatında izah edilib ki, bu məqsədə nail olmaq üçün əlaqələndirilmiş qlobal kampaniya vasitəsilə məlumatlılığın artırılması, səhiyyə və sosial qayğı sistemlərinin profilaktika və müalicə potensialının gücləndirilməsi, tibb işçilərinin təlimlərinin yayılması kimi addımlar atılmalıdır: "Narkotik maddə istifadəsi hər il milyonlarla qarşısı alına bilən ölümlə nəticələnir".
Hesabatda fikirlərinə yer verilən ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, “Narkotik maddə istifadəsi fərdi sağlamlığa ciddi ziyan vurur, xroniki xəstəliklər və psixi sağlamlıq problemləri riskini artırır, hər il qarşısı alına bilən milyonlarla ölümlə faciəvi şəkildə nəticələnir".
Qebreyesus, daha sağlam və daha ədalətli bir cəmiyyət qurmaq üçün alkoqol istehlakının mənfi sağlamlıq və sosial nəticələrini azaldacaq və maddə istifadəsi pozğunluqlarının müalicəsini əlçatan və əlverişli hala gətirəcək cəsarətli hərəkətlərə təcili ehtiyac olduğunu vurğulayıb.
Məlumatların toplanması zamanı 15-19 yaş qrupunun nümayəndələrinin 23,5%-i alkoqol istehlakı vərdişi olub. Bu göstərici ən yüksək Avropa regionunda (45,9%), ikinci yerdə isə Amerika qitəsində (43,9%) olub.
Narkotik asılılığı müalicəsində boşluqlarNarkotik asılılığı üçün effektiv müalicə vasitələrinin mövcudluğuna baxmayaraq, müalicənin əhatə dairəsi olduqca aşağı səviyyədə qalır. 2019-cu ildə məlumat verən ölkələrdə narkoloji xidmətlərlə təmasda olan insanların nisbəti 1%-dən 35%-arasında dəyişib.
Məlumatı təqdim edən 145 ölkənin əksəriyyətində bu cür xəstəliklərin müalicəsi üçün büdcədə xüsusi göstərişlər və bu məqsədlər üçün dövlətin maliyyə ayırması olmayıb. Narkotik asılılığı olan şəxslər qarşılıqlı yardım və həmyaşıdlarına dəstək qruplarından böyük fayda görürlər, lakin sorğu edilən ölkələrin demək olar ki, yarısı bu müalicə üçün qrup terapiyası xidmətləri təklif etmədiklərini bildirib.
Müalicə əhatəsindəki bu boşluqlar stiqma, ayrı-seçkilik və müalicənin effektivliyinə dair yanlış təsəvvürlər, habelə səhiyyə və inkişaf agentlikləri tərəfindən narkotik istifadəsi pozğunluqlarına xroniki laqeyd yanaşma ilə daha da artır.
Narkotik asılılığından müalicə metodlarının inkişafını sürətləndirmək üçün tədbirlərDİM 3.5 (Dayanıqlı İnkişaf Məqsədi 3.5) hədəfinə doğru irəliləyişi sürətləndirmək və narkotik maddələrdən istifadənin sağlıq və sosial zərərlərini azaltmaq üçün hökumətlər və tərəfdaşlar səkkiz strateji sahədə fəaliyyəti gücləndirməlidirlər. Bunlara daxildir:
1. Əlaqələndirilmiş qlobal maarifləndirmə kampaniyası vasitəsilə məlumatlılığın artırılması;
2. Profilaktika və xəsrtəliyin müalicəsində səhiyyə və sosial təminat sistemi potensialının gücləndirilməsi;
3. Tibb işçiləri üçün təlimlərin genişləndirilməsi;
4. 2022-2030-cu illər üçün Alkoqolla Mübarizə üzrə Fəaliyyət Planının həyata keçirilməsi üçün səylərin gücləndirilməsi. (SAFER tədbirlər paketinin həyata keçirilməsi yolu ilə)
5. Potensialın yaradılması və texnologiya transferində beynəlxalq səylərin sürətləndirilməsi;
6. Vətəndaş cəmiyyəti təşkilatları, peşəkar birliklər və bu problemin həllində şəxsi təcrübəsi olan insanlar ilə qarşılıqlı əlaqə;
7. Çoxsəviyyəli monitorinq sistemlərinin və müvafiq tədqiqat potensialının təkmilləşdirilməsi;
8. Resursların daha çox səfərbər edilməsi və ayrılması, səhiyyə və sosial qayğı sistemlərinin potensialının gücləndirilməsi üçün innovativ maliyyələşdirmə mexanizmlərinin yaradılması.
Göründüyü kimi, Azərbaycanda da son illər narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi heç də təsadüf deyil. İnanırıq ki, bütün dünyanın öz ağuşuna alan narkotik bəlasını tez bir zamanda bizim ölkəmizdə aradan qaldırmağa nail olacağıq. Şübhəsiz, bunun üçün rəsmi qurumlarla yanaşı, cəmiyyətimizin hər bir fərdinin mübarizəyə dəstək olması vacib amillərdəndir. Odur ki, vətəndaşlarımızın da bu məsələdə ayıq-sayıq olacağını, birlikdə bu bəlanı ölkəmizdən “söküb atacağımız” günü səbrsizliklə gözləyirik.
Hazırladı: KƏNAN
Tarix: 2-07-2024, 22:41