“Yağ insan orqanizmi üçün enerji mənbəyi hesab olunmaqla yanaşı, eyni zamanda vacib və kimyəvi tərkibi doymamış, keyfiyyətli yağ turşularından ibarət olan qida məhsuludur. Yağın insan orqanizminə təsiri, xüsusilə də yeniyetməlik və gənclik dönəmində, inkişaf prossesində olan orqanizmdə daha çox rol oynayır. Bu müddətdə qəbul olunan yağların keyfiyyəti insanın immun sisteminin güclənməsində, həzm sisteminin, qan dövranının normal olmasında, eyni zamanda da mərkəzi beyin sisteminin funksiyasının düzgün inkişaf edib çalışmasında çox böyük rol oynayır. Xüsusilə də heyvan mənşəli olduğu üçün tərkibindəki zülal, yağ nisbəti, eyni zamanda doymamış yağların olması insan orqanizmində enerji mənbəyidir”
Bunu Moderator.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O daha sonra əlavə edib.
“Bu gün satışda keyfiyyətsiz kərə yağı altında satılan yağlar var ki, bunları mütləq şəkildə alarkən diqqət edəcəyimiz bir çox məqamlar var ki, onlara baxmalıyıq. Birinci növbədə nəzərə almalıyıq ki, yağ mövsümə görə dəyişərək 20-25 litr süddən əldə edilir. Südün qiymətini nəzərə alsaq, yağın əmələ gəlməsində qiymətin ucuz olması ilk növbədə şübhəli hal kimi dəyərləndirilməlidir. Digər bir məqam da ondan ibarətdir ki, mütləq şəkildə etiket qaydalarına riayyət etmək lazımdır. Yaxşı olar ki, çəki ilə satılan, markasız məhsullar risk mənbəyi olduğuna görə onlardan uzaq durasınız. Mənşəyi bəlli olan qida məhsulu almaq lazımdır. Bunları alarkən diqqət edəcəyimiz etiket məlumatlarının düzgün olması, üzərində istehsalçı markanın adı, ünvanı, mümküdürsə qaynar xətti, tərkibindəki həqiqətəndə inək südündən əldə olunduğu haqqında məlumat olmalıdır. Rənginin bəzən açıq sarı, bəzən sarı olmasının əsas səbəbi odur ki, yaz-yay mövsümündə heyvanlar daha çox təzə, yaşıl otla qidalandığı üçün yağın rəngi daha tünd sarı ola bilər. Əgər kəskin, süni şəkildə sarıdırsa bu onun rəngləndirici, boya vasitələri ilə boyandığının göstəricisidir. Biz ev üsulunda da yağın keyfiyyətli olub-olmadığını yoxlaya bilərik. İsti suda az miqdarda yağı əritdikdə, əgər bir parça halında tez əriyirsə bu keyfiyyətli yağdır. Əgər hissələrə bölünürsə, yumru-yumru topa şəkilində qalırsa, bu onun keyfiyyətsiz olduğunu göstərir. Təbii kərə yağı insan bədən temperaturunda artıq əriməyə başlayır. Əlimizin yaxud da dilimizin üstünə qoyduqda dərhal əriyirsə, ağzımızda xoşagələn dad qalırsa bu onun keyfiyyətli olduğunun göstəricisidir. Əgər gec əriyirsə, ağızda xoşagələn daddan əlavə acılıq varsa, bu onun keyfiyyəsiz yağ olduğunu göstərir. Eyni zamanda kərə yağını tavada isidərkən köpüklənirsə, daha ağ rəngə çalırsa, bu onun tərkibinin təbii süddən ibarət olduğunu göstərir. Ancaq hər hansısa bir köpüklənmə yoxdursa, olduğu kimi əriyirsə bu da keyfiyyətsiz olduğunu göstərir. Keyfiyyətli kərə yağını otaq temperaturunda uzun müddət saxladıqda, o olduğu formanı saxlayır və yumşalır. Keyfiyyətsiz yağ isə əriməyə başladığı andan ətrafa su şəkildə ayrılır, fərqli rənglər ortaya çıxırsa bu onun keyfiyyətsiz yağ olduğunu göstərir. Saxta kərə yağlarının hazırlanmasında spred, bitki yağları, marqarindən istifadə olunur ki, bunlar insan orqanizmində bədən temperaturunda ərimədiyi, eyni zamanda həzm olunmadığı üçün damarlarda yığılıb qalır ki, bu da ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır. Xüsusilə də son illərdə Dünya Səhiyyə Təşkilatının açıqladığı məlumatlarda Azərbaycanda ürək-damar xəstəliyindən vəfat edənlərin sayının çox olması yağların keyfiyyətsiz olduğunun göstəricisidir. Bu gün satışda olan əksər şirniyyat məmulatlarında, un məhsullarında bildiyimiz trans yağlardan və marqarindən istifadə olunur. Marqarin məhsulun daha gec xarab olmasını təmin edir. Buna görə də istehsalçılar marqarindən çox istifadə edirlər. Amma zərərlərinə görə bir çox ölkələrdə bu yağların satışı, istifadəsi qadağan olunub. Sağlamlığına dəyər verən insanlar bu kimi yağlardan istifadə etməsələr daha yaxşı olar. Nəzərə alsaq ki, gün ərzində insan orqanizmi 20-30 qram yağ qəbul etsə, bu onun üçün yetərlidir. Palma yağı tərkibli qidalar da var ki, bunlar da satışda var və kərə yağlarının tərkibinə qatılır. Bu da istehlakçıların aldadılmasına gətirib çıxarır” deyə Məhsəti Hüseynova deyib.
Tarix: 11-07-2024, 09:21