İradə Gülməmmədovanın “Vimay-Med” klinikasında qanusuzluq
Abşeron Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İradə Gülməmmədovaya məxsus olduğu bildirilən “Vimay-Med” klinikası yüksək məbləğdə cərimələnə bilər.Qaynarinfo-nun məlumatına görə, yoxlamalar zamanı məlum olub ki, klinika əmək qanunvericiliyini pozub. Bu baxımdan, klinka barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
“Vimay-Med” hüquqi şəxsdir. Klinika barəsindəki ittihamlar təsdiqini taparsa, 20-25 min manat məbləğində cərimlənə bilər.
“Vimad-Med” klinikası vergi qeydiyyatına “Vimay-Med” MMC kimi 22 avqust 2014-cü ildə qeydiyyata alınıb. Klinikanın direktoru Firuddin Tahirovdur.
“Vimay-Med”in İradə Gülməmmədovaya məxsus olmasına gəlincə, bu barədə yerli mediada kifayət qədər
yazılıb və iddialar təkzib olunmayıb.
İradə Gülməmmədova 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, 2014-2015-ci illərdə birinci müavini, 2015-2022-ci illərdə isə icra başçısı vəzifəsində çalışıb.
Tarix: 25-07-2024, 22:21