Xidmət keçən əsrdəki kimidir, qiymətlər indiki Avropa-ABŞ səviyyəsinə qalxıb - İki nazir arasındakı "tibbi mübahisə"...

Xidmət keçən əsrdəki kimidir, qiymətlər indiki Avropa-ABŞ səviyyəsinə qalxıb - İki nazir arasındakı "tibbi mübahisə"...
Hansısa göstəricini Ermənistanla müqayisə edəndə, adamı az qalırlar xalq düşməni elan edələr. "Düşmən dövlətdir, niyə müqayisə edirsən?!" deyirlər.
Dost oldu, ya düşmən, nə fərqi?! Əgər adambaşına düşən səhiyyə xərcləri Ermənistanda 613 ABŞ dolları və Azərbaycanda 249 ABŞ dollarıdırsa, bunları müqayisə edəni günahkar çıxarmaq əvəzinə, həmin o 249 dollarlıq göstricini 613-dən yuxarı çıxarmaq lazımdır. Elə deyilmi?!

Bizim Ermənistanın göstəricisinə istinad etməyimiz Vətəni sevməmək deyil. Biz istəyirik, millətimiz düşməndən sağlam olsun. Başqalarından da daha yaxşı müayinə və müalicə olunsun. Daha uzun və rahat yaşasın.

Yeri gəlmişkən, bu rəqəmləri keçmiş maliyyə naziri, beynəlxalq səviyyəli maliyyəçi, Azərbaycanın keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor Saleh Məmmədov öz feysbuk hesabında paylaşıb. Həm də bu göstəriciləri Dünya Bankının hesabatından götürüb. Həmin hesabatda göstərilir ki, qonşu Gürcüstanda 2022-ci ildə səhiyyə xərcləri adambaşına 484 ABŞ dolları olub. Ancaq Ermənistanın göstəricisi xüsusi maraq doğurur; 44 günlük müharibədəki məğlubiyyydən sonrakı il üçün adambaşına 613 ABŞ dolları məbləğində səhiyyə xərci! "Bu maliyyəni məğlub dövlət hardan əldə edə bilərdi?" deyə sual yaranır. Bu nöqtədən baxsaq, bəlkə də Dünya Bankının hesabatında Ermənistanın göstəricisi şişirdilib, Azərbaycanınkı azaldılıb. Ola bilərmi?! Demək çətindir. Hər halda 2022-ci il üçün dövlət büdcə paketi Milli Məclisdə müzakirə olunanda Azərbaycanın maliyyə naziri Samir Şərifov başqa rəqəmlər söyləmişdi. O demişdi ki, 2022-ci ildə səhiyyə xərcləri üçün dövlət büdcəsindən 1 milyard 789 milyon manat məbləğində vəsait ayrılıb. Nazir demişdi ki, bu sahədə xərclərin məbləği mütləq ifadədə 2,5 dəfə artıb. Dövlət Statistika Komitəsinin hesabatında da həkim, çarpayı, tibb bacısı və sair sayının artdığını görürük. Ancaq, Saleh Məmmədovun təhlili isə reallığın heç də belə olmadığını göstərir. Keçmiş və indiki maliyyə nazirləri bu sahəyə dair fərqli rəqəmlər və fikirlər söyləyirlər. Professor Saleh Məmmədov yazır ki, Azərbaycanda səhiyyə xidmətinin keyfiyyət göstəriciləri hətta Sovet dövrünə nisbətən geriləyib. Samir Şırifov isə əksini iddia edir; 2016-2021-ci illərdə büdcədən səhiyyəyə ayrılan xərclərin 5 dəfə artdığını söyləmişdi (söhbət Dünya Bankının hesabatından götürülmüş 2021-ci il rəqəmləri üzərində getdiyi üçün, biz də o illərə nəzər salırıq).

Qısası, rəsmi və müstəqil ekspert rəyləri fərqlidir. "Hansı doğrudur?!" deyə sual yarana bilər. Hər halda bu, bir həqiqətdir ki, Azərbaycanda adambaşına səhiyyə xərcləri Dünya ortalamasından çox geri qalır. Dünya üzrə orta rəqəm 2021-ci il üçün 1265,62 ABŞ dolları olub. ABŞ-da bu rəqəm 2022-ci ildə 12473,79 dollar idi. Bu göstəricini isə biz heç xəyal edə bilmərik.

Xəyal edə bilmərik, bəli. Ancaq xatirələrə dalan professor Saleh Məmmədov bir məsələdə yəqin tam haqlıdır: tibbi xidmət keçən əsrdəki kimi qalıb, amma qiymətlər indiki Avropa-ABŞ səviyyəsinə qalxıb. Azərbaycanda maaşlar, pensiyalar axı Avropa-ABŞ səviyyəsində yox, Azərbaycan səviyyəsindədir!

İradə Cəlil, Bizimyol.info
Tarix: 6-08-2024, 11:13
Xəbəri paylaş





Xəbər lenti