"Terrorun qarşısını Allah yox, hakimiyyət təmsilçiləri almalıdırlar"
2017-ci ilin ilk yazısını bu cür başlamaq fikrim yox idi. Yeni il gecəsindən xoş bir şəkil paylaşmaq istəsəm də bunu edə bilmədim. Türkiyədə baş vermiş terrora çox sarsıldım və bu vəhşiliyin səsini Azərbaycanda da hiss etməyə başladım. Belə bir gündə aləmi qana boyamaq heç bir dinə, inama sığmaz! Allah bu terrora aidiyyəti olanlara lənət etsin. Türkiyə rəsmilərinin də mənim dediklərim formada reaksiyalarını isə heç cür başa düşmədim. Terrorun qarşısını Allah yox, hakimiyyət təmsilçiləri almalıdırlar. Fətullah Gülənə münasibətim yaxşı olmasa heç vaxt pis də olmamışdı. Mən də başqaları kimi onun təhsil sahəsindəki uğurlarına inanırdım. Yadınızdadırsa onun bir dəfə Ərdoğana bəddua etdiyi video yayıldı. Həmin gündən ona münasibətim çox mənfi oldu. Ərdoğanla bağlı da fikirlərimə çox sərt reaksiyalar olmuşdu. Yenə də həmin fikrimdə qalıram. Ölkəni dinlə idarə edəndə bu cür terrorlar çox olacaq. Ölkəni dinlə yox, ali qanunlarla idarə etmək lazımdır. Terrorun qarşısını da Allahın ümidinə buraxmaq yox, hakimiyyətin özü almalıdır. Türkiyə Atatürk ideyalarına qayıtmayınca, məktəblərin yox, mədrəsələrin sayını artırdıqca bu terrorlar davam edəcək. Ərdoğanın hikkəsinin qarşısını bu cür almaq istəyən ABŞ, Avropa özü də bu terrorların qurbanına çevriləcək və dünya fəlakətə sürüklənəcək.
Bir daha özümə ikinci Vətən saydığım Türkiyəyə bu fəlakətlərdən xilas olmasını arzulayıram.Aslan İsmayılov, tanınmış hüquqşünas
Tarix: 1-01-2017, 16:29