Yanvarın 6-sı Bakı və Bakı ətrafı kənlərdən olan bir qrup narazı vətəndaş Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Onların toplaşmasına imkan verilməyib.
AzadlıqRadiosu bildirir ki, bu haqda aksiya iştirakçılarından, hazırda Prezident Administrasiyasının binasında saxlanıldıqlarını deyən Sevda Süleynmanova məlumat verib.
3 jurnalistin də saxlandığı bildirilirOnun deməsinə görə, nəzarətçilər özlərini zəncirləmiş narazıların hamısını administrasiya binasına aparıblar. Aksiyanı işıqlandırmaqdan ötrüəraziyə gələn jurnalistlərin də saxlandığı bildirilir.
Narazı vətəndaşlara deyiblər ki, onları hansısa rəsmi şəxs qəbul edəcək.
Aksiyaya cəhd edənlər Ülviyyə Abutalıbov, Elmidar İsmayılov, Lətifə Zeynəddinova, Mahir Cəbiyev, Sevda Süleymanova və digərləri olublar. Onların şikayəti müxtəlifdir. Kimisi həyat yoldaşının qanunsuz həbsindən, kimisi dədə-baba mülkünün əllərindən alınmasından, kimisi ləğv edilən Milli Təhlükəsizlik Nazirliyindən (MTN), kimisi də icra hakimiyyətindən şikayət edir.
Şikayətlər…
Onlardan Lətifə Zeynəddinova deyib ki, 2 ildən artıqdır ki, 13 yaşlı qızını əlindən alıblar. Qızını zirzəmilərdə saxlayıb,əxlaqsız hərəkətlər ediblər.
“İndi də övladımı sığınacağa vermək istəyirlər”, deyən L.Zeynəddinova Abşeron Rayon Polis İdarəsindən şikayətçidir.
Başqa bir şikayətçi E.İsmayılov isə deyir ki, keçmiş MTN-in xüsusi təyinatlıları 2 il əvvəl onu atası ilə birgə döyüblər. Hüquqlarının müdafiəsindən ötrü mübarizəyə başladıqlarında onların özlərinə cinayət işi açılıb.
Sevda Süleymanova isə ərinin həbsindən şikayətçidir.
XatırlatmaHəmin şəxslər bundan əvvəl də ayrı-ayrı vaxtlarda kəfən geyinərək Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin,Nazirlər Kabinetinin, Ədliyyə Nazirliyinin və başqa dövlət qurumlarının qarşısında toplaşaraq aksiya keçirməyə cəhdlər göstəriblər.
Bundan əvvəl Baş Prokurorluq həmin şikayətçilərə ümumilikdə cavab vermişdi.
Məsələn cavabda qeyd edilirdi ki, şikayətçilərdən Sevda Süleymanova əri Qüvvətəli Süleymanovun əsassız olaraq məhkəmə məsuliyyətinə verilməsindən narazılıq edib. Halbuki, araşdırma, hələ də, davam edir.
Digər şikayətlərlə də bağlı araşdırmaların aparıldığı bildirilirdi.
Yanvarın 6-sı keçirilən aksiyada saxlananlarla bağlı deyilənlərə isə Prezident Administrasiyasının mühafizə xidmətindən münasibət almaq mümkün olmayıb.
Tarix: 6-01-2017, 22:47