Hicran Hüseynova niyə hələ də vəzifədədir?

Hicran Hüseynova niyə hələ də vəzifədədir? MTN-in ləğvindən sonra bu qurumun xeyli sayda vəzifəlisi həbs edildi. Onlar ən müxtəlif cinayətlərdə ittiham edilirlər. Lakin illərlə bu quruma rəhbərlik etmiş və ən azı həmin cinayətlərin törədilməsinə biganə qalmış keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov nədənsə həbs edilmir. Üstəlik, onun adı istintaq materiallarında bir sıra məqamlarda hallanır.

Tərəfdar.az xatırladır ki, E.Mahmudov heç olmasa vəzifədən alınıb və həbs olunacağı ilə bağlı müəyyən gözləntilər var. Azərbaycanda elə məmurlar var ki, onların adı külli miqdarda rüşvət almada, korrupsiyada hallansa da, nəinki həbsindən, heç vəzifədən alınmasından belə söhbət getmir. Bunlardan biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK sədri Hicran Hüseynovadır. Məlum olduğu kimi, xanım komitə sədrinin adı nə az, nə çox, 170 minlik rüşvət olayında hallanır.

Qeyd edək ki, vətəndaş Eynur Kərimov 170 min ABŞ dollar məbləğində vəsaiti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanova rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunması üçün verdiyini bildirib. S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nin Aparat rəhbəri vəzifəsindən azad edilib. Barəsində cinayət işi açılan sabiq aparat rəhbəri müəmmalı surətdə ölkəni tərk edib. Elə bu səbəbdən də onunla bağlı başlamış istintaq işinin icraatı dayandırılıb.

Bəs məsələdə H.Hüseynovanın adı necə hallanır? E.Kərimov deyib ki, H.Hüseynova onu atasının yubileyinə dəvət edib: “4 il bundan əvvəl Hicran Hüseynova məni atasının yubileyinə dəvətnamə ilə dəvət edib. Həmin tədbirdə Hicran xanım qarşıma gələrək, mənimlə şəxsən görüşüb. O, hətta məndən məclisdə harda oturduğumu da soruşdu. Həmin tədbirdən video görüntülər də var. Bu il yanvarın 16-da Səfər İmanovla görüşdük. O, mənə qəbz verdi. Qəbzdə göstərilmişdi ki, “mən Səfərov İman Bəbir oğlu, pasportumun seriyasını qeyd etmişəm. 2012-ci ildə Eynur Kərimovdan Hicran Hüseynovanın vasitəsi ilə işə düzəltmək məqsədi ilə 170 min ABŞ dolları aldım. Bu pulun qaytarılmasını öz öhdəliyimə götürürəm. İmzamla təsdiqləyirəm”.
E.Kərimov həmin qəbzi prokurorluğa təqdim etdiyini deyib: “Ötən il oktyabr ayının 22-də Hicran xanımın qəbulunda olmuşam. Mənim iki ali təhsilim var. Heç bir məhbusluq həyatı yaşamamışam. Həmçinin, heç bir hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də saxlanılmamışam. Yəni dələduzluq etmək kimi bir məqsədim yoxdur ola da bilməz”.

Göründüyü kimi, ortada kifayət qədər ciddi ittiham var. Lakin ölkənin gündəmini aylarla zəbt edən rüşvət qalmaqalı nədənsə xanım komitə sədrinə təsirsiz ötüşüb. H.Hüseynova barəsində nəinki hər hansı məsuliyyət tədbiri görülüb, heç o vəzifəsindən də alınmayıb. Bunun səbəbləri haqda tərəfdar.az-da müəyyən informasiyalar var, onların dəqiqləşdirilməsi istiqamətində araşdırmalar aparılır, yaxın günlərdə daha geniş məlumatlar təqdim ediləcək. Hələlik isə adının çəkilməsini istəməyən hüquqşünasın fikirlərini təqdim edirik: “Əslində, H.Hüseynova sabiq aparat rəhbərinə cinayət işi açılan kimi vəzifəsindən azad olunmalı, onun barəsində ölkədən gedişə qadağa qərarı çıxarılmalı idi. Çünki xanım komitə sədri ən azı ona həvalə edilən vəzifənin öhdəsindən gələ bilməyib, tabeliyində olan ”rəhbər vəzifəli şəxsin hərəkətlərinə ya göz yumub, ya da xəbərsiz olub. Hələ mən onun adının qalmaqalda birbaşa hallanmasını demirəm”.

P.S. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
Tarix: 13-01-2017, 07:27
Xəbəri paylaş





Xəbər lenti