İqtisadçı professordan prezidentin çıxışı ilə bağlı önəmli açıqlamalar
Əli Əlirzayev: “Biri deyirsə ki, ölkədə yoxsulluq yoxdur, onun yalan danışdığını hamı bilir”Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında ölkə iqtisadiyyatı barədə səsləndirdiyi fikirlər günlərdir gündəmdən düşmür. Ölkə başçısı ötən il dünyada cərəyan edən böhranın ölkəmizə təsirinin olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib. Dövlət başçısının ən çox müzakirələrə səbəb olan açıqlamaları bəzi iqtisadçılarla bağlı olub. Onların iqtisadiyyatla bağlı dediklərini sərt tənqid edən İ.Əliyev qeyd edib ki, “iki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”.
YAP-ın qurucularından olan sabiq deputat, iqtisadçı professor Əli Əlirzayev “Yeni Müsavat”a açıqlamasında dövlət başçısının dediklərinin sadə məsələ olmadığını qeyd etdi: “Burada əsas söhbət ölkə iqtisadiyyatının inkişafı ilə bağlıdır. İqtisadiyyatın dayanıqlığı, onu xarici təsirlərdən qorumaq, ölkədə sabitliyi saxlamaq strategiyası var. Ölkə başçısı yaxşı bilir ki, bunları etməyin özü böyük işdir. Bunlar müxtəlif çətinliklərlə üzləşir. Bununla bağlı dövlət başçısının narahatlığı var. Cənab prezident müşavirədə problemləri qoydu və həll yollarından danışdı. Alimlər olaraq bizlər də mövcud durumdan çox narahatıq. Hətta məndən bəzən soruşurlar ki, biz hara gedirik? Mən də təcrübəmdən çıxış edərək fikirlərimi deyirəm ki, belə hallarda nə ola bilər. Bu məsələlər hər birimizi dərindən düşündürməlidir. Çıxış yolları üçün uzunmüddətli strategiya olmalıdır. Əhalinin rifahı ən ali məsələdir. Sahibkarlığın inkişafını dillə demək yox, əməllə həyata keçirmək lazımdır. Kiçik sahibkarlığın inkişafına çox böyük ehtiyac var. Biz 10 il bundan sonrakı prosesləri indidən görməliyik. İqtisadiyyat çox mürəkkəb məsələdir. Burada hər bir kəsin öz marağı var. Keyfiyyət baxımından biz dəyişmələri görməliyik”.
Ə.Əlirzayev dövlət başçısının bəzi iqtisadçılar barədə dediklərinə də toxundu: “Prezident prezidentdir, ondan yüksəkdə duran ikinci bir şəxs yoxdur. Doğrudur, iqtisadçıların hamısı da eyni deyil. Elələri var ki, danışmaq xatirinə danışırlar. Bunun özü mənfi haldır. Tərifləməyin özü də yaxşı hal deyil. Dövlətçiliyə heç kəs zidd getməməlidir. Bizlər bu dövlətçiliyin hesabına bu yerə qədər gəlib çıxmışıq. Hamımız çalışmalıyıq ki, həm dövlətimizin, həm xalqımızın, həm də öz maraqlarımızı qoruyaq. Bir iqtisadçı qərəzli deyilsə, nə cür danışmağının əhəmiyyəti yoxdur. Amma biri qərəzlidirsə, bu tərzdə də danışırsa, bunun tam əleyhinəyəm. Hesab edirəm ki, real danışmaq lazımdır.
Problemlərin olduğunu hamımız bilirik. Biri deyirsə ki, ölkədə yoxsulluq yoxdur, onun yalan danışdığını hamı bilir. Çünki yoxsulluq yoxdursa, o zaman bunun azaldılması ilə bağlı niyə proqramlar həyata keçirilir? Məsələlər çox fərqlidir. Ətraf da deyilənləri müsbət qiymətləndirməlidir. Bu gün mən dediklərimi prezidentə kömək məqsədilə dilə gətirirəm, onu çox istəyirəm. Bəzi qurumlar var ki, müəyyən dairələrdən maliyyələşirlər. Əgər onlar tənqidi fikirlərini söyləməsələr, maliyyələri kəsiləcək. Ona görə də daim tənqidi danışırlar. Əgər dövlətin hesabına ucalan, müəyyən mərtəbəyə çatan bir alim iqtisadiyyatla bağlı bəzi fikirlər səsləndirirsə, bunları dövlətin ziyanına demir, prezidenti istədiyindən deyir. Bu baxımdan məsələlərə real yanaşmaq olduqca vacibdir”.Cavanşir ABBASLI
Tarix: 14-01-2017, 08:56