Ruslan Nəsirli
AXCP Gənclər Komitəsinin Məclis sədri
İnsan üçün çox uzun, tarix üçün çox kiçik bir zaman kəsiyi – 100 il. Gələn il Cümhuriyyətimizin 100 ili tamam olacaq. Suallarla başlayaq: Necə başladıq? Nələri bacardıq? Nələri bacarmadıq? İndi hardayıq? Necə olacaq? Necə olmalıdır?
Necə başladıq?İllərdir Rusiya çarlığının tərkibindəydik. Dünyanın qarışıq dönəmi idi. Birdən-birə millətin bağrından qopmuş bir qrup güclü aydın səhnəyə çıxdı. Onlar o qədər güclü idilər ki, çoxluğu oxuma-yazma bilməyən inasanlarımızla birlikdə bir Azərbaycan dövləti ideyasını irəli sürüb, qısa zamanda gerçəkləşdirdilər. Yoxdan bir bayraq, bir dövlət yaratdılar. Üçrəngli bayraq dalğalanırdı Azərbaycanın başı üzərində. O bayraq ki, qırmızısı yüz minlərlə şəhidin qanı idi. Bayrağın üzərindəki qan qurumadan düşmən yenidən hücuma keçdi. İmkan vermədilər. İyirmi üç ay çəkdi bu səadət. Növbəti dəfə komunizmin işğalına məruz qaldıq.
Nələri bacardıq?Yetmiş il qaranlıqlar Azərbaycana hökm etsə də, xalqımız o aydınların işığının sönməsinə imkan vermədi. İnsanlar qəlbinin ən dərin küncündə, ən ülvi hisslərlə qoruyurdu o işıqlı ideyanı. Azad və firavan Azərbaycan! Millətin canına hopmuş bu ideya, yaddaşlardan silinməmiş o üç rəngli bayraq 1988-ci ildə yenidən gəldi meydana. Geri aldıq Azərbaycanı. Yenə ilk günkü kimiydi bayrağın qırmızı rəngi. Bacardıq!Müstəqilliyimizi elən etdik. Növbəti il milli hökumətimizi qurduq. Şəhidlərimizlə, fədakarlıqla, mərhumiyyətlərlə bacarmışdıq bunu.
Nələri bacarmadıq?Bir anlıq qəflət büdrətdi qos-qoca xalqı. Axıradək bacarmadıq! Qoruya bilmədik öz içimizdən çıxan aydınları. Qaranlıqlar yenə gəldi. Düşmənlər gətirdilər o müqəddəs dövlətin başına öz xidmətkarlarını. Bununla ürəkləri soyumadı, Qarabağ yarası da açdılar.
İndi hardayıq?Nəticədə iyirmi dörd ildir ki, zülm hökm sahibidir Azərbaycanda. İllərdir şüurlu şəkildə Azərbaycan xalqını məhvetmə siyasəti aparırlar. Dövlətin bütün sütunlarını məhv ediblər. Ölkədə təhsilsizlik ürək parçalayır. Səhiyyəmiz şəfa yerinə ölüm saçır. Ordu içindəki korrupsiya və dərəbəylik hərbçilərimizi öldürür, ağır sosial vəziyyət mülki insanlarımızı. Düşmənlə cəbhədə şəhid olanlardan çox intihar edənlərimiz var. Hələ rəsmi məlumata görə, təkcə 2 miliyon insandan çox iş üçün ölkəni tərk edib. Ölkədə qalanlar da səfalət içərisində sanki batağlıqda tərk edilib. İyirmi dörd il ərzində dövələtin bütün strukturlarını dağıdıblar. Nə iqtisadiyyat qalıb, nə siyasət. Yalnız polis dəyənəyi ilə qorunan kleptokratiya…
Necə olacaq?Bu cür də davam edəcək. Zorbalıq daha da artacaq. Televiziyalar daha çox yalan danışacaq. Aclıq-səfalət daha çox artacaq. Ölkədə onsuz da yox olan orta təbəqə tamilə qeybə çəkiləcək. Yaşanılmaz bir ölkə daha da yaşanılmaz yerə gəlib çatacaq. Pisin ən pisi. Amma…
Susanna Tamaronun bu yaxınlarda oxuduğum “Ürəyinin çağırdığı yerə get” kitabında belə bir abzas var: “Hər zaman yaranan ən qorxulu səhv nədir, bilirsənmi? Həyatın dəyişməz olduğunu sanmaq, qatarın rels dəyişdirmədən sonsuza qədər gedəcəyini düşünmək. Hallbuki, tale yazısı bizim düşündüyümüzdən daha rənglidir. Artıq çıxış yolunun qalmadığını sandığın bir vəziyyətdə, ümidsizliyin zirvəyə çatanda ruzigar sürətiylə hər şey dəyişir, yerlə-yeksan olur və bir anda özünü yeni bir aləmdə görürsən”.
Bəli, dostlar! Biz bu gün bilirik ki, ölkə belə idarə olunmamalıdır. Bəs necə idarə edilməlidir, bunu da bilirikmi?
Necə olmalıdır?Ədalətli cəmiyyət, ləyaqətli bir həyat. Hamının fikirinə hörmətlə yanaşılan ölkə. Vətəndaşın sosial təminatını verən bir dövlət. Xalqının mənafeyini hər şeydən üstün tutan hökumətlər. Polisinin insanlarını döydüyü yox, qoruduğu bir ölkə. İnsanların bir-birinə həsəd, qəzəb və nifrətlə baxmadığı, mərhəmət və qayğı ilə yanaşdığı bir məmləkət. Yaşamaq eşqilə cəzb edən sevgili bir yurd. Təsəvvür edin, dostlar! Təsəvvürünüzdə canlandıra bilsəniz, ümüd alovlanacaq. Bax o zaman hər şey ruzigar sürətiylə dəyişəcək, pisliklər yerlə-yeksan olacaq və bir anda özünüzü yeni bir aləmdə görəcəksiniz…
Tarix: 12-02-2017, 20:36